Mübariz Mənsimov məhkəmə qərarını icra etmir - 70 min dollarlıq borc

Mübariz Mənsimov məhkəmə qərarını icra etmir - 70 min dollarlıq borc "Xəzər-Lənkəran" futbol klubunun sahibi Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. O, əcnəbi futbolçulara olan borcunu ödəmir.

Musavat.com xəbər verir ki, bu barədə tanımış vəkil Aqil Layıcov öz sosial şəbəkə hesabında yazıb.

Vəkil bildirib ki, bir neçə il əvvəl ləğv edilən “Xəzər-Lənkəran” klubunun bir neçə xarici futbolçuya borcu qalıb.

""Xəzər-Lənkəran" rəhbərliyi bu illər ərzində klubun borclu qaldığı əcnəbi futbolçuların pullarını ödəməyib. Futbolçuların şikayəti gedib Ali İdman Arbitraj Məhkəməsinə çıxıb. Orada Azərbaycanla bağlı qərar çıxarılıb. Klubun sahibi - Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. Təkcə bir əcnəbi futbolçuya 70 min dollar ödənməlidir.

Mübariz Mənsimovun xeyirxah addımlarını çox təqdir eləmişəm. Çox vətənpərvər kimi Azərbaycan adını yüksək tutduğuna da əminəm. Çox gözəl, buna qəti şübhəm yoxdur və mövqeyini səmimi qəbul edirəm. O zaman Mübariz Məsumov “Xəzər Lənkəran” futbol klubunun rəhbəri kimi niyə Ali İdman Arbitraj Məhkəməsinin "Xəzər-Lənkəran"a dair çıxardığı qərarları icra etmir, bu sual doğurur. Azacıq olsa da, bu işin içində olan şəxs kimi, deyə bilərəm ki, burda “Xəzər-Lənkəran”dan daha çox ölkənin adı gündəmə gəlir və belə bir mötəbər təşkilatda və ya təşkilatlarda ölkəmizin adı müsbət hallanmır. Həmin qərarlara əsasən, "Xəzər-Lənkəran" əcnəbi oyuncuların haqlarını ödəməməsinə görə öz öhdəliklərini pozub. Məhkəmə
qərarlarının icra olunmaması üçün heç bir obyektiv səbəb yoxdu. "Xəzər-Lənkəran” futbol klubu fəaliyyətini dayandıra bilər və ya müflis ola bilər, amma onun arxasında duran əsas şəxs Mübariz bəy bunu ödəməlidir. Gördüyüm məhkəmə qərarında qeyd olunan məbləğlər Mübariz müəllim üçün heç nədir”.

Xatırladaq ki, bir neçə il əvvəl ləğv edilən klubunun təkcə əcnəbi futbolçulara yox, yerli futbolçulara da borcu qalıb. Məlumata görə, onların bir neçəsi alacaqlarından imtina ediblər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Musavat.com
Geri qayıt