Bu həftə paytaxtın 3 rayonunda səyyar qeydiyyat xidmətləri göstəriləcək

Komitə tərəfindən 30 sentyabr-04 oktyabr tarixlərində, o cümlədən oktyabrın 6-sı, həftənin bazar günündə də qrafik üzrə istismarına icazə verilmiş binaların həyətlərində qeydiyyat xidmətləri göstəriləcək. Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarında 6 bina üzrə 919 mənzili əhatə edəcək.
Sentyabrın 30-u Nizami rayonu üzrə 2434-cü məhəllə, Özbəkistan küçəsi, 24/34, bina 3 ünvanındakı 16 mərtəbəli 144 mənzilli, oktyabrın 1-i Nərimanov rayonunda, T. Əliyev küçəsi, 1978-ci məhəllə ünvanında 8 mərtəbəli, 67 mənzilli, 2-si tarixində isə Nəsimi rayonu, 998-ci məhəllə, N.Yusifbəyli küçəsi, 20 ünvanındakı 19 mərtəbəli, 158 mənzilli binalarda keçiriləcək. Bu həftə Nərimanov rayonunda keçiriləcək kampaniyadan isə oktyabrın 3-ü F. Yusifov və Təbriz küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli, 90 mənzilli, oktyabrın 4-ü Ə.Əliyev küçəsi 65 ünvanındakı 15 mərtəbəli, 376 mənzilli, oktyabrın 6-sı isə Təbriz küçəsi, 63 ünvanındakı 15 mərtəbəli, 84 mənzilli binanın sakinləri yararlanacaq.
İstismarına icazə verilmiş çoxmərtəbəli binalardakı mənzillərini dövlət qeydiyyatına almaq istəyən vətəndaşlar göstərilən tarixlərdə, saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi və ilkin sənədlər ilə birgə binanın həyətindəki səyyar avtobusa yaxınlaşa bilər. MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər tələb olunur.