İntihar edən polkovnikin 3 min manatlıq kredit absurdu - İLGİNC

İntihar edən polkovnikin 3 min manatlıq kredit absurdu - İLGİNC Əmanətlərin Sığortalanması Fondu həbsdə intihar etdiyi bildirilən keçmiş MTN polkovniki, nazirliyin Antiterror İdarəsinin rəis müavini olmuş İlqar Əliyevi məhkəməyə verməsi təəccüblə qarşılanıb. Fond iddia edir ki, İ.Əliyevin “Texnikabank”a ödənilməmiş borcu var. Fondun iddia ərizəsində tələb olunan məbləğin 5 min 626 manat olduğu göstərilir. Bunun 3 min 137 manatı əsas borc, 2 min 62 manatı faiz, 427 manatı cərimədir.

İlqar Əliyevin saxlanılmasından sonra üzərinə həbs qoyulan əmlakının dəyəri az qala 2 milyon manata çatırdı. Belə içkanlara sahib olan şəxsin 3 min manat bankdan kredit alması özlüyündə diqqət çəkir.



Yəni İlqar Əliyevin idarə etdiyi maşının qiyməti bir kənara, onun cari təmir işləri, yanacaq xərcləri az qala bu məbləğin yarısına bərabər olub. Üstəlik İlqar Əliyev və digər MTN-çilərin ittihamları sırasında iş adamlarından böyük məbləğlərin qoparılması ilk sırada dayanırdı.

Bu baxımdan İlqar Əliyevin bankdan 3 min manat kredit alması inandırıcı görünmür.

Düzdür, Nəsimi Rayon Məhkəməsi İlqar Əliyevin 4 il əvvəl vəfat etdiyini əsas gətirərək, göstərilən məbləğin ondan tutulması barədə iddianı icraata götürməyib. Qərarda da göstərilib ki, ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığına görə ona qarşı iddia irəli sürülə, belə iddialara baxıla bilməz. Məhkəmə iş üzrə icraata xitam verib. İddiaçı isə bu qərarla razılaşmır. Hesab edir ki, məhkəmə icraata xitam verməməli, İ.Əliyevin hüquqi varislərini müəyyən etməlidir. O vaxta qədər isə icraat müvəqqəti dayandırıla bilər. Buna görə də qərardan apelyasiya şikayəti verilib, lakin nəticə dəyişməyib. İş Ali Məhkəməyə gəlib çıxıb. Ali Məhkəmə də bugünlərdə qəbul etdiyi qərarla Əmanətlərin Sığortalanması Fonduna tövsiyə edib ki, İlqar Əliyevdən miras qalmış əmlakı qəbul edən vərəsəni (vərəsələri) müəyyənləşdirsin, ona qarşı iddia qaldırsın. Məhkəmə iclaslarında iştirak üçün İlqar Əliyevin yaxınlarına da bildiriş göndərilib. Amma onlar iclasda iştirak etməyiblər.

Xatırladaq ki, İlqar Əliyevin qardaşı İsmayıl Əliyev “Yeni Müsavat”a deyib ki, məhkəmədəki borc iddialarından xəbərsizdirlər. Qardaşının bankdan borc alması ilə bağlı onda heç bir məlumat olmayıb. İsmayıl Əliyev məhkəmədən hər hansı bildiriş almadıqlarını deyib.

“Yeni Müsavat” məsələ ilə bağlı ləğv olunmuş “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevə telefon açıb. Lakin zənglərimiz cavabsız qalıb.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general Elçin Quliyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmlə onun müavini olmuş İlqar Əliyevin özünə və yaxınlarına məxsus əmlakların müsadirə olunması qərarlaşdırılıb.

2015-ci ilin oktyabrında İlqar Əliyev həbs olunarkən onun və yaxınlarının bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Elçin Quliyev haqqında hökm çıxaran hakimlər belə hesab edib ki, onun müavininin üzərində həbs olan əmlakları cinayət yolu ilə əldə olunub, ona görə də müsadirə edilməlidir. İlqar Əliyevin haqqında cinayət işinə isə onun ölümü ilə əlaqədar xitam verilib.

Elçin Quliyev də, İlqar Əliyev də adamları həbslə hədələyib əmlaklarını əlindən almaqda, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, agentura və əməliyyatlara ayrılan pulların mənimsənilməsində və s. günahlandırılırdılar. Hökmlə İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (dəyəri 798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (dəyəri 180 min manat), N.Nərimanov prospektində obyekt (dəyəri 418 min manat), Nabranda 6 sot torpaq (dəyəri 12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (dəyəri 12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (dəyəri 192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (dəyəri 21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (dəyəri 114 min manat), Göyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (dəyəri 7200 manat) olan əmlakaların üzərinə həbs qoyulmuşdu.

Qeyd edək ki, İ.Əliyev 2015-ci ilin oktyabrında MTN-in 20-dən artıq vəzifəlisinin həbsi ilə nəticələnən əməliyyat zamanı saxlanılıb. Həbsindən iki ay sonra, 2015-ci il dekabrın 20-də Bakı İstintaq Təcridxanasındakı kamerasında asılı vəziyyətdə aşkar olunub. Həmin vaxt BİT-də saxlanılan MTN-in generalı Akif Çovdarov vəkili vasitəsilə ictimaiyyətə İlqar Əliyevin döyülməklə öldürülərək asıldığı haqda məlumat verib.
Geri qayıt