Dövlət Sərhəd Xidmətinin əməkdaşına qarşı ŞOK İDDİA

Dövlət Sərhəd Xidmətinin əməkdaşına qarşı ŞOK İDDİA “Ya bizlə əməkdaşlıq etməlisən, ya da 15 min manat pul verməlisən”. Bu sözləri redaksiyamıza sikayət məktubunda Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Ruslan Allahverdiyev ev 229-da yaşayan Cəfərov Adil Yunis oğlu qeyd edib. Vətəndaşın xahişini nəzərə alıb şikayət məktubunu olduğu kimi ixtiyarınıza veririk:

Mən Cəfərov Adil Yunis oğlu Gədəbəy rayonu Çobankənd kəndində anadan olmuşam. 1991-ci ildə Daxili Qoşunlarda işləməyə başlamışam. Qarabağ döyüşlərində iştirak etmiş və 1993-cu ildən Ədliyyə Nazirliyinin Pentensiar xidmətində işimi davam etdirmişəm. 2015-ci ildə 25 illik xidmətimlə və ümumillikdə 31 il 6 ay heç bir nöqsanım olmadan dövlətə xidmət edərkən təqauda çıxmışam. Ailə vəziyyətimlə əlaqədar olaraq bir çox iş yerlərinə müraciət etdim.

Lakin yaşımla əlaqədar müsbət cavab verilmədi. Sonradan yaxın tanışım və əvvəllər mənimlə birgə işləyən Zeynalov Ramin Ramiz oğlu ilə məsləhətləşərək bir kafe icarəyə götürüb işləməyi məsləhət gördük. Təxminən 4-5 ay kafe axtarışında olduq. Bu arada R. Zeynalov xəstəliyi ilə əlaqədar İrana gedirdi. 2017-ci il Sentyabr ayının əvvəllərində Ramindən qaytarmaq şərti ilə 3000 manat məbləğdə borc pul istədim. O, mənə 4-5 ay bundan öz vasitəsi ilə tanış olduğum Burxan adlı şəxsdən pul götürüb mənə verəcəyini dedi. Keçək mətləbə...

2017ci il Oktyabr ayında mənə Dövlət Sərhət Xidmətinin istintaqınin müstəntiqi Cavid Məmmədzadə tərəfindən zəng olunaraq məni iş yerinə dəvət etdi. Səbəbini soruşduqda gəl bilərsən cavabını verdi. Mən etiraz etmədim getdim və bəlli oldu ki, tanışlarım Ramin və Burxana qanunsuz dərman alqı-satqısına görə çinayət işi açıblar. Məni də onlarla telefon danışığı olduğu üçün çağırıblar.

Hörmətli redaksiya!

Mənim bu cinayət işində heç bir günahim olmadığı halda müstəntiq Cavid Məmmədzadə tərəfindən sıxıntılara və təhdidlərə məruz qalmışam. Ailəmlə məni hədələyir və məndən 15 min manat pul tələb edir. Günahsız olduğumu bilə-bilə 8-9 ay keçməsinə baxmayaraq müxtəlif təhdidlərlə hədə-qorxu gəlir. Oktyabr ayında onun çağırışında olduğum zaman səhərdən axşama qədər məni orda saxladı və günahsız olduğum üçün heç bir şey sübüt edə bilməyəcəyini bilib, polkovnik Azər adlı digər əməkdaşı çağıraraq bu işdə tanıyacağın kimlər varsa onları deyəcəyimi tələb etdilər. Lakin özlərinin araşdırmaları və telefon danışıqları sübüt etdi ki, mənim bu cinayətdə heç bir məlumatım yoxdur. Bütün bunlara baxmayaraq mənə pisxoloji təsir edirdilər. Sonra polkovnik Azər getdikdən sonra, müstəntiq Cavidlə ikimiz qaldıq. Cavid müəllim mənə bildirdi ki, sənu bu şərtlə buraxıram ki, ya mənə iş gətirməlisən, ya da 15 min manat pul.

