Parlament 40 faiz yenilənəcək, ucuzluq... - Astroloqdan 2020-ci il üçün şok proqnozlar

Parlament 40 faiz yenilənəcək, ucuzluq... - Astroloqdan 2020-ci il üçün şok proqnozlar 2019-cu ilin son ayınının son günlərini yaşayırıq, qarşıdan insanların ümidlə gözlədiyi 2020-ci il gəlir. Yeni ilin gəlməsini tək ölkədə deyil, dünyanın hər yerində insanlar xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyirlər. Yeni il həm də, yeni başlanğıc deməkdir. Çin təqviminə görə, hər ilin tamamı bir heyvan üzərində qurulur. Geridə qoyacağımız 2019-cu il - “donuz ili” kimlər üçün nikbin, kimlər üçünsə isə bədbin bir il olaraq yadda qaldı.
Qarşılayacağımız 2020-ci il “siçan ili” olacaq. Bəs astroloqlar 2020-ci il haqqında nə düşünür? “Yeni Sabah” xəbər verir ki, bununla bağlı Modern.az tanınmış astroloq, "Qoroskop"qəzetinin baş redaktoru Səbuhi Rəhimlinin proqnozlarını öyrənib:

- Artıq 2019- cu ili yola salırıq. Sizin düşüncənizə görə, “donuz ili” necə yadda qaldı?

- Adətən bu tip suallara cavabım həmişə belə olub: “Yaşadığımız ili kim daha yaxşı yaşayıbsa, o daha yaxşı bilər”. Bundan qabaq “it ili”ndə olduğu kimi, “donuz ili” də sakit illərdən biri kimi yadda qaldı. Hətta məhəlli münaqişələr belə olmadı. Ancaq təəssüf ki, qarşıdakı “siçan ili” haqqında bunları söyləyə bilməyəcəm.

- Onda astanasında olduğumuz “siçan ili”ndə nələr gözlənilir?

- “Siçan ili”ni təhlil etmək üçün o qədər də uzaq keçmişə baş vurmadım. Deməli, 1364-cü ildən bəri hesablayaraq, 2020-ci ilə qədər gəlib çatdım. Yəni vaxtilə “siçan ili”ndə hansı hadisələrin baş verdiyini dəqiq şəkildə analiz etməli idim. Astronomik hesablamalara görə, yanvarın 1-i yalnız təqvim dəyişir.

“Donuz ili” yanvarın 25-də başa çatacaq. Yerini “siçan ili” əvəzləyəcək.

“Siçan ili” də 2020-ci il yanvarın 25-dən başlayıb, 2021-ci il fevralın 11-nə kimi davam edəcək. Yəni 2020-nin 25 yanvarına kimi hələ “donuz ili”nin öhdəsində olacağıq, sakitlik hökm sürəcək.

“Siçan ili” heç də ürəkaçan il olmayacaq. Dövlət çevrilişləri, sui-qəsdlər, müharibələr qarşıdakı ildə daha çox olacaq. Yəni “siçan ili”nin xarakterik xüsusiyyətlərindən biri budur. Bu ilin tarixinə nəzər salsaq, görərik ki, vaxtilə Azərbaycana çox zərbələr vurulub. Ancaq texnologiyanın inkişafı baxımından uğurlu il kimi yadda qalacaq.

Ümumi götürsək, “siçan ili” qarışıq il kimi xarakteriz olunur. Proqnozlaşdırılmayan, yəni ağıla gəlməyən hadisələr baş verəcək. “Siçan ili” ixtişaş və xaoslarla zəngin olacaq. Bir sözlə, çox qarışıq il kimi tarixə düşəcək. Bir məqamı söyləyim ki, “siçan ili” astronomik ilin başlanğıc ili hesab olunur. Yatmış enerjilərin oyanış dövrü “siçan ili”nin əsas xüsusiyyətlərindəndir. İçimizdə olan, hətta özümüzə bəlli olmayan potensialın üzə çıxacağı bir dövr olacaq.

- Bəs “siçan ili”ndə doğulanlara nələr vəd olunur?

