Osman Gündüz: “AQTA prezidentə məhəl qoymur”

Osman Gündüz: “AQTA prezidentə məhəl qoymur” Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Qida Təhlükəsizliyi Agentliyini tənqid edib. PReportyor.info xəbər verir ki, o, “Qida məhsulları sahəsində problemlə rastlaşan vətəndaş Qida Təhlükəsizliyi Agentliyinə necə müraciət edə bilər?” sualı ətrafında araşdırma aparıb.

“Qida Təhlükəsizliyi Agentliyinin elektron və mobil xidmətlərinin siyahısına nəzər salıram. Kasıbçılıqdır. Əsasən biznesə yönəlik xidmətlər üstünlük təşkil edir. Tutaq ki vətəndaş qida məhsulları sahəsində, baytarlıq və fitosanitar sahədə, zəhərlənmə və viruslarla bağlı problemlə üzləşdi, bu halda nə etməlidir?

Agentlik istehlakçıların hüquqlarını qorumaq üçün, bu sahədə vətəndaşların da dəstəyindən istifadə etmək, ictimai nəzarəti gerçəkləşdirmək üçün hansı imkanları yaradıb?

Problemlə üzləşən vətəndaşın dərhal telefonu vasitəsilə bunun videosunu və ya şəklini çəkib dövlət nəzarətini həyata keçirən quruma göndərmək imkanı varmı? Saytlarından görsənir ki, hələlik Agentlik tərəfindən belə bir effektiv imkanlar yaradılmayıb” – deyə ekspert vurğulayıb.

O.Gündüzün sözlərinə görə, dövlət başçısı da son zamanlar bütün çıxışlarında ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayır. Ekspert deyir ki, prezidentin bu çağırışlarından sonra gərək dövlət qurumları ictimai nəzarət üçün daha effektiv, əlçatan və rəqəmsal imkanlar yaratsınlar:

“Fikrimcə, qida sektorunda problemləri ictimailəşdirmək və aradan qaldırmaq üçün Agentliyin vətəndaşların dəstəyinə də ciddi ehtiyacı var. Qloballaşan dünyada hər gün artan problemlər, kütləvi epidemiyalar vətəndaş cəmiyyəti üçün də yeni çağırışlar edir.

Düşünürəm ki, qida sektorunda baş verən problemlərin həllini yalnız dövlət nəzarətini gerçəkləşdirən Agentlikdən gözləmək də doğru olmazdı. Agentlik təkcə dövlət resurslarına arxayın olmamalıdır, medianın və vətəndaş cəmiyyətinin gücündən istifadə etməlidir.

Bu baxımdan Qida Təhlükəsizliyi Agentliyinin qeyd olunan sahə üzrə ictimai nəzarəti gerçəkləşdirmək üçün, problemləri ictimailəşdirmək üçün bir mobil tətbiq yaratması da çox faydalı olardı. Bəzi dövlət qurumlarında, məsələn, ASAN, Ekologiya Nazirliyi, Miqrasiya Xidməti və s qurumlarda bu tip resurslar və həllər yaradılıb.

Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyinin tez bir zamanda bu sektorda olan problemləri ictimailəşdirmək, bu sahədə maarifçilik işlərini genişləndirmək üçün QİDA mobil tətbiqini hazırlaması çox vacibdir. Bu mobil həlldə məlumat göndərənin anonimliyi qorunmaqla məhdud həcmdə multimedia materiallar göndərilməsi imkanları da yaradılmalıdır”.
Geri qayıt