DİN Yevlaxda qoşulub qaçan qızla bağlı məlumat yaydı

DİN Yevlaxda qoşulub qaçan qızla bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi Yevlax rayonunda qızın zorla qaçırılması və ailəsindən gizlədilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Rəsmi açıqlamada qeyd olunub ki, səhifələrin birində - “Yevlaxın Rüstəmli kəndində iki gün öncə bir qızı zorla qaçırıblar. Polisə müraciət ediblər, oğlanın qohumu polisdə işləyir deyə işə baxmırlar” – qeyd edilən status həqiqəti əks etdirmir və polisin nüfuzunu ləkələmə məqsədi daşıyır.

Dekabrın 1-də Yevlax rayon Rüstəmli kənd sakini Ə.A. DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək qızının Qaraməmmədli kənd sakini olan bir nəfər tərəfindən qaçırılması barədə şikayət ünvanlayıb. Həmin gün şikayətlə əlaqədar Yevlax RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Aparılmış araşdırmalar nəticəsində dekabrın 2-də həmin qız tapılaraq, onun izahatı alınıb və o zorla deyil, könüllü olaraq həmin şəxslə ailə quracağını bildirib.

Bununla belə, toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yevlax Rayon Prokurorluğuna verilib.
Geri qayıt