Vəli Hüseynovun məsələsi Prezident Administrasiyasında müzakirə edilib?

Vəli Hüseynovun məsələsi Prezident Administrasiyasında müzakirə edilib? Doktorluq diplomunu qanunsuz yolla əldə edən AAK rəhbəri başqalarından necə qanun tələb edə bilər?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləri AAK-da baş verən qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə müraciət qəbul ediblər. Həmin müraciət «Təzadlar»ın ötən sayında dərc edilmişdir.
Müraciətin dərci ciddi reaksiya doğurmuşdur. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvlərinin həmin müraciəti Prezident Adminstrasiyasında, eləcə də PA-nın humanitar siyasət şöbəsinin rəhbərliyi tərəfindən ciddi müzakirə edilib. Müzakirələrin detalları açıqlanmasa da, o bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovu yaxşı nəsə gözləmir. Onun tutduğu vəzifənin icrasına başladığı dövrdən bəri öz işçiləri ilə yaşadığı qalmaqalları onu deməyə əsas verir ki, münaqişəli yerdə ot bitməz! Daha doğrusu, qalmaqallı dövlət qurumunda qanunların icrası olduqca çətin olur. Bir daha düşünməli oluruq ki, Prezidentin adı olan bir dövlət qurumunun rəhbəri ən azı sələflərinin, bu sırada akademiklər Azad Mirzəcanzadənin, Arif Mehdiyevin qoyub getdiyi abu-havanın korlanmasına yol verilməməli idi. Amma Vəli Hüseynovun AAK-a rəhbərlik etdi təxminən 4 il ərzində onun öz işçiləri ilə dava-dalaşı, məhkəmə çəkişmələri, müdafiəyə iddialalıların, eləcə də xarici ölkələrdə müdafiə etmiş alimlərin diplomlarının tanınması istiqamətində yaratdığı ciddi münaqişə və etirazlar ölçüyəgəlməzdir. İş o yerə çatmışdır ki, AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm xadimi, «Şərəf» ordenli Şahbaz Muradov Vəli Hüseynovun qanunsuz hərəkətlərindən Prezident İlham Əliyevə şikayət ünvanlamış, dəfələrlə Prezident Administrasiyasına ərizələr göndərmişdir.

«...AMEA-nın müxbir üzvü Vəli Hüseynovun göstərişi ilə bu saxtakarlıqlara göz yumulmuşdur…»

Sitat: «Çox hörmətli cənab Prezident!
Bir daha nəzərinizə çatdırıram ki, Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimov AMEA İqtisadiyyat İnstitutunun dissertantları olmamışlar. İnstitutun sabiq direktoru prof. İsa Alıyev yaxın münasibətdə olduğu AAK-nın sədrinin keçmiş müavini və hazırda onun sədri vəzifəsini müvəqqəti icra edən AMEA-nın müxbir üzvü Vəli Hüseynovla hansısa sövdələşməyə gedərək onlara saxta sənədlər vermiş və dissertasiya işlərini AAK-ya təqdim etmişdir. AAK-da cənab Vəli Hüseynovun göstərişi ilə bu saxtakarlıqlara göz yumulmuş və izi itirmək məqsədilə həmin dissertasiya işləri İqtisadiyyat İnstitutundakı elmlər doktorluğu üzrə Dissertasiya Şurasına deyil, Tahir Sərdarovla Aqil Əsədovun dissertasiya işləri BDU-dakı, Elsevər Kərimovun dissertasiya işi isə AMEA Naxçıvan Bölməsindəki Dissertasiya Şurasına göndərilmişdir. Bu saxtakarlıqlar haqqında 4-8 avqust 2017-ci il tarixlərdə cənab Vəli Hüseynova, AAK Rəyasət Heyətinin üzvlərinə geniş müraciət məktubu göndərilmişdir. Bu saxtakarlıqdan xəbər tutan akademik İ.Hacıyev əsil alimlik və vətəndaşlıq mövqeyi tutaraq Elsevər Kərimovun dissertasiya işini AAK-a geri qaytarmışdır. BDU-nun rəhbərliyi (rektor Abel Məhərrəmov) isə ən azı 5 dəfə onlara müraciət etməyimizə baxmayaraq bir il tərəddüd etdikdən sonra Vəli Hüseynovun təzyiqlərinə dözməyərək Tahir Sərdarovun müdafiəsini “26” may 2018-ci il tarixdə keçirmiş, Aqil Əsədovun dissertasiya işinin isə seminarda müzakirəsini təşkil etmişdir. Cənab Vəli Hüseynov özünü müdafiə etmək üçün, hətta həmin saxtakarlıqlara yol vermiş İsa Alıyevi bu günlərdə AAK-nın İqtisadiyyat üzrə Ekspert Komissiyasının üzvü təyin etmişdir.
Hörmətli cənab Prezident!
Xahiş edirəm ki, elmimizin saflığının, Azərbaycan Dövlətinin müqəddəs qanunlarının keşiyində duran lider kimi bu cür saxtakarlıqların qarşısının alınması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Bu adamlar elmi şəxsi qazanc ünvanı seçiblər. Bu yolverilməzdir!!! Bu işlər istintaq edilməlidir!».

