30 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır? - İTTİHAM

30 milyonluq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi haradadır? - İTTİHAM Bu barədə Osman Gündüz bildirir

Təəccüblənməli, ağlamalı və ya bilmirəm, gülməli də olsa bu qurum, bir dövlət qurumu olaraq ortada yoxdur. Adətən, Nazirlər Kabineti mərkəzi icra orqanlarının strukturuna daxil olan qurumlar haqqında qərar verir. O, cümlədən də, qurumun tabeliyində olub, strukturuna daxil olmayanlarla bağlı.

Real vəziyyət isə elədir ki, NİİM hazırda heç bir qurumun balansında deyil.

NİİM-in yaradılması və tabeçiliklərə verilməsi ilə bağlı mövcud qanunvericilik belədir :

1. 2007-ci ildə NİİM haqqında Prezident fərmanı verilib, 2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayıb və Nəqliyyat Nazirliyi tabeliyinə verilib. Layihənin icrasını Koreya Respublikasının “SK C&C” şirkəti və NN həyata keçirib

2. 2015-ci ildə Prezidentin fərmanı ilə NK yanında BNA yaradılıb və NİİM MMC olaraq onun tabeliyinə verilib

3. 2016-cı ildə Prezident fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında müstəqil “Bakı Nəqliyyat Agentliyi” yaradilib.

4. 2016-cı ildə NK qərarı ilə NİİM BNA “strukturuna daxil olmayan tabeliyindəki qurum” olaraq təsdiqlənib.

5. 2018-ci ilin əvvəli Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident yenidən fərman verib

6. Bundan sonra, 2018-ci ildə NK özünün 2016-cı ildəki “strukturuna daxil olmayan tabeliyindəki qurum” qərarını ləğv edib.

7. Məhz bundan sonra NİİM yoxa çıxıb.

Bəli, sözün həqiqi mənasında, bir dövlət qurumu , bir struktur vahidi olaraq yoxa çıxıb.
Baxıram ki, BNA –nın rəsmi saytında, struktur bölməsində NİİM adlı qurum yoxdur. Amma digər bütün Mərkəzi icra orqanların saytlarında tabeli və ya tabesiz qurumlar açıq formada görsənir, qanunvericilik də bunu belə tələb edir.
Xatırlayıram ki, 2-3 il öncə, BNA rəhbəri Vüsal Kərimli Prezident yanındakı çıxışında NİİM-in BNA balansına verilməsini sürətləndriməyi xahiş etmişdi. Görünür ki, ortada ciddi problemlər varmış.

Nə baş verir ? Haradadır NİİM ?

Fikrimcə, NİİM-in BNA tabeliyinə verilməsi ilə bağlı Fərman icra olunmayıb.
Təsəvvür edin, 2015-ci ildə imzalanan Fərman hələ də icra olunmayıb. Düzü, mənə də inandırıcı gəlmir, amma reallıq budur.

Güman ki, indiyədək də təhvil-təslim baş verməyib. Nə üçün ?

Ola bilər ki, BNA rəhbərliyi, 130 milyon manat dəyərində , adı olub özü olmayan bir qurumu, bərbad, işləməyən bir infrastrukturu balansa götürmək istəməyib.

Və ya bizim bilmədiyimiz hansısa başqa məqamlar var.

İstənilən halda, düşünürəm ki bu, dövlət intizamı, qərarların icrası ilə bağlı ciddi bir siqnaldır. Düşünürəm ki, hökumət tez bir zamanda aydınlıq gətirməlidir bu məsləyə. Açıqlamalar verilməlidir. .
5 il öncə verilən Prezidentin fəmanının icrası təmin olunmalıdır.
Fikrimcə, realda mövcud olmayan bir infrastrukturun, milyonlarla vəsaitin də yeni yaranmış qurumun – BNA-nın balansına daxil edilmıəsi böyük risk olardı.
Odur ki, ilk öncə, fikrimcə Nəqliyyatın İntellektual İdarəetmə sistemi ilə bağlı real vəziyyət audit olunmalıdır, mövcud resurslar , kəm-kəsirlər müəyyən olunmalıdır.
Məsuliyyət, cavabdehlik müəyyən olunmalıdır ki gələcəkdə bu tip hallar təkrarlanmasın.
Bundan sonra Nəqliyyatın İntellektual İdarəetmə sisteminin yenidən qurulması ilə bağlı bir Proqram ortaya qoyulmalıdır .

Nəhayət ki, bu, başıbəlalı NİİM bərpa olunmalıdır.

Kommersant.az
Geri qayıt