Şəhid ailəsindən 1-ci Vitse-prezidentə müraciət - "Mən əmin olmaq istəyirəm ki..."

Şəhid ailəsindən 1-ci Vitse-prezidentə müraciət - "Mən əmin olmaq istəyirəm ki..." Şəhid Cəfərzadə Rəşad Əliyar oğlunun xalası Xudiyeva Mahirə Mürsəl qızı ünvanladığı məktubunda Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciətdə deyilir:

Hörmətli Mehriban xanım!

Şəhid Rəşad Cəfərzadə 1994-cü il oktyabrın 14-də Ağdamdan qaçqın düşmüş bacımın ailəsində dünyaya göz açıb.1995-ci ildə isə bacısı Cəfərzadə Nübar Əliyar qızı dünyaya gəlib. 1999-cu ilə qədər ata-anası işləyən Rəşad və bacısı şad xürrəm böyüyürdülər. 1999-cu ildən sonra isə bütün bədbəxtliklərin başlanğıc ili oldu. Rəşadın atasının yeriməsində problem yarandığı üçun həkimlərə müraciətlər başladı. Uzun uzadı müayinələrdən sonra yeznəmə onurğa beyninin sklerozu diaqnozu qoyuldu. Bu bədənin hissə - hissə sıradan çıxması deməkdir. İlkin olaraq yerişində problemlər yaranan yeznəm işdən də çıxmalı oldu.
Daha sonra isə bacım həyat yoldaşına baxmaq üçün işdən çıxdı. Ailə yeznəmə kəsilən təqaüdlə və bizim köməkliyimizlə ayaqda qalmağa çalışdı. Hər gün xəstəliyin gətirdiyi yeni fəsadlar artıqca ailənin maddi sıxıntıları da artırdı. Biz heç kimdən maddi dəstək görmədən Allahdan gələni qəbul edib gücümüz yetdiyi qədər dəstək olurduq bacımgilə.
Lakin 2005-ci ildə bacım da xəstələndi. Bacımın süd vəzisində şiş aşkarlanmışdı (xərçəng). Bacım əməliyyat olunanda yeznəm Ağdam rayonuna atasıgilin yanına göndərildi. Çünki bacım daha xəstəyə baxa biləcək gücdə deyildi. Bacımın süd vəzini götürdülər və 6 ay kimyaterapiya kursu başladı. Bu xəstəlikdən əziyyət çəkənlərin yaxınları bilir bunun maddi baxımdan nə demək olduğunu. Biz bütün gücümüzü sərf edirdik ki, təki bacım yaxşı olsun. Çünki ərinə sağalmayan xəstəlik diaqnozu qoyulmuşdu və ortada iki uşaq var idi. 7 ay sonra bacım 2 - ci bir əməliyyata girdi və analıq rəhni götürüldü.
Bütün bu maddi və mənəvi sıxıntıların içində uşaqlar böyüyürdü. Və yenə də bizim heç bir tərəfdən dəstəyimiz yox idi. Kimyaterapiyalardan sonra bacım özünü yaxşı hiss etməyə başlamışdı. Ara - sıra uşaqları ilə Ağdama xəstə yoldaşına baxmağa gedirdi. Ta ki, 2009-cu ilin aprel ayına kimi. Ayağında ağrılar başlayan bacımla həkimə müraciət etdik. İlk öncə rentgenə göndərilsək də daha sonra Milli Onkologiya Mərkəzinə sümüklərin rentgeni kimi bir müayinəyə göndərildik. Və məlum oldu ki xəstəlik tam getməyib və sümüklərdə metostaz gedib. Yenə də kimyaterapiyaya başlanıldı. Həmin müddətdə bacıma ayağa durmaq qadağan edilmişdi. 2009-cu ilin 20 İyun günü Ağdamdan qara xəbər gəldi, bacımın əri uzun xəstəlikdən sonra dünyasını dəyişmişdi. Bacım dünyalar qədər sevdiyi yoldaşına yataqdan qalxmadan ağlamışdı. Yaxşı ki, uşaqlar atası ilə görüşməyə getdikləri üçün son nəfəsdə atalarının yanında olmuşdular.
2012-ci ilin 20 yanvarına kimi dəfələrlə haldan-hala düşən, xəstəliyin gətirdiyi fəsadlardan 8 ay boyunca daha heç yerindən qalxmayan bacım da haqqın rəhmətinə qovuşdu. Biri-birindən ayrı düşən yeznəmin məzar torpağından gətirdib öz əllərimlə bacımın məzarına tökmüşdüm.
Bütün bunların içində böyüyən Rəşad və Nübar da var idi. Nə qədər yetirdik bilmirəm, amma bacardığımız qədər hər şeyin öhdəsindən gəlməyə çalışırdıq. Rəşad yanımızda bir özəl firmada fəhlə işləməyə başlamışdı, qız isə evdə hazırlıqlara gedib-gəlirdi. Ən böyük arzum onu ali təhsilli görmək idi. 2014 cü ildə qızın özünün sevib seçdiyi oğlanla nişanladıq və gəlin köçürdük. El adətiylə bir qıza olunmalı olan hər nə lazımdırsa etdik. 2014 - cü ilin oktyabrında Rəşad hərbi xidmətə yola düşdü. İlk öncə Gəncədə və daha sonra Tərtərdə hərbi hissədə qulluq etdi. Özü könüllü olaraq kəşfiyyata yazılan Rəşadı nə qədər etsəm də fikrindən daşındıra bilmədim. Dəfələrlə qardaşlarımla bayaramlarda yanına onu görməyə gedirdik. Ta ki, 2015-ci ilin 16 dekabrına kimi. Həmin gün Ağdam istiqamətində mənfur düşmənin təxribatının qarşısını alanların içərisində Rəşad və əsgər yoldaşları da vardı. Düşməni geri çəkilməyə vadar edən oğullarımız geri qayıdarkən, düşmən minaatandan açdığı atəş nəticəsində bir əsgər yoldaşının yaralanmasına, Rəşadın isə Şəhid olmasına səbəb oldu. 2015 - ci ilin 17 dekabrında Rəşad yaşadığımız evdən son mənzilə yola salındı və anasının yanında dəfn edildi.

