“Qırmızı vərəqə” alan məmurlar... - Onlara qarşı hansı tədbirlər görüləcək?

“Qırmızı vərəqə” alan məmurlar... - Onlara qarşı hansı tədbirlər görüləcək? Bəzi dövlət qurumlarının yol verdiyi nöqsanlar əhalinin ciddi narazılığına səbəb olur.

Bununla bağlı dəfələrlə ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, hələ də bundan nəticə çıxarmaq istəməyənlər var. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin yaydığı son məlumatdan da görünür ki, bir sıra dövlət qurumları və məmurlardan şikayətlər çoxalıb. Ölkədə ciddi kadr və struktur islahatları getdiyi bir dövrdə əhaliyə xidmətdə nöqsanlara yol verən, insanları narazı salan qurumlar və məmurlar, ilk növbədə elə özlərini çətin vəziyyətdə qoyurlar.

Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlilində ən çox şikayət olunan qurumların adlarını sadalayıb. Bildirib ki, bəzi dövlət qurumlarında vətəndaşların qəbulu daha səmərəli təşkil olunsa da, bəzi qurumlarda bu tələblərə tam əməl olunmur.Həmin qurumlarda vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir. Bu sıraya Xarici İşlər, Energetika nazirlikləri, “Bakı Metropoliteni” QSC, Milli Arxiv, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu idarələri, Bakı və Şirvan apellyasiya məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi, Beynəlxalq Bank, Auditorlar Palatası, Bakı şəhərinin Xətai, Səbail, eləcə də Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan rayon icra hakimiyyətləri və başqa qurumlar daxildir.

Süleyman İsmayılov, həmçinin vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol verən, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşan, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməyən vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb:

“Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib”.

Şikayətlərin ən çox olduğu qurumlara diqqət yetirsək, icra hakimiyyətləri ilk sıralarda durur.Artıq Xətai rayon İcra Hakimiyyəti başçısı ilə bağlı tədbir görülüb.Belə ki, ötən ilin 13 dekabrında ölkə başçısının imzaladığı sərəncamla Razim İsa oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Kadr islahatları çərçivəsində siyahıda adı keçən icra hakimiyyətləri ilə bağlı da tədbirlərin görüləcəyi gözlənilir. Siyahıda yer alan digər dövlət qurumlarının rəhbərləri bundan nəticə çıxarmalı, fəaliyyətlərindəki nöqsanları aradan qaldırmalıdır.

Digər tərəfdən, ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan iclasında kadr və struktur islahatlarının davamlı olacağı və idarəetmənin optimallaşdırılacağı xüsusi vurğulanıb.Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 1-i nazirlik olmaqla, 10-a yaxın qurum ləğv edilib, bəzilərinin fəaliyyətində ciddi dəyişikliklər olunub.

Daha bir neçə dövlət qurumunun ləğv olunacağı, bəzi paralel qurumların birləşdiriləcəyi gözlənilir. Beləliklə, PA-nın hesabatında yer alan qurumların rəhbərləri də diqqət mərkəzinə gəlir. Sözügedən qurumlara rəhbərlik edən şəxslərin daha bacarıqlı, gənc kadrlarla əvəzlənəcəyi gözlənilir.Belə bir məqamda dövlət qurumları və onların rəhbərlərinin ən ümdə vəzifəsi ona tapşırılan işin öhdəsindən gəlmək, dövlətə və vətəndaşa xidmət etməli olduğunu unutmamaqdır.Əks təqdirdə fəaliyyətsizliyin cəzası olduğu kimi, əhalini narazı salmağın da məsuliyyəti olacaq.
Cebhe.info
Geri qayıt