Bu da Ali Attestasiya Komissiyasında görünməmiş qalmaqal…

Bir müddət əvvəl ölkə mətbuatı AAK-da yaşanan bir qalmaqal barədə yazdı… Məlum olurdu ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri Lətifə Ələkbərzadə AAK-ın genişləndirilmiş iclasında qurumun sədri vəzifəsini müvəqqəti icra edən, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun üzərinə tüpürmüşdür. Media yazırdı ki, «…AAK-ın sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Vəli Hüseynovla qurumun şöbə müdiri Lətifə Hüseynova arasında baş verən insident zamanı professor-sədr əvəzi tabeçiliyində olan zərif cinsin nümayəndəsini hamının gözü qarşısında ağıla belə gəlməyən söyüşlərlə təhqir edib… Belə ki, Vəli Hüseynov qurumun əməkdaşlarının çağırdığı “ekstrennıy” yığıncağında bir qədər əsəbi, bir qədər də kobud şəkildə bildirmişdir ki, son vaxtlar burada baş verən bütün işlər haqqında müxtəlif orqanlara yerli-yataqlı informasiyalar ötürülür və komissiyada korrupsiya hallarının baş alıb getməsi haqqında “yalan” məlumatlar yayılır. Vəli Hüseynov heç bir arqument və fakt göstərmədən, məlumatların biləvasitə şöbə müdiri Lətifə Ələkbərzadə tərəfindən kənara ötürüldüyünü bildirərək, onu günahlandırmış və belə davam edərsə onu işdən qovacağı ilə hədələmişdir.
Lətifə xanım israrla V.Hüseynovun dediklərini təkzib edərək, heç yerə və heç kimə burada baş verənlər barədə məlumat vermədiyini bildirsə də, sədr əvəzi ona qulaq asmaq belə istəməmiş və şöbə müdirinin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməyə başlamışdır. Vəziyyət gərginləşmiş və son vaxtlara qədər Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin yaxın qohumu olduğu üçün Lətifə xanımla, bəlkə də bu orqanda çalışan bütün əməkdaşlardan daha nəzakətlə və ehtiramla davranan V.Hüseynov sanki affekt vəziyyətə düşərək hamının gözü qarşısında söyüş və təhqiramiz ifadələr işlətməyə başlamışdır… Belə bir dövlət qurumunun, necə deyərlər, elmimizin nəzarət buraxılış məntəqsinin rəhbərindən öz ünvanına ağlına belə gəlməyən çirkin ifadələr eşidən Lətifə xanım şərəf və ləyaqətinin müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirəndə, Vəli Hüseynov, sanki yuxudan ayılmışdır. Üstündən heç bir gün belə keçməmiş, Lətifə xanımın tam ciddi və məhkəməyə müraciət edəcəyində israrlı olduğunu ətrafının gətirdiyi xəbərlərdən qətiləşdirən sədr əvəzi Vəli Hüseynov onu kabinetinə dəvət etmiş, peşmançılıqla üzr istəməyə, hətta böyük səhv etdiyini boynuna almağa başlayıb ki, bəlkə Lətifə xanım onu bağışlaya. Amma işin bu sonluqla bitməsini istəməyən, böhtan və təhqiri üstündən götürməyə, hər şeydən əvvəl insan, sonra qadın, daha sonra alim ləyaqətini qorumaq istəyən Lətifə xanım sədr əvəzi Vəli Hüseynovdan yenidən iclas çağırıb, bütün kollektivin qarşısında söylədiklərini geri götürməyi, sonra üzr istəməyi tələb edib. Məsələnin çox böyük fəsadlar verəcəyini, onun sədrliyə gedən yolunu belə bağlayacağını, bəlkə də köhnə vəzifəsini belə itirəcəyini ayıq başla dərk edən Komissiyanın sədr əvəzi, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Hüseynov şöbə müdirinin bu tələbi ilə razılaşıb. Yenidən iclas çağrılıb, kollektiv salona toplaşıb və Vəli Hüseynovun yalvarışlarla dolu etirafları, hətta söyüşləri belə öz ünvanına geri götürdüyünü deməsi hamıda dərin ikrah hissi doğurub…».

