MƏKTƏB DİREKTORU NAZİR MÜAVİNİNİ NECƏ NİŞANGAHDA SAXLAYIR

MƏKTƏB DİREKTORU NAZİR MÜAVİNİNİ NECƏ NİŞANGAHDA SAXLAYIR Məktəblərdə neqativ hallar hələ də davam etməkdədir. Bir insan başqalarının yanında qaydaları pozursa, qarşısındakına "qaydalara əməl et" tələbini qoya bilməz. Bəlkə də bu gün məktəblərdə keyfiyyət göstəricilərinin aşağı olmasının, valideynlərin məktəbdən uzaq, incik düşməsinin əsas səbəblərindən biri bu cür neqativ halların olmasıdır. Təhsil naziri Ceyhun Bayramov müəllimlərin sentyabr konfransında açıqladı ki, neçə direktorun işi hüquq-mühafizə orqanlarına göndərilib. Hələ də işi məhkəmələrdə olan neçə məktəb direktoru var. Dünyada texnologiya sürətlə inkişaf edir və bu yeniliklər özünü birbaşa təhsildə biruzə verir. Bütün bunları qoyub hələ də neqativ hallarla mübarizə aparırıq”.

Bu sözləri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva hələ oktyabrın 15-də "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda dilə gətirmişdi. Bu günlərdə redaksiyamıza daxil olmuş məlumata inansaq, belə nəticə çıxarmaq olar ki, Məhəbbət müəllimənin bu sözləri ilk növbədə onun özünə aiddir. Məsələn, Məhəbbət Vəliyeva paytaxtdakı 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənovadan tələb edə bilməz ki, "qaydalara əməl et". Əlbəttə, söhbət qanunla düz mütənasib olan qaydalardan gedir. Məsələnin kökü isə bir qədər əvvələ - Məhəbbət xanımın yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini daşıdığı dövrə gedib çıxır. Bu barədə bir az sonra...

Rəsmi statistikaya görə, 2019-2020-ci tədris ilinin on bir ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barələrində intizam tənbehi tədbiri tətbiq edilib, 3 məktəb direktoru və 2 direktor müavininə isə xəbərdarlıq edilib. Yeni tədris ilində Bakıdakı 10 məktəbin direktoru ilə (93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116) əmək müqaviləsinə xitam verilib. 13 məktəb direktorunun iş yeri dəyişdirilib. 4 direktorla (192, 71, 162, 123) bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və s.) ləğv edilib.

Amma əlbəttə, Nazirliyin kadr siyasətində "əsən yellər" Firəngiz Həsənovadan yan keçib. Redaksiyamızı məlumatlandıran etibarlı mənbə bunun səbəbini məktəb direktorunun nazir müavini ilə rəfiqə olması ilə əlaqələndirir. Məlumata görə, direktor məktəbdə yürütdüyü korrupsiya siyasətinə qarşı çıxmağa çalışan hər kəsə açıq deməkdən çəkinmir ki, Məhəbbət Vəliyeva hər vəchlə onu qoruyacaq, o üzdən heç kəsdən qorxusu yoxdur. Mənbə vaxtilə "rəfiqələr" barədə KİV-də yayılmış bir informasiyanı da xatırladıb. Doğrudan da həmin informasiya hələ də bəzi internet resurslarında qalmaqdadır: "Firəngiz Həsənova Məhəbbət Vəliyevaya Bakı şəhər Təhsil İdarəsinin müdiri təyin olunanda ona 20 min manatlıq brilyantla bəzədilmiş qızıl saat hədiyyə edib". Rəfiqələr bu informasiyanı hələ rəsmən təkzib etməyiblər, nə də məhkəmə qaydasında saytlardan çıxarılmasına cəhd etməyiblər. Amma gəlin razılaşaq ki, bu heç də üstündən sükutla keçiləsi, əhəmiyyət verilməyəsi məsələ deyil. Yəqin, elə buna görədir, Firəngiz Həsənova bu təhsil ocağını 15 ilə yaxındır ki, özünün şəxsi biznes obyektinə çevirib və topladığı haram kapital hesabına ölçüyəgəlməz var-dövlətə sahib olub.