Təxminən 2018-ci il fevral ayında mənim həyat yoldaşımın mobil telefon nömürəsini taparaq ona heç bir səbəb olmadan istintaqa dəvət edib. Yoldaşım bu barədə mənə məlumat verdi və səbəbini soruşdu. Mən yoldaşıma heçnə demədən müstəntiq Cavidlə əlaqə saxladım. Cavid mənə bildirdi ki, bilməmişəm sənin yoldaşındır, üzürlü hesab et. Və bir daha anladım ki, Cavid bu məqsədlə istəyir məndən 15 min manat alsın.

Bu hadisənin üstündən 3 ay keçdikdən sonra, yəni 2018-ci il mayin 6-7-si olardı müstəntiq Cavid mənə zəng edərək harda olduğumu soruşdu. Əsəbi halda təcili istintaq idarəsinə gəlməyimi yenidən tələb etdi və bildirdi ki, gəlməyəcəyi təqdirdə sənin həyat yoldaşın barəsində məcburi gətirilmə qərarı çıxardacam. Mən cavabında bildirdim ki, həyat yoldaşımı nə üçün məcburi gətirilmə qərarı çıxarırsınız? Lazımdırsa özüm gəlim. Gələndə dost-tanışdan 3400 manat borc pul topaladım Bakı şəhərinə gəldim. 100 manatını özümə xərclik üçün götürdü. 3300 manatını isə Cavid Məmmədzadəyə verdim ki, mənim ailəmdən əl çəksin. Mənim pulla gəldiyimi bilib yenidən məndən şahid qismində ifadə aldı.

Dəfələrlə ona deyirdim ki, özündə yaxşı bilirsən mənim bu işlə heç bir əlaqəm yoxdur. 25 il məndə paqon daşımışam və şərəflə dövlətə xidmət etmişəm. Qarabağ müharibəsi vetranıyam. Cavid 3300 manatı götürdükdən sonra “Qarabağı sənin kimi alçaqlar verdi” deyə məni təhqir etməyə başladı. Bunun müqabilində ona cənab prezident İlham Əliyevin televizor vasitəsi ilə çıxışını xatırlatdım və təhqirsiz danışmağı istədim.” Prezident o sözü sənə deyib, mənə isə deyib ki, sizlərin anasını ağlar qoyum. Xoşun gəlmir burdan çıxandan sonra get DIN-nin 102 xidmətinə zəng et”. Ağır söyuşlərlə məni təhqir edirdi. Söz verdim ki, bundan sonra sənə bir manat belə verməyəcəyəm. Heç ona imkanımda çatmayacaq. Mənim sözlərimdən sonra müstəntiq Cavid 11.700 manatı da hansı yolla olur-olsun alacağını söylədi. Üzünə adam qoyacam, yoldaşını, övladlarını istintaqa çağıracam dedi. Bundan sonra aramızda münaqişə yarandı. “Səni cip maşınımın arxasına bağlayıb prezident aparatının qarşısına qədər sürüyərəm. Mənim daydayımın pis yeri sənin boydadır. Respublikada heç kimi hərrəmirəm, get pulu gətir. Onsuzda səni həbs edəcəyəm”

Redaksiyadan: Şikayət məktubu redaksiyaya daxil olandan sonra, məktubda adı hallanan Dövlət Sərhəd Xidmətinin müstəntiqi Cavid Məmmədzadə ilə telefon əlaqəsi yaratdıq. Məsələnin mahiyyəti barədə C. Məmmədzadəyə məlumat verdik. Və bildirdik ki, barəsində daxil olan şikayət məktubu olduqca iddialıdır. Qarşı tərəf kimi mövqeyini bildirsin. Lakin C. Məmmədzadə mövqe bildirmək əvəzinə bizizm barəmizdə Baş Prokurorluğa məlumat verəcəyini söylədi. Dosye.org olaraq bildiririk ki, redaksiyamız tərəfindən heç bir qanunsuzluq edilməyib. Bir daha bildiririk ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi cənab general-polkovnik Elçin Quliyevə rəsmi müraciət olunacaq.

Dosye.org
Geri qayıt