Prezident: "Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi"

Prezident: "Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi" Bilirsiniz, Xoşbəxt müəllimlə biz 25 ildir ki, bir-birimizi tanıyırıq. Bütün dövrlərdə bizim çox sıx səmimi yoldaşlıq münasibətlərimiz olubdur”.

Bunu Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, onlar yol yoldaşı olub və 1994-cü ilin yay aylarında “Əsrin kontraktı”nın hazırlanması üçün son danışıqlar prosesində iştirak ediblər: “Amerikanın Hyuston şəhərində bir aydan çox qalmışdıq. Danışıqlar çox gərgin keçirdi, bir çox problemlər var idi. Hər iki tərəf istəyirdi ki, özü üçün ən məqbul şərtləri əldə etsin. Nəticə etibarilə biz hesab edirəm ki, çox məqbul kompromisə gələrək, Azərbaycan üçün ən gözəl şərtləri əldə etdik. O şərtlər bugünkü pay bölgüsündə öz əksini tapıb. Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır. Baxmayaraq ki, Azərbaycan yatağın işlənməsinə vəsait qoymayıb. O vaxt biz müqaviləyə belə bir maddə saldıq ki, vaxt keçdikcə işləyən insanların ən azı 90 faizi Azərbaycan vətəndaşları olmalıdır, buna da nail olduq. Bu da kadr hazırlığı deməkdir. Bu gün yaxşı təlim keçmiş kadrlar müxtəlif ölkələrdə işləyirlər, bizdə işləyirlər. Ona görə unudulmaz Hyuston mərhələsi, əlbəttə ki, çox önəmli idi. Çünki biz qayıdandan sonra bir ay keçməmiş kontrakt imzalandı və beləliklə, inkişafımızın yeni səhifəsi açıldı. O vaxt biz bir ailə kimi idik. Yadınızdadır, biz “Apart” otelində qalırdıq, orada mətbəx var idi. Yumşaq desək, otelin yeməklərindən bir qədər yorulmuşduq. Ona görə Mehriban xanımdan xahiş edirdik bizə yemək bişirirdi, qonaq edirdi. Bu, unudulmaz günlərdir və biz bu günləri həmişə xatırlayırıq. Onu da bildirməliyəm ki, Xoşbəxt müəllimlə biz Dövlət Neft Şirkətində qonşu olmuşuq, qapımız bir-birinin yanında idi. İkimizin bir qəbul otağımız var idi və hər gün görüşürdük. Mən bir çox şeyləri Xoşbəxt müəllimdən öyrəndim. Hələ o vaxt Neft Şirkətində işlədiyim dövrdə və ondan sonra bir çox hallarda görürdüm ki, Xoşbəxt müəllim nə qədər bilikli adamdır. Onu da bilirdim ki, ulu öndər Heydər Əliyev Xoşbəxt müəllimə, onun sözünə çox inanırdı. Yəni, onun sözü mütləq həqiqət hesab olunurdu və bir çox hallarda bu, təsdiq edilmişdir”.
Geri qayıt