"Vəli Hüseynovu çökdürəcəyəm…" - QALMAQAL

"Vəli Hüseynovu çökdürəcəyəm…" - QALMAQAL Xəbər verildiyi kimi, Azərbaycan Milli Nüvə Mərkəzinin aparıcı elmi işçisi, tanınmış alim Zirəddin Sadıqov Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynovdan ölkə başçısına şikayət verib… «Təzadlar»ın ötən sayında bu barədə qısaca məlumat vermişdik. Alimlə eksklüziv müsahibəni təqdim edirik:
-Zirəddin müəllim, Sizi redaksiyaya daxil olmuş şikayətinizlə bağlı narahat edirik. Vəziyyət indi necədir? Əslində, alimin vəziyyəti necə olmalıdır ki?!
-Bilirsiniz, mənim üçün fərqi də yoxdur. Mən 1982-1993-ci illərdə SSRİ Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitunda böyük elmi işçi vəzifələrində, 1994-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitunun aparıci elmi işçisi olaraq Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitunda yaradılan Azərbaycan Tədqiqat Qrupunda baş elmi işçi vəzifəsində çalışmışam. Nəhayət, 1997-ci ildə Moskva Mühəndis-Fizik İnstitunda dissertasiya müdafiə edərək elmlər doktoru elmi dərəcəsi almişam. Hazırda da Azərbaycan Milli Nüvə Mərkəzində aparıcı elmi işçiyəm… İndiyədək fizika üzrə 5 fəlsəfə doktoru yetişdirmişəm…
-Bəs Prezident Yanında AAK-ın sədr əvəzi Vəli Hüseynovla aranızda yaranmış problem nə ilə bağlıdır?
-Bilirsiniz, əvvəl dedim, mən doktorluq işimi Rusiyada samballı bir elmi mərkəzdə müdafiə etmişəm. Amma Moskvada müdafiə etdiyim elmlər doktoru diplomumu Azərbaycan Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının sədr əvəzi olan Vəli Hüseynov tanımaq istəmir. Dada doğrusu, daha nə istədiyi mənə bəlli deyil. Tələb olunan sənədlər, eləcə də elmlər doktoru diplomunun notarial nüsxəsi və həmin diplomun Apostili, dissertasiyanın və avtoreferatın 4 nüsxəsi 2017-ci ilin aprel ayında AAK-a təqdim edilib. Buna baxmayaraq, AAK-ın rəhbərliyi 8 aydır ki, müxtəlif əlavə sənədlər tələb edərək bəhanələrlə süründürməçiliklə məşğuldur…
- Sizə zəng etməkdə məqsədimiz həm də bəzi suallara aydınlıq gətirmək idi. Adətən şikayət elektron və ya ənənəvi poçt xidməti ilə daxil olandan sonra prolemin ciddiliyini nəzərə alıb şikayətçini, ardınca isə qarşı tərəfi dinləməyə çalışırıq. Soruşmaq istəyirik, süründürməçilik bürökratik əngəldir. Bunda məqsəd nədir: sənədlərinizdə nəyi isə axtarırlar, bəlkə başqa nəsə bir umacaqları var? Təəssüflər olsun ki, son bir neçə ildir AAK ətrafında mənfi imic formalaşıb…
-Bəli, umacaqları var… Mən Vəli Hüseynovun özü ilə görüşdüm, yaxından tanış olduq. Məni təriflədi ki, əşşi, sən SSRİ Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitunda böyük elmi işçi olmusan, Rusiyanın Dubna şəhərində çalışmısan, səni beynəlxalq aləmdə hamı tanıyır və sair… Hətta dedi ki, sənin elmi nailiyyətlərin imkan verir ki, biz sənə dərhal professor diplomu verək, qəti narahat olma, bunu da edəcəyik…
-Bu görüşünüz nə zaman olub?
