İsgəndər Həmidovun 70 yaşı tamam oldu

İsgəndər Həmidovun 70 yaşı tamam oldu Bu gün xalq hərəkatının liderlərindən biri, Elçibəy hakimiyyətində daxili işləri naziri postunda çalışmış İsgəndər Həmidovun 70 yaşı tamam olur.

İsgəndər Məcid oğlu Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən olub. 1990-cı ildə AXC üzvü olaraq deputat seçilib. Həmin illərdə parlamentdə gedən gərgin siyasi mübarizədə prinsipial mövqe nümayiş etdirib.

İsgəndər Həmidov 1992-ci ildə Ağdərədə gedən döyüşlərdə, minanın partlaması nəticəsində yaralanıb. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının daxili İşlər naziri vəzifəsində çalışıb.

1995-ci ildə İsgəndər Həmidov siyasi motivlərlə mühakimə olunub, uzunmüddətli həbsə məhkum edilib. Onu 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döyməkdə, vəzifə səlahiyyətini aşmaqda ittiham edərək 14 il müddətinə azadlıqdan məhrum ediblər.

2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

İsgəndər Həmidov istər hərəkat illərində, istər mühüm dövlət vəzifəsində olanda, istərsə də həbsdən sonra daima sözü üzə deyən, kəskin tənqidi fikirlər söyləməkdən çəkinməyən biri kimi tanınır.

8 il çəkən məhkumluq həyatında da o, həmişə olduğu cəzaçəkmə müəssisələrində haqq-ədalət davası aparıb, dustaqların məhrumiyyətlərinin azaldılması üçün əlindən gələni edib.

"Bozqurd"ların lideri kimi tanınan İsgəndər Həmidovun xalq hərəkatının uğurlarında, xalqın erməni işğalçılarına qarşı səfərbər olunmasında rolu danılmazdır.
Geri qayıt