"Lal deputat” iki jurnalisti dilə gətirdi, Sabir Hacıyevin namizədliyi etirazla qarşılandı - TƏFƏRRÜAT

"Lal deputat” iki jurnalisti dilə gətirdi, Sabir Hacıyevin namizədliyi etirazla qarşılandı - TƏFƏRRÜAT buraxılmış Milli Məclisin "lal deputat”larının növbədənkənar parlament seçkilərinə qatılması birmənalı qarşılanmır. Qeyd edək ki, Milli Məclis məhz həmin deputatların fəaliyyətsizliyi, günün tələblərinə adekvat reaksiya verə bilməməsi səbəbindən buraxılmış və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkiləri təyin edilmişdir.



Belə olan halda "lal deputat”ların namizədliklərini yenidən irəli sürməsi haqlı qıcıq və etirazlar doğurur.Sfera.az bildirir ki, namizədliyi qıcıq doğurmuş belə şəxslərdən biri də Sabir Hacıyevdir. Tanınmış jurnalistlər Cavanşir Həsənli və Ozal Məmmədovun sosial şəbəkələrdə paylaşdıqları məhz bu baxımdan diqqət çəkir. Hər iki jurnalistin paylaşımlarını diqqətinizə təqdim edirik.



Ozal Məmmədov sabiq deputatın fəaliyyətsizliyini qabardaraq onun yenidən namizədliyini irəli sürməsini ictimai rəyə hörmətsizlik kimi dəyərləndirib:





"Dostlar! Vətəndaş, seçici, jurnalist olaraq qarşıdan gələn növbədənkənar parlament seçkilərilə bağlı düşüncələrimi ictimailəşdirmək qərarına gəlmişəm!



Yoxsa, bəzi namizədlər deyəsən elə düşünür ki, kim olduqlarını hər kəsdən gizlədərək növbəti dəfə mandat əldə edəcəklər...



Bu gündən etibarən ictimai rəydə mənfi reputasiya qazanmış keçmiş deputatlar, eləcə də deputatlıq eşqinə təzə düşənlərlə bağlı faktları diqqətinizə çatdıracam.



Beləliklə qarşılayın, ilk hədəfimiz "lal deputatlar” sinfinə aid olan Sabir Hacıyevdir.



Xatırladım ki, Sabir Hacıyev Göyçay rayon 88-ci seçki dairəsindən deputatlığa namizəddir. Buna qədər isə ona artıq 3 dəfə deputat olmaq qismət olmuşdur.



1. Bir neçə göyçaylı dostuma zəng edərək Sabir Hacıyevi tanıyıb-tanımadıqları ilə maraqlandım. Onlardan ikisi deputatlığa namizədi mərhum muğam ustası Sabir Mirzəyevlə səhv saldı və 3 dönəm deputatları olmuş adamı tanımadılar.



2. Wikipedia-da haqqında informasiya tapmaq istədim. Yəqin heç Afrikada da belə deputat olmaz ki, Wikipediada haqqında ancaq adı və soyadı çıxsın.



3. Google üzərindən axtarış etdim. Sabir bəyin sədri olduğu Vətəndaş Birliyi Partiyasının fəaliyyəti haqqında heç bir məlumat yox idi.





4. Ancaq insafən, Sabir Hacıyevi soruşduğum dostlardan biri tanıdı. O da necə tanısa yaxşıdır? Sən demə, SPA salonuna gedirmiş və orada hovuzda rastlaşıblarmış.





5. Övladları və özü dəbdəbəli həyat tərzi keçirir və adətən vaxtını qudasının Nitsadakı villasında keçirir.





6. Göyçaya ildə 1 dəfə turist kimi Nar Bayramına gedir. Deyirlər, ora da milyarder Fərhad Əhmədovla münasibətini isti saxlamaq üçün gedir.





7. Milli Məclisdə, eləcə də hansısa yerli və ya beynəlxalq tədbirdə çıxışını eşidən olmayıb.





8. Deputatı olduğu Göyçayda xeyrə-şərə yaradığını nə eşidən, nə də görən olub.





9.Yuxarıdakı fəaliyyətindən (əslində fəaliyyətsizliyindən) nəticə çıxarmaq əvəzinə, yenidən namizədliyini hamısı kəndlərdən ibarət olan Göyçay rayon 88-ci seçki dairəsindən irəli sürüb.