-2017-ci ilin oktyabrında… Bu görüşdən sonra dedim ki, Vəli müəllim, mən elm adamıyam, professorluq sonra olar, sən doktorluğumla bağlı arayışı ver, aparıb iş yerinə verim, maaşıma 100 manat da əlavə edilsin. Güldüm, belə də ayrıldıq… Aradan bir müddət keçdi, gördüm ki, səs çıxmadı. Orada bir Hüseyn müəllim də var, deyəsən, Prezident yanında AAK-ın əsas əzrayılı- fəzrayılı odur… Sonradan görüblər ki, məndən də səs çıxmadı, öyrəniblər ki, mənim 5 aspirantım var, deməyiblər ki, sən Azərbaycanda elmlər doktoru deyilsən, deyə də bilməzdilər, bu diplom Vəli Hüseynovun senzurasından keçməlidir, ilişiblər buna. Əslində, mənə bu sözü deməklərinə əsas yoxdur… Sonra bir-iki nəfər dedi ki, fikir eləmə, deyəsən alverin yaxşı gedir… Mən dedim ki, ay balam, mən siz deyən adamlardan deyiləm, adi hədiyyə olursa, onu da geri qaytarıram. Mənim aləmim başqadır, mən elə şeylərə öyrəşməmişəm… Bayaq bir qəşəng söz dediniz: umacaq! Səbəb odur… AAK-ın fəaliyyəti əməlli-başlı kooperativ məsələsidir. Yenə də deyirəm, əşşi, ay Vəli müəllim, mən elə şeylərə girən deyiləm, kim nə ilə dolanır dolansın, mənim ona vaxtım yoxdur. Onsuz da mən onu çökdürəcəyəm. Beynəlxalq elmi mərkəzlərə yazacağam, Prezidentə müraciət edəcəyəm ki, bu nə kooperativdir ki, Vəli Hüseynov bazar açıb… Rusiya AAK-na yazacağam, onu çökdürəcəyəm, əməlindən əl çəkməlidir… Gedib harada alver edir etsin, amma AAK Prezident yanında qurumdur, prezidentin adı olan dövlət qurumunda, özü də elmi işlərin attestasiyasını aparan bir qurumda bazar açmaq olmaz!!! Prezidentə yazmışam, aparıb təqdim etmirlər, aparatda onun kimisə var, bunu da araşdıracağam. Mən yol tapıb Prezidentə bütün bunları çatdıracağam. Ayıbdı, sadəcə, ayıbdır…
***
Bir daha xatırladırıq ki, Sadıqov Zirəddin Yaqub oğlu, 1982-1993-ci illərdə SSRİ Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitunda böyük elmi işçi vəzifələrində, 1994-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitunun aparıci elmi işçisi olaraq Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitunda yaradılan Azərbaycan Tədqiqat Qrupunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1997-ci ildə Moskva Mühəndis-Fizik İnstitunda dissertasiya müdafiə edərək elmlər doktoru elmi dərəcəsi almişdır. Hazırda Azərbaycan Milli Nüvə Mərkəzində aparıcı elmi işçisidir, indiyədək fizika üzrə 5 fəlsəfə doktoru yetişdirib.
Tanınmış alim ötən həftə «Təzadlar»a göndərdiyi şikayətində Prezident yanında Ali Attestasiya Komissiyasında başına gətirilən problemlərə toxunmuşdu. Sitat: «…Məsələ belədir: Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK-ın) sədr əvəzi Vəli Hüseynovu yaxşı tanıyıram, dəqiq desəm, onu yaxşı tərəfdən tanımıram… Təəssüf ki, onun rəhbərlik etdiyi AAK Azərbaycan Prezidenti yaninda fəaliyyət göstərir, çünki onun qeyri- demokratik və süründürücü işləri ilə Prezidentin şəffaflıq və inkişaf proqramı arasında böyük təzadlar var. Yaxşi olardı ki, o öz “AAK kooperativini“ başqa bir təşkilatın yanında açsın.
