Polkovnikin vəkili öldü

Polkovnikin vəkili öldü Bakı Apellyasiya Məhkəməsində MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə təqsirləndirilən A.Mehdiyevin vəkili Qubad Salayevin vəfat etdiyi elan edilib. A.Mehdiyev isə yeni vəkillə müqavilə imzalamaq üçün maddi imkanının olmadığını bildirib: “Ailənin qazanc gətirən yeganə üzvü mən idim, 2 il yarımdır həbsdəyəm”.

Buna görə də A.Mehdiyevə dövlət tərəfindən vəkil təyin edilib. Yeni vəkil cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyib. Proses aprelin 19-da davam etdiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay müddətinə, polkovnik A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt