Daha 3 rayonun icra başçısı ilə bağlı yoxlama başladı - İDDİA

Daha 3 rayonun icra başçısı ilə bağlı yoxlama başladı - İDDİA Ağstafa və Yevlaxın icra başçıları Nizaməddin Quliyev və Qoca Səmədovun həbsindən sonra əksər rayon rəhbərləri narahatlıq keçirməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin rayonların rəhbərləri prosesin onlara da gəlib çata biləcəyindən əndişəlidirlər.

Bir çoxları isə o fikirdədir ki, məsələ elə iki icra başçısı ilə bitəcək. Amma deyəsən, durum bir qədər fərqli şəkil almağa başlayıb. Belə ki, Maliyyə Nazirliyi və Hesablama Palatası bu gündən etibarən daha 3 rayonda yoxlamalara başlayıb. JAMAZ.İNFO-ya verilən məlumata görə, həmin rayonlardan ikisinin rəhbərləri bir müddət əvvəl dəyişdirilib. Digərinin isə hazırda vəzifə başında olduğu vurğulanır.

Məlumatda deyilir ki, sözügedən qurumlar apardıqları yoxlamalardan sonra rəylərini hazırlayacaqlar. Məlumatı verən mənbə qeyd edir ki, yoxlamalardan ciddi qanun pozuntularının ortaya çıxacağı istisna edilmir. Elə yoxlamalara da məhz əldə olan bəzi məlumatlara əsasən başlanıldığı iddia edilir. Və bundan sonra görüləcək tədbirlərlə bağlı qərar veriləcək. Həmin qərarın nədən ibarət olacağı isə hələlik bəlli deyil.

Güman edilir ki, yoxlama aparılan qurumlardan biri Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Digərləri isə Masallı və Xətai rayon İcra Hakimiyyətləri ola bilər. Qeyd edək ki, Masallı və Xətai rayonlarının icra başçıları yeni dəyişdirilib.

Məsələ ilə bağlı dəqiqləşdirmələrimiz davam edir.
Geri qayıt