Hörmətli Mehriban xanım!

Rəşad Şəhidlik statusu alsa da, Rəşadın ata-anası olmadığı və biz də ailə üzvü sayılmadığımız üçün ailəmizə Şəhid ailəsi status verilmir. Yazdıqlarımda da qeyd etdiyim kimi biz, kasıb olsaq da heç zaman nə yeznəm, nə də bacım xəstə olanda heç kimdən maddi dəstək almamışıq və heç bir quruma müraciət etməmişik. Amma indi o bir bacının bizim qanunlara görə Şəhid ailəsi kimi tanınmaması məni çox üzür. Qardaşının Şəhid olmasından keçən bu 3 ilə yaxın müddətdə hələ heç kim o bacıyla maraqlanmayıb. Nə İcra Hakimiyyətimiz, nə də başqa strukturlar. Niyə o bacı bütün Şəhid ailələri kimi bəzi imtiyazlardan istifadə edə bilməsin ki?
Onların uşaqlığı çox çətin keçib. Nə olsun ki, ailəlidir. Ailə uzun illərdir ki, bir qohum evində yaşayır. Onların da problemi var. Qızım 3 dəfə qeysəriyyə əməliyyatı keçirib. Problemli hamiləliklər yaşayıb. Yenə də heç kimə deməmişik ki, şəhid bacısıdır. Əlimizdən gələni əsirgəməmişik. Zamanında həm sağlığım, həm də maddi gücüm imkan verirdisə kömək olurdum. İndi onu da edə bilmirəm. Mən Rəşadın adından istifadə edib özümə heç nə istəmirəm. Amma bir şəhid bacısının unudulmasına da səssiz qala bilmirəm. Dəfələrlə Rəşadın adının küçəmizə verilməsini istəsəm də, hər dəfəsində qanunu əldə tutdular ki, guya 2-3 medalı olmalıdır, ya da Milli Qəhrəman olmalıdır. Kaş ki, Rəşad sağ olaydı və bütün bunları qələmə almasaydım. Amma o yoxdur və mən də bir gün olmayacam. Mən əmin olmaq istəyirəm ki, canını Vətənə qurban vermiş bir oğulun bacısına Vətən sahib çıxacaq".

moderator.az
Şəhid ailəsindən 1-ci Vitse-prezidentə müraciət - "Mən əmin olmaq istəyirəm ki..."
Şəhid ailəsindən 1-ci Vitse-prezidentə müraciət - "Mən əmin olmaq istəyirəm ki..."
Şəhid ailəsindən 1-ci Vitse-prezidentə müraciət - "Mən əmin olmaq istəyirəm ki..."
Geri qayıt