Cia.az-a istinadla bildiririk ki, mənbənin verdiyi məlumata görə, direktor çox "mədəni" surətdə, nəzakətlə imkanlı valideynləri "məktəbin maliyyə baxımından idarə olunmasında iştiraka" dəvət edir. Həmin imkanlı valideynlərin müəyyənləşdirilməsi və siyahısının tutulması ilə direktorun təsərrüfat işləri üzrə müavini olan qaynı Rahib Cəfərov məşğul olur. Gözəl diksiyaya, məlahətli səsə malik olan xanım direktor həmin sahibkar, yaxud, məmur olan valideynlərə zəng vuraraq, zəmanədən, müəllimlərin məvacibinin azlığından gileylənir, nəticədə məqsədinə - hərədən 50-100 manat "ianə" qoparmağa nail olur. Bildirilir ki, Firəngiz müəllimənin ən çox istinad etdiyi söz təhsilimizin böyük qayğıkeşi olmuş Ümummilli lider Heydər Əliyevin "cəmiyyət nədən olur-olsun, haradan olur-olsun, kəsib təhsilə, məktəbə xərcləməılidir" fikridir. Bəli, Ulu öndərimizin bu fikri ilə biz də şərikik. Amma bu xərclər və xərc mənbələri şəffaf olmalıdır.

F.Həsənovanın gəlirlərini formalaşdıran əsas mənbələrdən biri məktəbin müəllimlərinin əksəriyyətinə dərs saatlarını çox yazaraq əlavə pullar götürməsidir. İnformatorumuz bildirir ki, 53 saylı orta məktəbdə 60-a yaxın müəllimə artıq dərs saatları yazılıb. O da qeyd olunur ki, F.Həsənova qaynının əli ilə məktəbin sinif otaqlarını repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərə aylıq icarəyə verib. Bundan əlavə, yuxarı siniflərdə oxuyan xeyli sayda şagirdin ancaq adları dərs jurnallarında getsə də, dərslərdə iştirak etmir, ya hazırlıq kurslarına, ya da özəl müəllim yanına gedirlər. Məlumata görə, bu qəbildən olan şagirdlər belə imtiyaza direktora ödədikləri 150 manat aylıq haqq hesabına yiyələnirlər.

Ehtimal var ki, F.Həsənova "brilyant məsələsi" barədə informasiyanın elektron KİV-dən silinməməsində, necə deyərlər, "əlçatan yerdə" olmasında maraqlıdır. Ən azından yarı zarafat, yarı gerçək kiməsə, kimlərəsə Məhəbbət Vəliyevanın ona borclu olduğunu xatırlada bilər. Necə ki, xatırladır da. İnanan inanacaq, inanmayan, məsuliyyət tələb edən də əgər "sözün başına ip atarsa", zarafata salıb deyə bilər ki, bunu mən demirəm, saytlar yazır. Bu yolla da məktəb direktoru nazir müavinini nişangahda, təzyiq altında saxlamağa çalışır.

Bu yerdə xatırlatmağa dəyər ki, Prezident İlham Əliyevin qətiyyətlə ortaya qoyduğu islahatlar cəmiyyət həyatının bütün sferalarını, o cümlədən, təhsili də əhatə edir. İnanırıq ki, çox keçmədən, F.Həsənovun qol qoduğu korrupsiya və maxinasiyalar araşdırılacaq, hansı vəsaitlə özünə dəbdəbəli ev, bahalı maşın alması müəyənləşçdiriləcək. Habelə, yürütdüü nepotizm (qohumbazlıq) siyasətinə də işıq tutulacaq - oğlunun vaxtilə tələbə qıza qarşı nalayiq hərəkətləri, Neft Şirkətində işləyən həyat yoldaşının hansı hadisəni ört - basdır etməsinə adınlıq gətiriləcək. Hərçənd, son qeyd etdiklərimiz əlahiddə söhbətin mövzusudur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Cia.az
Geri qayıt