Yuxarıdakıları nəzərə alaraq Sabir müəllimə bir neçə sualım var:



1. Göyçay kəndlilərinə yazığınız gəlmirmi?



2. Sizcə deputatlığınız Azərbaycandakı islahatları gözdən salmır?





3. Axı Milli Məclis məhz sizin kimi deputatların fəaliyyətsizliyinə, işlərinin öhdəsindən gələ bilmədiyinə görə buraxılmışdı. Belə olan halda yenidən namizəd olmağınıza nə ehtiyac vardı?





4. Ümumiyyətlə, siz də Milli Məclisin buraxılmasına səs vermişdinizmi? Səs vermişdinizsə sizcə, parlament niyə buraxıldı?





5...və sonda: Bəlkə qurtarasınız komediyanı və namizədliyinizi geri götürəsiniz?



Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə sabiq deputatın biznesi və sahibləndiyi varidat haqda məlumat yayıb:



"Uzaq Mərkəzi Amerikadakı Belizedə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da...



Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev bir tərəfdən Karib dənizi, digər tərəfdən qalın cəngəlliklərlə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirəndə 25 yaşı vardı. O zaman Londondakı Regent's Business məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır.



Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizedə qeydiyyatdan keçirdiyi ROSSMORE LTD və FİRSTCİTY LTD (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri paytaxtın Corner Eyre və Huston küçələrinin kəsişməsindəki Blake Building ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin və onun həyat yoldaşının (məşhur işadamı Bəylər Məmmədovun qızı) adı çəkilir.

Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkət təsis olunub.



TİLLCROFT VENTURES L.P. beynəlxalq ticarət və maliyyə şirkətinin (qeydiyyat nömrəsi: SL007408) bu ilin mayında reyestrə daxil edilmiş sənədlərində də Kamal Hacıyevin adı keçir.



Offşor şifkətlər üzərindən Britaniya Krallığında, Edinburqda 2009-cu ilin noyabrın 24-də təsis edilən WESTABBEY CONSULTANTS L.P. (qeydiyyat nömrəsi: SL007506) şirkəti də ticarət və investisiya sahəsində fəaliyyət göstərir.


Həmin il London yaxınlığındakı kiçik Elstree şəhərində daha bir şirkət UNICOAL LLP (qeydiyyat nömrəsi: OC343245) təsis edilib. Sənədlərdə şirkətin hüquqi ünvanı Nicholas Close küçəsi 1 kimi qeyd olunub. Lakin 4 il sonra, yəni 2015-ci il noyabrın 15-də şirkət ləğv edilib. 2012-ci ilin fevralında təqdim edilmiş maliyyə hesabatına görə şirkətin dövriyyəsi 4 milyon 352 min 771 dollar təşkil edib.
Jurnalist Araşdırmaları Beynəlxalq Konsorsiumunun araşdırmasına görə Kamal Hacıyev Maltada daha bir şirkətin təsisçilərindən biridir və direktor vəzifəsini icra edir. LENSTOR ENTERPRISES LTD Maltada 2008-ci il oktyabrın 14-dən SAN GWANN, CAPITAL BUSINESS CENTRE-də (qeydiyyat nömrəsi: C45347) fəaliyyət göstərir. Bu adda daha bir şirkət Türkmənistanda deputatın qudası, işadamı Bəylər Məmmədovun direktorluğu ilə fəaliyyət göstərir. İşadamı ötən ilin noyabrında Londonda da ticarət şirkəti açmışdı. Kamal Hacıyevin həyat yoldaşının da şərik olduğu OC424907 LLP (ilk adı LENSTOR TRADING LLP) bu ilin avqustun 13-də qapadılıb. Cənab Məmmədov Belizedə qeydiyyatdan keçmiş şirkətlər üzərindən Londonda LENSTOR TRADING LLP adı ilə daha bir şirkəti ötən il dekabrın 10-da qeydiyyatdan keçirib. Bu şirkətin təsis olunmasında Bəylər Məmmədovun Dubaydakı MBF GROUP DWC-LLC şirkəti də iştirak edib".

siam.az
"Lal deputat” iki jurnalisti dilə gətirdi, Sabir Hacıyevin namizədliyi etirazla qarşılandı - TƏFƏRRÜAT


Geri qayıt