Heydər Əsədovun subsidiya “pripiska”ları... - İTTİHAM

Heydər Əsədovun subsidiya “pripiska”ları... - İTTİHAM “Təzadlar”ın Araşdırma Qrupu sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun sərəncamları ilə ölkəmizdə taxıl əkini sahələrinə ayrılan subsidiyaların saxta sənədlərlə necə yeyildiyinin üstünü açdı...

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb, yeni nazir və komitə sədrlərinin təyinatını edib. Bu təyinatlar sırasında diqqəti çəkən kadrlar çoxdur və onlardan biri də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam İmdad oğlu Kərimovdur.

O, sabiq nazir Heydər Əsədovu əvəzlədi... İctimai rəy belədir ki, Prezidentin bu seçimi olduqca uğurludur və inanırıq ki, İnam Kərimov həm də xalqın inamını özünə qaytaracaq, ölkəmizin ərzaq təhlükəsizliyində mühüm yer tutan, strateji sahə olan taxılçılıqdakı yeyintilərin və saxta rəqəmlərin aradan çıxarılmasına nail olacaq...

Prezident taxılçılıq sahəsində subsidiyaları yeyənlərin ünvanını dəqiq göstərmişdi, amma...

“Təzadlar” hələ ötən ilin iyunun 2-də dərc olunan təhlilli məqaləsində bu barədə yazmışdı. Belə ki, Prezident İlham Əliyev 2016-cı ildə Nazirlər Kabinetinin illik hesabat yığıncağında üzünü nazir Heydər Əsədova tutaraq subsidiyaların necə yeyildiyini birbaşa demişdi. Sitat: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi... Dedi ki, taxılın az olması quraqlıqla bağlıdır... Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox...”.

Buğda idxalı son illər 60 faiz artdığı halda, nazir Heydər Əsədov isə taxılçılıqdakı inkişafdan danışırdı...

Təsəvvür edirsinizmi, artıq prezident sözünü ictimaiyyətə çatdıraraq nazirin və bəzi məmurların nə işlə məşğul olduğunu birbaşa söyləyirdi... Bu sərt tənqiddən nəticə çırmalı olan nazir, əksinə, taxılçılıqdakı yeyintilərə rəvac verən sərəncamlar imzalamağından qalmırdı. Bunu redaksiyaya daxil olan şikayətləri araşdırarkən ortaya çıxardığımız dəhşətli faktlar təsdiqləyirdi.
Bu yazıdan belə təsəvvür yaranmasın ki, nazir gedib, biz yıxılana balta çalırıq. Əsla belə deyil. “Təzadlar” hələ 2015 və 2016, 2017-ci illərdə apardığı araşdırmalarla Azərbaycanda taxılçılıqdakı “pripiska”ların ünvanını göstərmiş, ölkəmizdə taxılçılığa qoyulan dövlət vəsaitinin əvəzində ortada olan məhsuldarlığı digər Avropa ölkələri ilə müqayisə edərək Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin ləğvini təklif etmişdi. Axı torpağı fermer şumlayırsa, toxumu fermer səpirsə, taxılı fermer yığırsa, əti fermer istehsal edirsə, südü fermer sağırsa, daha hər il idarəetmə aparatının saxlanması üçün büdcədən on milyonlarla manat pul xərclənən belə nazirlik kimə lazımdır? Belə çıxır ki, dövlət fermerlərə ayırdığı subsidiyaları basıb yeyən bir aparatı bəsləyir???
Elə nazir Heydər Əsədovun təsərrüfatsızlığı idi ki, Azərbaycanın idxal etdiyi yeyinti məhsullarının, o cümlədən kənd təsərrüfatı təyinatlı məhsulların idxalı bu il də artıb. Məsələn, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2017-ci ilin 2 ayında 179 milyon dollar olmuş yeyinti məhsulları idxalı 2018-ci ilin eyni dövründə 206,7 milyon dollara yüksəlib. Azərbaycana ət, süd, kərə yağı, buğda idxalı da artıb. Niyə? Bəs o boyda nazirlik nə işlə məşğul idi? Deməli, heç bir işlə məşğul deyilmiş. Sadəcə, işdən çıxarılmış sabiq icra başçılarının, digər dövlət strukturlarından kənarlaşdırılmışların, belə demək mümkündürsə, sığınacaq yeri olub bu nazirlik. Məsələn, ötən ilin yanvar-fevral aylarında ölkəyə 6,025 milyon dollarlıq ət gətirilibsə, 2018-ci ilin həmin dövründə bu rəqəm 8,789 milyon dollar olub. Yaxud, ölkəyə 2017-ci ildə 1,354 milyon dollarlıq süd idxal olunubsa, bu ilin 2 ayında həmin rəqəm 1,653 milyon dollar olub.
Nəhayət, 2017-ci ilin ilk 2 ayında ölkəyə 23,609 milyon dollarlıq taxıl gətirilibsə, bu rəqəm 2018-ci ilin həmin dövründə 37,843 milyon dollar olub.

