Millət vəkili verdiyi vədə əməl etmir? - Arif Rəhimzadədən NARAZILIQ VAR

Millət vəkili verdiyi vədə əməl etmir? - Arif Rəhimzadədən NARAZILIQ VAR Neftçala rayonu Astanlı kənd sakinlərinin uzun müddətdir mavi yanacaqsız qalmaları barədə xəbər vermişdik.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev açıqlama verərək qeyd edib ki, sözügedən kəndin mavi yanacaqla təminatı yaxın gələcək ümün planlaşdırılır, maliyyə vəsaiti ayırılan zaman ilk növbədə həmin kənd mavi yanacaqla təmin ediləcək.

Mətbuat xidmətinin bu açıqlamasından sonra redaksiyamıza müraciət edən kənd sakinləri öz maddiyatları hesabına mavi yanacaq çəkdirmək istədiklərini, lakin bu barədə məlumatsız olduqlarını bildirdilər. Bununla bağlı isə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri açıqlamasında qaydaların çox sadə olduğunu açıqlayıb:

"Bunun üçün vətəndaşlar Sabirabad rayonunda yerləşən "ASAN" xidmətə müraciət etməlidirlər. Xidmətdə oturan "Azəriqaz" əməkdaşları tərəfindən vətəndaşlara texniki şərt verilməlidir, həmin texniki şərt vətəndaşlara pulsuz verilir. Bundan sonra podratçı şirkətlə müqavilə bağlanmalıdır. podratçı şirkət isə öz növbəsində həmin əraziyə baxış keçirtməlidir. Sərf olunacaq materiallar hesablanacaq və məbləğ evinə qaz çəkdirmək istəyən ailələrin sayına bölünəcək. Vətəndaşlar həmin məbləği ödəməklə öz hesablarına mavi yanacaqdan istifadə edə bilərlər".

Bununla yanaşı redaksiyamıza müraciət edən Neftçala rayonu Astanlı kənd sakini, təqaüdçü müəllim Məmmədov Ələkbər Səftər oğlu Neftçala rayonunun millət vəkilindən də narazılığını ifadə edib. O, millət vəkilinin vədinə sadiq qalmadığını, onun rayonda olan vəkilinin isə vətəndaşlarla ironiya ilə danışdığını bildirib:

"Bizim millət vəkilimiz Arif Rəhimzadədi. O da vəd verdi ki, Astanlı kəndi mavi yanacaqla təmin ediləcək. Hətta açıqlamalarında qeyd edilib ki, artıq Astanlı kəndi qazlaşdırılıb. Hərçənd ki, 15 ailədir, onlar da öz hesablarına qaz çəkdiriblər. Mən Arif Rəhimzadənin bir neçə məclisində də iştirak etmişəm, çıxış etmişəm. O dəqiqə məni sakitləşdirib ki, narahat olma müəllim, yaxşı olacaq, qaz çəkiləcək, mən danışmışam artıq. Hələ onun burda, rayonda bir vəkili var Arif Nağıyev. Dünən ona zəng etmişəm, soruşuram ki, bu məsələ nə yerdədir, Arif Rəhimzadə nə düşünür, hər dəfə bizə söz verir amma yerinə yetirmir, nə zaman qaz çəkiləcək. Mənə deyir ki, narahat olmayın Arif müəllim yavaş-yavaş buzları əridir. Mən də dedim ki, biz Şimal Buzlu Okeanında yaşamırıq ki, bizim buzumuzu əritsin.
Mən dəfələrlə Arif müəllimə müraciət etmişəm, bizə bir qəti söz deməyib, yaxşı olacaq deyə bizi sakitləşdirib. Sizin vasitənizlə istərdim sözümü çatdıram ki, Arif müəllim bizə konkret cavab verin. Siz axı bizim vəkilimizsiniz".

BiG.AZ
Geri qayıt