- Çin qoroskopuna görə, hər ilin özünün iki dostu var. Siçanın da əsas dostları meymun və əjdaha hesab olunur. Yəni bu dostluq üçbucağında hər üç ili birgə görmək mümkündür.

Rəqibləri isə it, pələng və atdır. Yəni siçanın əsas düşməni atdır. Altı ildən bir bu illər bir-biri ilə düşmən sayılır. Evlənsələr belə, evlilik uzun sürmür. Ona görə Çində 6 yaş fərqi ilə evlilik yasaqdır, buna rəsmi qadağa qoyulub.

Gələn ilin aparıcı planeti isə Saturndur. Saturnun da himayəsində iki bürc var: onlardan biri oğlaq, digəri dolçadır. Bu iki bürc gələn ilin qəhrəmanları hesab olunur. Yəni zaman daha çox bu bürclərin xeyrinə işləyəcək. Məsələn, oğlaq torpaq ünsürü olduğundan, digər torpaq ünsürləri olan buğa və qız bürcünə də sirayət edəcək. Sutökən ünsürlərdən isə əkizlər və tərəzini qeyd etmək istəyirəm. Yəni “siçan ili” torpaq və hava ünsürləri üçün daha şanslı olacaq.

- Amma etiraf edək ki, 2019-cu il Azərbaycanda bəzi səsli-küylü hadisələrlə yadda qaldı. Parlamentin buraxılması, bir sıra məmurların istefası, vəzifədən azad olunmaları və s. 2020-ci ildə Azərbaycan siyasətində nələri proqnozlaşdırısınız?

- Təbii ki, siyasətdə bu kimi halların davam edəcəyinin şahidi olacağıq. Parlament ən azı 40 faiz yenilənəcək. Bu dəfə hədəfdə icra başçıları olacaq.

- Ölkədə hər hansı bir fəlakətin olacağı gözlənilirmi?

- Təbii fəlakətin olacağı gözlənilmir. Çünki indiyə qədər araşdırmalarımın heç birində “siçan ili”ndə bu kimi hallar baş verməyib. Məsələn, “pişik ili” zəlzələ üçün xarakterikdir, “əjdaha ili” daşqınlar ili kimi şərh olunur. Təbii fəlakət astrologiya elmi üçün xarakterik deyil, bu, Allahın əlindədir. Sadəcə, tarixi cəhətdən təhlil etsək, görərik ki, “siçan ili”ndə bu hallara rast gəlinməyib.

- Bəs iqtisadi baxımdan vəziyyət necə olacaq?

- Onu deyim ki, ucuzluq olmayacaq. Əksinə, bahalaşma daha çox hökm sürəcək. Ucuzluğa gedilməyəcək. Hələ ki bu barədə ümidverici sözlər deyə bilməyəcəm.

- “Siçan ili”ndə Dağlıq Qarabağ məsələsinin həlli üçün işıq ucu görünürmü?

- Bir məqamı qeyd edim ki, ermənilər neyləsələr də, o torpaqlar onlara qalmayacaq, bizim olacaq. Ancaq bunun konkret 2020-ci ilə düşəcəyini söyləmək doğru olmaz. Yəni ki, gələn il müharibə gözlənilmir...

- Məşhurlardan kimlərsə sizə gələcək həyatında nələrin olacağını öyrənmək üçün müraciət edibmi?

- Mənim peşəm elədir ki, dövlət başçısından tutmuş, adi vətəndaşa qədər hər kəs müraciət edə bilər. Ancaq təbii ki, onları qəbul edib-etməmək mənim istəyimdən asılı ola bilən bir şeydir. Açığı deyim ki, mən siyasi sifətlərə proqnoz vermirəm. Siyasəti mən əxlaqdan uzaq bir şey kimi sayıram. Siyasət oyundur, qeyri-səmimilikdir. Çünki siyasətdə daimi dostlar olmur, sadəcə, maraqlar olur. Qaldı ki, məşhurlara, ya da tanınmış müğənnilərə - mən müştəri ilə işləmirəm. Özüm kimi xoşlayıramsa, onlarla işləyirəm. Bəli, onların aralarında məşhurlar da var. Ancaq adlarını söyləmək istəmirəm, qoy bu mənim sirrim olsun.
Geri qayıt