Görünür ki, Vəli müəllimin Prezident Administrasiyasında səlahiyyətli adamı var. Mən anonim danışmıram, konkret faktı söyləyirəm: bu ilin yanvar-mart aylarında mən, Zirəddin Sadıqov, Prezident Administrasiyasına e-mail vasitəsi ilə 2 şikayət məktubu göndərmişəm. Hər iki məktub AAK-ın işinə aiddir. Ancaq məktublara cavab vermək, münasibət bildirərək tədbir görmək əvəzinə, onlari Vəli Hüseynovun özünə göndərdilər, nəticə isə sıfırdır. Həmin məktubu sizə də göndərirəm: «Cənab Prezident!
Sizin və Prezident Admimistrasiyasının dəyərli vaxtını aldığıma görə üzr istıyirəm, amma başqa əlacım qalmayıb. Mənim şikayətim Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası rəhbərliyinin işindəndir. Məlumdur ki, Azərbaycan 05.03.2004-cü il tarixli Qanunla 05.10.1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına qoşulmuşdur (bax: http://mfa.gov.az/files/file/32.pdf). Azərbaycan Prezidenti 21.02.2003-cü il tarixli 857 nömrəli və 21.07.2017-ci il tarixli 1544 nömrəli sərəncamlarla AAK-ın fəaliyyətini tənzimləmişdir. Rusiya da həmin Konvensiyaya qoşulmuşdur. Haaqa Konvensiyanın 3-cü və 4-cü maddələrinə əsaslanaraq AAK-ın rəhbərliyi Rusiyada aldığım elmlər doktoru diplomunu tanıyaraq (nostrifikasiya edərək) mənə uyğun Şəhadətnamə verməlidir, amma Azərbaycan qanunlarını pozaraq bunu etmir. Sizdən xahiş edirəm ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına göstəriş verərək mənim Rusiyada aldığım elmlər doktoru diplomumun Azərdaycanda tanınmasına köməklik edəsiniz».
Tanınmış alim Zirəddin Sadıqov redaksiyaya həm də onun elmi fəaliyyətinə dair beynəlxalq elektron sistemdə yer alan linkləri göndərib, 12 linkdə alimin elmi fəaliyyətinin təzahürləri əks edilib. Təəssüflər olsun ki, bu cür problemlərlə yanaşı, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının başqa fəaliyyət sferasına dair şikayətlərlə müntəzəm rastlaşırıq. Məsələn, bu yaxınlarda Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Vahid Əmrahov AAK sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovdan şikayətçi idi. Tanınmış alim, AMEA-nın akademiki, «Şöhrət» ordenli Şahbaz Muradov da bu sırada… Biz hələ AAK-dakı digər qalmaqalları demirik… Üstəlik, cənab Vəli Hüseynov rəhbəri olduğu qurumda baş vermiş başqa bir professor diplomu ilə bağlı «Təzadlar»ın rəsmi sorğusunu cavablandırmadığına görə məhkəməyə verilib, neçə aydır məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə davam edir… Təkrarən deməliyik: necə olur ki, Vəli Hüseynov hazırda qalmaqallarla müşaiyət olunan, ADİU rektoru Ədalət Muradovun doktorluq elmi dərəcəsi tanınmadığı halda, ona birdən-birə professor diplomu verir, doktorluq diplomunu isə Ukraynada müdafiə edəndən 17 il sonra tanıyır, amma tanınmış alim Zirəddin Sadıqovdan isə umacaq istəyir???
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında baş verənlərlə bağlı Prezident Administrasiyasının yeni şöbə müdiri Fərəh xanım Əliyevaya tərəfimizdən müraciət ediləcək, yuxarıda qeyd olunan şikayətlər F.Əliyevanın elektron poçtuna göndəriləcək.
Prezident yanında Ali Attestasiya Komissiyası rəhbərliyinin də konkret ittihama dair mövqeyini dəroc etməyə hazırıq…

tezadlar.az
Geri qayıt