“ALIŞANOV KİMİ NAŞI VƏ BACARIQSIZ SƏDR GÖRMƏMİŞƏM” -ŞOK İTTİHAM

“ALIŞANOV KİMİ NAŞI VƏ BACARIQSIZ SƏDR GÖRMƏMİŞƏM” -ŞOK İTTİHAM Hikmət Hikmətzadə: “AzTV-yə isə normal, layiqli və peşəkar bir sədr qoyulmalıdır!”
“Bu günlərdə mətbuatda AzTV sədri Arif Alışanovun ofşor şirkətlərlə müəmmalı maliyyə əməliyyatları barədə araşdırma ilə tanış oldum və dövlətin milyonlarının bu miqyasda çapıb-talanmasından heyrətə gəldim. Bu qədər şübhəli reputasiyası olan və belə ciddi maliyyə pozuntularına yol vermiş birisinin rəhbər vəzifədə qalması millətə xəyanətdir” – bu sözləri müxbirimizə AzTV-nin keçmiş mühəndisi Hikmət Həsənov deyib.
H.Həsənov daha sonra bildirib ki, puldan başqa heç bir dəyər tanımayan A.Alışanovun törətdiyi pozuntular, yaratdığı rüşvət və korrupsiya mühiti, əməkdaşlara olan layiqsiz münasibəti barədə susmağa adamın vicdanı yol vermir. “Bu adamın sədrliyi dövründə iş yerində ürək tutmasından dünyasını dəyişmiş 10-dan çox həmkarımızı hüznlə yada salıram. Öz işini yaxşı bilən, həm də şəxsiyyəti olanlar mühasib sədrin gözünün düşmənidir. AzTV kimi kanalın əməkdaşları A.Alışanovun kəraməti sayəsində 100-150 manatın ümidinə qalıb. Sədrin işçilərə pul verməyə əli gəlmir. Təsəvvür edin, adam sifariş verib öz şəkili olan xalça toxutdurub otağından asa bilir, amma rəssamın pulunu ödəməyə can çəkir”.
“Televiziya yaradıcılığının nə olduğunu anlamayan A.Alışanovun bu böyüklükdə telekanalda rəhbər qalması fəlakətdir. Mən 17 il AzTV-də işləmişəm, bir il texnik, sonra radioda böyük mühəndis vəzifəsində çalışmışam. Sankt-Peterburq Televiziya institutunu bitirmişəm, bu sahədə azsaylı mütəxəssislərdən biriyəm. AzTV-də 2-3 rəhbərlə işləmişəm, amma A.Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm” – deyə H.Həsənov bildirib.
O, əlavə edib ki, Alışanov hələ də sənədə dərkənar atmağı öyrənməyib. Bir işi beş adama tapşırır, hərdəmxəyaldır, bu gün tapşırdığı işi sabah ləğv edir. “Hər şeydən görünür ki, vəzifəsinin öhdəsindən gələ bilmir, tutduğu vəzifə üçün yaramazdır, adamlarla ünsiyyəti də yaramazdır. Ona görə də yalnız maliyyə pozuntularının ustası olan bu adamın əsl yeri televiziya deyil, həbsxana olmalıdıdır. AzTV-yə isə normal, layiqli və peşəkar bir sədr qoyulmalıdır!”

Yenixeber.org
Geri qayıt