Vəli Hüseynov niyə vəzifəsini itirdi? - İLGİNC

Vəli Hüseynov niyə vəzifəsini itirdi? - İLGİNC Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından fakt təsdiqlənib.

“Yeni Müsavat” bildirir ki, Vəli Hüseynov 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində “Xarici maqnit sahəsində lepton prosesləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004-2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib.

60-dan çox elmi əsərin müəllifidir.

Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, “Physical Review D”, “Journal of physics G: Nuclear and Particle physics”, “Yadernaya fizika” kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H.M.Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.

2009-cu ildə Vəli Hüseynov İngiltərənin Kembric şəhərindəki Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən elementar zərrəciklər fizikası və astrofizika sahəsindəki elmi nailiyyətlərinə görə beynəlxalq Eynşteyn mükafatına layiq görülüb.

2010-cu ildə Vəli Hüseynov məsul bir vəzifəyə - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə təyin olunub. Uzun müddət isə sədr əvəzi olub. Ötən ilin martında isə Vəli Hüseynov müvəqqəti işlədiyi sədr əvəzi vəzifəsindən uzaqlaşdırılıb. Bildirilib ki, quruma sədrliyi müvəqqəti icra edən V.Hüseynov quruma rəhbərlik etdiyi dövrdə yol verdiyi ciddi qanunsuzluqara görə işdən kənarlaşdırılıb.

Prezident Administrasiyasının o vaxtkı rəhbəri Ramiz Mehdiyevin humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın iştirak etdiyi toplantıda sədr əvəzi kəskin tənqid olunub. Belə ki, Ramiz Mehdiyev çıxışında keçmiş rəhbərliyin fəaliyyətini kəskin tənqid edib, AAK-nın işində ciddi dönüş yaradılmasının zəruri olduğunu bildirib.

İnternet saytlarında da bunu təsdiq edən xeyli materiallar var. Məsələn, bildirilirdi ki, Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırıb. İddia olunurdu ki, sabiq sədr Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb.

O da iddia olunurdu ki, hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.
“Yeni Müsavat”
Geri qayıt