«Vəli Hüseynov mənim doktorluq işimi tanımaq istəmir???»

Bu sözləri isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Vahid Əmrahov AAK sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdan Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı şikayət məktubunda yazıb. Sitat: «Çox hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli «Təzadlar»!
Mən, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Menecment və aqrar marketinq kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoruyam. İqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyim dissertasiya işinin müdafiəsinə Ali Attestasiya Komissiyasının 06.06.2014-cü il tarixli iclasının qərarına əsasən (protokol 08-R) icazə verilmişdir. Lakin çox təəssüflər olsun ki, Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov isə məndən şikayətçi M.İsgəndərovun əsassız və yalan məlumatlarını araşdırmadan, dəqiqləşmə aparmadan mənə qarşı əks mövqe tutdu. Mən məcbur olub M.İsgəndərovun guya doktorluq işimin plagiat olması barədə iddialarını rədd edərək məhkəməyə müraciət etdim. Onun şikayətində göstərdiyi məlumatların işgüzar nüfuza xələl gətirən böhtan, yalan və iftira olması barədə Göygöl rayon Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi mənim xerimə müvafiq qətnamə qəbul etdi, bu qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təsdiq edildi. Prezident yanında Ali Attestasiya Komissiyası özü də bir neçə dəfə köçürmə ilə bağlı Ali Məhkəmə qərarı olmasına baxmayaraq yoxlamalar apardı və uzunmüddətli yoxlamadan sonra bununla bağlı müsbət fikrə gəldi. Əvvəllər isə AAK tərəfindən Mübariz İsgəndərovun yalanlarını sübut etməsini yox, mənim doktorluq işimin köçürmə olmaması ilə bağlı fikrimi sübut etmək tələbi qoyulmuşdu. Buna baxmayaraq 7 aprel 2018-ci ildə AAK rəhbərliyi gözlənilməz halda müdafiəyə icazə verilməkdən imtina edilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərar qərəzlidir və AAK tərəfindən öz təlimatının kobud şəkildə pozulmasıdır. Belə ki, doktorluq işimlə bağlı 5 dəfə Ekspert Komissiyasının iclası keçirilib, hər dəfə müxtəlif qərarlar qəbul edilib. Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynov dissertasiyamı geri götürməklə bağlı müraciətimi də nəzərə almadı. Halbuki AAK-ın müvafiq təlimatında iddiaçının istənilən vaxt işi geri götürmək hüququ təsbit olunur. Hətta sifarişli yazılan mənfi rəyin 2-si mənim ərizəmin verildiyi tarixdən sonraya təsadüf edir. Bu isə saxtakarlıqdır. Həmin rəylərlə tanış edilməmişəm. 1-ci rəydən isə apelyasiya şikayəti versəm də bu günə kimi cavab almamışam.
Bundan başqa, qeyd edim ki, bu günədək 3 dəfə ilkin müzakirədən keçmişəm, hər bir müzakirəyə 3 nəfər elmlər doktoru öz müsbət rəyini təqdim etmişdir, dissertasiya işimin 2014-cü ilin 12 dekabrına təyin olunmuş müdafiəsi ilə bağlı seminar üçün 3 elmlər doktoru, 3 opponent və 8 elmlər doktoru müsbət rəy vermişdir, aparıcı müəssisənin müsbət rəyi dissertasiya şurasına təqdim olunmuşdur. Eləcə də Ekspert Komissiyasının 2014-cü ildə keçirilən iclasında müdafiəmə 10 nəfərdən çox elmlər doktoru razılığını bildirmiş və Ekspert Komissiyasının ekspertləri tərəfindən yazılı şəkildə müsbət rəy verilmişdir. Dissertasiya işimə ümumilikdə 25-ə yaxın elmlər doktoru yazılı şəkildə müsbət rəy vermiş, bütün müzakirələrdə 50-dən çox elm adamı müsbət fikrini bildirmişdir. Elə isə cənab Vəli Hüseynov məndən nə istəyir? 2011-ci ildə bitirdiyim dissertasiya işini 7 ildir müdafiə edə bilmirəm. Elm və tədris sahəsində işləməyənlər, əksər məmurlar, vəzifəlilər isə AAK-da çox asanlıqla müdafiə edirlər. Doğrudanmı başqa sahələrin insanları elmi-tədqiqat işlərini elm-təhsil sahəsində çalışanlardan daha yaxşı yerinə yetirmək qabiliyyətindədir? Doğrudanmı baza təhsili qeyri-iqtisad yönümlü olanlar iqtisadçılardan daha keyfiyyətli iş yerinə yetirirlər? Müdafiə edənlərin ixtisaslarına və iş yerlərinə baxılsa, dediklərim təsdiqlənər. Bu qədər süründürməçilik, bu qədər qərəzli münasibət nə qədər davam edəcək?».

