Fəzail Ağamalının müavini partiyanın və sədrin qərarına tabe olmur - QALMAQAL

Fəzail Ağamalının müavini partiyanın və sədrin qərarına tabe olmur - QALMAQAL Bir müddət əvvəl Ana Vətən Partiyasının sıralarına qoşulan və partiya sədri Fəzail Ağamalının özünə müavin təyin etdiyi sabiq Maliyyə naziri Fikrət Yusifov təmsil olunduğu siyasi təşkilatın qərarına hörmətsizlik edib.

Reyting.az xəbər verir ki, Ana Vətən Partiyası (AVP) Fikrət Yusifovun Sumqayıt 41 saylı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürsə də, o, partiyanın qərarına tabe olmayıb.

F. Yusifov bildirib ki, AVP-nin bütün respublika üzrə müxtəlif seçki dairələrindən irəli sürdüyü namizədlərin ümumi sayı 60-dan çox olub: “Bildiyim qədər onlardan cəmisi 10 nəfəri qeydiyyatdan keçib. Mənim namizədliyimin həmin siyahı ilə verilməsi də daha çox AVP rəhbərliyinin təşəbbüsü idi. Ancaq mən namizədliyimin qeydiyyata alınmasını istəmədim və bununla bağlı 41 saylı Seçki Dairəsinin rəhbərinə məlumat verdim. İndi kimsə yazır ki, mən namizədliyimi geri götürmüşəm. Axı imza vərəqələri götürmədən, qeydiyyata düşmədən necə namizəd ola bilərdim?”

Sabiq nazirin sözlərinə görə, əgər seçkidə iştirak etmək istəsəydi, heç kimin qarşısından geri çəkilməzdi:

"Bundan öncəki seçkilərdə də iştirak etmək şanslarım olub. Lakin səbəbini izah edə bilməsəm də, ən böyük həqiqət budur ki, parlament auditoriyası məni heç vaxt özünə cəlb etməyib. Yəqin ki, belə əhval-ruhiyyənin formalaşmasında, vaxtilə ölkənin Maliyyə naziri kimi parlament qarşısında dəfələrlə dövlət büdcəsini müdafiə etməyimin də rolu böyükdür. Bir sözlə, bu auditoriyanın öz həvəskarları var. Mən oranın həvəskarı deyiləm”.

Sabiq nazir əlavə edib ki, Milli Məclisdə oturub seçicisi üçün heç nə edə bilməyəcək həvəskarların parlamentə nə üçün can atdıqlarını anlaya bilmir.

F. Yusifov bildirib ki, mətbuatda əsassız olaraq yazırlar ki, deputatlığa namizədliyimi kiminsə xeyrinə geri götürmüşəm: “Bu yazıların müəlliflərinə bildirirəm ki, sensasiya axtarışında olmasınlar. Mən hər gün mətbuatla işləyirəm. Bu suala cavab axtaranlar, əgər bu barədə məndən soruşsaydılar, özüm hər şeyə aydınlıq gətirərdim".
Geri qayıt