İqtidarın əliqırışlı “qocalar evi”: bu yaşlı başçılarla vida vaxtıdır – Siyahı

İqtidarın əliqırışlı “qocalar evi”: bu yaşlı başçılarla vida vaxtıdır – Siyahı Ölkədə “qocalar evi” strukturlarından biri də icra hakimiyyəti orqanlarıdır. Hakimiyyətin yeni strategiyası və kadr islahatları yaşlı icra başçıları ilə də vidalaşmağı şərtləndirir.

Müasir texnologiyadan uzaq, kompüter bilgiləri olmayan, köhnə adətlərlə, sovet nomenklaturasına uyğun işləyən yaşlı icra başçılarının təqaüdə göndərilməsinin vaxtıdır. Necə ki, Şamaxıya Tahir Məmmədov kimi gənc kadr icra başçısı təyin olunub.

Əlləri qırışmış, telefonla mesaj yaza bilməyən, sosial şəbəkələrin ictimai rəyə təsirini qəbul etməyən, “nisyə dəftəri” ilə fəaliyyət göstərən həmin icra başçıları yetərincə var. Onlar nə islahatların tempinə adekvatdırlar, nə prezidentin yeni idarəçilik modeli ilə ayaqlaşa bilirlər.

Reportyor.info-nu məlumatlandıran qaynağın sözlərinə görə, bu xüsusda Ağsu icra başçısı Ənvər Seyidəliyev öndə gedir.

2007-ci ildən öz doğulduğu rayona rəhbərlik edən sabiq nazir Səlim Müsülmovun dayısı Ə.Seyidəliyevin 69 yaşı var, 70-ə yaxınlaşır.

Onun rayonu bərbad günə saldığı, viran qoyduğu bir ayrı mövzudur. Ən əsası o, yaş senzi ilə əlaqədar vəzifəsindən getməsinin zamanıdır.

Şamaxıdan sonra Ağsuya gənc bir kadrın təyin edilməsi rayonun dirçəlməsinə, sakinlərin problemlərinin dinlənilməsinə səbəb ola bilər, dinamika yaranar. 12 il bir rayona rəhbərlik etmək nə Türkiyədə, nə İranda, nə Avropada var.

Digər mühüm dəyişiklik növbəsi isə Hacıqabulda olmalıdır. Əhməd Muxtarov sanki özünü rayonun əbədi padşahı elan edib. 2006-cı ildən icra başçısı işləyən Ə.Muxtarovun 13 illik fəaliyyəti dönəmində əlini ağdan qaraya vurmayıb, Hacıqabulda bir qarış inkişaf, abadlıq getməyib.

Ə.Muxtarovun 68 yaşı var və onun hansı işlər həyata keçirdiyi məlum deyil. Bütün Hacıqabul ondan “qan ağlayır” və prezidentin bu bölgədə də kadr dəyişikliyi reallaşdırmasına ciddi şəkildə zərurət var.

Bu siyahıda Qusarın icra başçısı Şaiq Alxasov da ola bilər. İnsafən, onun fəaliyyətindən kütləvi narazılıq yoxdur.

Əvvəla yerli adamdır, ikincisi sərhəd bölgədir, ləzgilərin kompakt yaşadığı ərazidir, ciddi həssaslıq göstərilir. Eyni zamanda əhalinin əksəriyyəti Rusiya bazarlarından dolanır deyə icra başçısına ehtiyac qalmır.

Sadəcə, onun da 2007-ci ildən Qusara rəhbərlik etdiyini nəzərə alsaq, 12 il kifayət qədər böyük rəqəmdir və rayonda ciddi irəliləyişə nail olmayıb.

Onun 61 yaşı var və Qusara yaxşı bir kadr təyin edilməsi yerli camaatın ürəyincə olar. Həmçinin, perspektivli bir turizm bölgəsini ayağa qaldırar, inkişaf etdirər.

66 yaşlı Masallının icra başçısı Rafil Hüseynov da postunu tərk etmək üçün yetişib. Bu 7 illik fəaliyyəti dövründə cənub şəhərində hər hansı xüsusi dəyişiklik olmayıb.

Üstəlik, belə bir aqrar perspektivə malik bölgədə kənd təsərrüfatını dərindən bilən R.Hüseynovun real proqramlar, layihələr əsasında işlər həyata keçirməməsi böyük qüsurdur və itirilmiş bir zaman kimi qiymətləndirilməlidir.

O baxımdan yeni yaradılan Sosial Tədqiqatlar Mərkəzi və onun rəhbəri Zahid Oruc əyalətlərdə obyektiv araşdırmalar aparmalı, gerçək nəticələri prezidentə məruzə etməlidir.

Reportyor.info-nun verdiyi xəbərə görə, 59 yaşlı Şəkinin icra başçısı Elxan Usubov da adı çəkilən həmkarlarından geri qalmır. 2001-ci ildən bəri Şəki üçün hansısa müsbət iş gördüyünü yerli sakinlər xatırlamırlar.

İndi operativ işləyən, votsap, feysbuk kimi şəbəkələrdən istifadəni bilən, komandası gənclərdən təşəkkül tapmış, işi-gücü obyektlərdən pul yığmaq olmayan bir cavan məmur İH başçısı təyin edilməlidir.

Lerikin icra başçısı Rövşən Bağırov da postundan yola salınmalıdır. Ona görə yox ki, yaşı çoxdur, əksinə, orta yaşa malikdir, sadəcə 2007-ci ildən bu dağ bölgəsinə rəhbərlik edir və 13 ildə yalnız neqativ əməlləri, insanları incitməsi, sahibkarların başına oyun açması ilə ad qazanıb. Bu mənada Xızının icra başçısı Xəzər Aslanov da vəzifəsi ilə vidalaşmalıdır.

Amma xüsusi ilə “qocalar evi”nin nümayəndəsi olan Siyəzənin yeni başçısı, əvvəllər Şabranda eyni vəzifəni tutmuş Novruz Novruzov təqaüdə getməlidir. Onun 65 yaşı var və hansı rayonda işləyibsə ancaq cibini doldurmaqla məşğul olub.

Eləcə də Xaçmazın padşahı Şəmsəddin Xanbabayevi qeyd etmək olar. 1939-cu il təvəllüdlü icra başçısı Stalini də görüb, Brejnevi də. 80 yaşlı qocaman məmurun yerinə nəhayət ki, bir cavan kadrın təyin olunması zamanıdır.

Ümumiyyətlə, siyahını uzatmaq olar. Sadəcə, məsələnin motivi hakimiyyətin İH-lərdə yeni kadrlara üstünlük verməsi olmalıdır.

Kadr islahatları nəticəsində ölkəni irəli apara bilən, investor cəlb etməyi bacaran, müasir texnologiyadan daha çox bilikləri olan, islahatçı kadrların vəzifələrə yerləşdirilməsi hədəflənib.

Prezidentin prioritet addımlarından biri də hakim komandanı gəncləşdirməkdir. Bu islahatların nazir və komitə sədrləri, müavinləri barədə olacağını xəbər vermişdik. Növbə icra başçılarına çatıb.

İcra hakimiyyətlərində komputeri bilməyən, sms oxumağı bacarmayan, sosial şəbəkələrdən uzaqda olan əli qırışlı, qocalmış, pensiya yaşında məmurlar işləyir.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

REPORTYOR.info
Geri qayıt