Azərbaycan Milli Nüvə Mərkəzinin aparıcı elmi işçisi niyə Moskva Mühəndis-Fizik İnstitunda müdafiə etdiyi doktorluq diplomunu Vəli Hüseynova tanıtdıra bilmir?

«Məsələ belədir: Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK-ın) sədr əvəzi Vəli müəllimi yaxşı tanıyıram, dəqiq desəm, onu yaxşı tərəfdən tanımıram. Təəssüf ki, onun rəhbərlik etdiyi AAK Azərbaycan Prezidenti yaninda fəaliyyət göstərir, çünki onun qeyri- demokratik və süründürücü işləri ilə Prezidentin şəffaflıq və inkişaf proqramı arasında böyük təzadlar var. Yaxşi olardı ki, o öz “AAK kooperativini“ başqa bir təşkilatın yanında açsın. Görünür ki, Vəli müəllimin Prezident Administrasiyasında səlahiyyətli adamı var. Mən anonim danışmıram, konkret faktı söyləyirəm: bu ilin yanvar-mart aylarında mən, Zirəddin Sadıqov, Prezident Administrasiyasına e-mail vasitəsi ilə 2 şikayət məktubu göndərmişəm. Hər iki məktub AAK-ın işinə aiddir. Ancaq məktublara cavab vermək, münasibət bildirərək tədbir görmək əvəzinə, onlari Vəli Hüseynovun özünə göndərdilər, nəticə isə sıfırdır. Həmin məktubu sizə də göndərirəm: «Cənab Prezident!
Sizin və Prezident Admimistrasiyasının dəyərli vaxtını aldığıma görə üzr istıyirəm, amma başqa əlacım qalmayıb. Mənim şikayətim Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası rəhbərliyinin işindəndir. Mən, Sadıqov Zirəddin Yaqub oğlu, 1982-1993-ci illərdə SSRİ Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitunda böyük elmi işçi vəzifələrində, 1994-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitunun aparıci elmi işçisi olaraq Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitunda yaradılan Azərbaycan Tədqiqat Qrupunda baş elmi işçi vəzifəsində çalışmışam. 1997-ci ildə Moskva Mühəndis-Fizik İnstitunda dissertasiya müdafiə edərək elmlər doktoru elmi dərəcəsi almişam. Hazırda Azərbaycan Milli Nüvə Mərkəzində aparıcı elmi işçiyəm və indiyədək fizika üzrə 5 fəlsəfə doktoru yetişdirmişəm. Amma Moskvada müdafiə etdiyim elmlər doktoru diplomumu Azərbaycan Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası (AAK) tanımaq istəmir. Tələb olunan sənədlər (elmlər doktoru diplomunun notarial nüsxəsi və həmin diplomun Apostili, dissertasiyanın və avtoreferatın 4 nüsxəsi) 2017-ci ilin aprel ayında AAK-a təqdim edilib. Buna baxmayaraq, AAK-ın rəhbərliyi 8 aydır ki, müxtəlif əlavə sənədlər tələb edərək süründürməçiliklə məşğuldur.
Məlumdur ki, Azərbaycan 05.03.2004-cü il tarixli Qanunla 05.10.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına qoşulmuşdur (bax: http://mfa.gov.az/files/file/32.pdf). Azərbaycan Prezidenti 21.02.2003-cü il tarixli 857 nömrəli və 21.07.2017-ci il tarixli 1544 nömrəli sərəncamlarla AAK-ın fəaliyyətini tənzimləmişdir. Rusiya da həmin Konvensiyaya qoşulmuşdur. Haaqa Konvensiyanın 3-cü və 4-cü maddələrinə əsaslanaraq AAK-ın rəhbərliyi Rusiyada aldığım elmlər doktoru diplomunu tanıyaraq (nostrifikasiya edərək) mənə uyğun Şəhadətnamə verməlidir, amma Azərbaycan qanunlarını pozaraq bunu etmir. Sizdən xahiş edirəm ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına göstəriş verərək mənim Rusiyada aldığım elmlər doktoru diplomumun Azərdaycanda tanınmasına köməklik edəsiniz».