Nazir gözünün içinə kimi yalan danışırdı...

Kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin struktur bölmələrinin, rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeli qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındakı çıxışında görün nə deyir. Sitat: “Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb (?!-müəl.), ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib”.
Yaxşı, bu necə artımdır ki, ilbəil ölkəyə xaricdən valyuta ilə alınıb gətirilən kənd təsərrüfatı məhsullarının həcmi artır...
Bu azmış kimi, kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında yenidən vəd vermişdi ki, cari ildə (2017) 3 milyon ton taxıl istehsal olunacaq! Bu hələ harasıdır, nazir ölkənin taxıla olan təlabatının məhz yerli istehsalla təmin olunacağını da bildirmişdi. Bəs sonra nə oldu? Elə həmin 2017-ci ildə Azərbaycan xaricdən 1,3 milyon ton ərzaq buğdası aldı, tələbatımız isə 1,7 milyon ton idi... Özümüz isə 3 milyon ton taxıl istehsal etmişdik. Guya!!!
***
...Nə sirdirsə, taxılçılıqdakı məhsuldarlıq neçə illərdir üzümüzü ağ edə bilmir. Bu barədə ötən yazılarda bəhs edilib. 2017-ci ildə taxıl yığımı hər hektara görə (2016-cı ildəki 30,6 sentnerə qarşı) vur-tut 29,8 sentner təşkil edib. Hətta əgər bu aşağı məhsuldarlığı da əkin altına verilmiş taxıl sahələrinə vuranda alınan toplam rəqəm şübhə doğurmaya bilmir. Belə ki, ölkənin taxıla olan təlabatı yenə də ödənilmir və xaricdən taxıl idxalının ardı kəsilmir. Deməli, “pripiska” göz qabağındadır. Prezident İlham Əliyev də nazir Heydər Əsədova dəfələrlə bunun xəbərdarlığını etmişdi. Amma nəticə olmadı.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında hər il 35-40 min manat subsidiya verilmiş torpaqlar niyə 10 ildir ki, əkilmir?

Sabiq nazir Heydər Əsədovun aparatında taxılçılıqdakı “pripiska”nın bariz nümunəsi: əməkdaşlarımız Qobustandan redaksiyaya daxil olmuş şikayətlə bağlı rayonda olmuşdur. Məlum olurdu ki, rayonun Qaracüzlü kəndi sakinlərini 526 ha pay torpağı “Gilan-Holdinq”in Məmmədov Malik Xeyrulla oğlu adlı işçisi tərəfindən saxta sənədlərlə alınıb, 10 ildir həmin torpaqlar əkilmir (foto və videogörüntülər redaksiyamızdadır). Amma Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında subsidiya alanların siyahısında Məmmədov Malik Xeyrulla oğlunun adına rast gəldik. “Qobustan rayonun Qurbançı kənd ərazi komissiyası üzrə 1 iyun 2015-ci il, 1 iyul 2016 və 1 iyul 2017-ci il tarixlərə (əvvəlki illər də vardır, sadəcə təkrarlamağa ehtiyac görmədik, son 3 ili götürdük.red.) istehsalçıların siyahısı və onlar tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi və çoxillik əkmələr barədə məlumat” adlanan hər üç cədvəldən görün nə məlum olur: Malik Məmmədov guya 2015-ci ildə 404 ha taxıl “əkdiyinə” görə 20.200 manat, 2016-cı ildə 491 ha-ya görə 36.092 manat və 2017-ci ildə isə 480 ha-da taxıl “əkdiyinə” görə 35.160 manat subsidiya almışdır.
Biz şikayətçilərlə Qobustan rayonun Qurbançı bələdiyyəsinə daxil olan Qaracüzlü kəndi sakinlərinin hər il əkilib becərildiyi deyilən həmin əkin sahəsində görüşdük. Gördüklərimizi videogörüntülərlə qeydə aldıq. Kənd sakinləri bir daha təsdiq etdilər ki, Kənd Təsərrüfatı Nazirliyində bəzi məmurların vasitəsilə taxıl sahələrinə ayrılan subsidiyalar bu yolla dağıdılıb mənimsənilir. Elə bu səbəbdəndir ki, ölkəmiz rəqəmlərdə hər il 3 milyon taxıl topladığı halda, xaricdən hər il 1,3 milyon ton da əlavə taxıl alır və illik taxıla tələabatımız 1,7 milyon ton olduğu halda, yenə də tələbatımız ödənilmir...
“Təzadlar” bu sənəd və faktları Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyinə, eləcə də Baş Prokurorluğa təqdim edəcək, görək bundan sonra dövlət büdcəsinin vəsaitinin beləcə dağıdılmasında, bununla da Azərbaycan dövlətinin və bu xalqın süfrəsinə əl uzadanlar necə cəzalandırılacaq...
Geri qayıt