***
Bunları sistemli şəkildə ona görə təqdim etdik ki, Prezident yanında AAK-da nələrin baş verdiyi aydın olsun. Çünki Vəli Hüseynovun müdafiəçiləri bizi qınayırlar ki, AAK-dan çox yazırsınız… Biz də sual veririk: əgər şikayətlər silsiləidirsə, biz nə etməliyik? Bu şikayətləri biz dərc etməsək, başqaları dərc etməli və ictimailəşdirməli olacaq. Bunun fərqi varmı? Yaxud, əksinə: niyə AAK-da nə baş verdiyi ilə maraqlanmayanlar orada baş verənləri yazan KİV-də günah axtarırlar?
Bəs neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvlərinin Prezident İlham Əliyevə ünvanlı müraciətindəkilərə sözünüz nədir? Həmin müraciəti təkrarlamaq istəmirik, amma bir necə vacib məqama diqqəti cəlb etmək istəyirik. Məsələn, tanınmış alimlər Vəli Hüseynov barədə yazırlar ki, «Cənab Prezident! Biz AAK-ın iqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləri, bildiririk ki, Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bəri elm ictimaiyyəti tərəfindən bu quruma nifrət dözülməz həddə çatıb. Daimi olaraq müəyyən ciddi müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, "bazar adamı" kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik…Vaxtınızı almamaq üçün bir epizod: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın "Azəriqaz" İB Baş direktorunun satış üzrə müavini) "Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı - iqtisadi problemləri" mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarıldı. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı. Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Bəs niyə Vəli Hüseynov belə narahat olmuşdur? Çünki o, professor Ədalət Əliyevin obyektiv və prinsipial olmağını nəzərə almışdı, onun cəmiyyətdə böyük nüfuzunu bilərək təzyiq göstərə bilməyəcəyini bilib narahat idi ki, iş layiqli deyilsə, Ədalət Əliyev müsbət rəy verməyəcək. Əvvəlki iclasların birində Vəli Hüseynov zala daxil oldu və qeyri-obyektiv, aşağılayıcı bir fikir söylədi. Professor Ədalət Əliyev isə Vəli Hüseynovdan AAK-da neqativ hallara yol verilməməsini xahiş etdi və həmin neqativ hallar haqda konkret faktlarını söylədi, onu elmimizin taleyi naminə ədalətli olmağa çağırdı. Bu, əlbəttə ki, Vəli Hüseynovun xoşuna gəlmədi, tutarlı cavab da verə bilməyib pərt oldu və otağı tərk etdi. Müzakirə vaxtı Şəfa Əliyevin müsbət rəy, Ədalət Əliyevin isə mənfi rəy verməsi məlum oldu. Belə olan halda, biz təklif etdik ki, iddiaçını növbəti iclasa dəvət edək ki, iradlara cavab versin. Bu qərar 1 nəfər əleyhinə, 1 nəfər də bitərəf olmaqla qəbul edildi. Ancaq işə həmin anda obyektiv baxılsaydı, mənfi qərar veriləcəkdi. Buna ciddi əsaslar var idi.
1. Ruslan Əliyevin cəmi 15 məqaləsinin olması. Əsasnaməyə görə isə 20 məqalə olmalıdır, özü də AAK-ın tələb etdiyi nəşrlərdə.
2. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması. "Azəriqaz"da satış üzrə müavin işləyən şəxsin mənzil sferası sahəsində doktorluq dissertasiyası yazması və özü də 7 aya (?!), bu, elmi ələ salmaqdır. Elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar…».
(Davamı var)
«Təzadlar»
Geri qayıt