Fazil Məmmədovun kadrları Avropadan söyüş söyənləri müdafiə edirlər

Fazil Məmmədovun kadrları Avropadan söyüş söyənləri müdafiə edirlər “Qafqaz Xəbər” qəzeti neçə gündür ki, Şəmkir rayonu ilə bağlı yazılar dərc edir. Hətta bu yazılara Şəmkir rayonundan yerli jurnalistlər də qoşulublar.
Ölkənin qərb bölgəsində bəzi azğınlaşmış məmurlarla demək olar ki, təkbaşına mübarizə aparan “Qərb bölgəsi press” qəzetinin baş redaktoru Bəxtiyar Əliyev Şəmkir rayon polis şöbəsinin rəisi Cəmil Əmirov tərəfindən döyülüb, söyülüb, təhqir olunaraq işgəncələrə məruz qalıb.
Bu məlumat bizə daxil olandan sonra biz Bəxtiyar Əliyevin özü ilə əlaqə saxladıq və məsələyə aydınlıq gətirməyə çalışdıq. Bəxtiyar Əliyev bildirdi ki, qaçıb Avropada gizlənən və oradan Azərbaycan dövlətinə, onun rəhbərliyinə qarşı qarayaxmalarla təbliğat aparan Orduxan Teymurxanlı, Tural Sadıqlının, Rəsul Mürsəlovun və digərlərin, vətəninə xəyanətinə etiraz əlaməti olaraq, öz vəsaiti hesabına onların 360 ədəd fotosunu əldə edib üzərində “şərəfsizlərin üzünə tüpürək” sözləri yazaraq rayonda divarlara yapışdırmaq istəyib ki, qoy Şəmkir camaatı bu şərəfsizlərin fotolarını divarlarda görüb üzünə tüpürsünlər.
Bu işə müvafiq icazə almaq üçün o Şəmkir rayon icra hakimiyyətinin birinci müavini Qüdrət Əliyevlə telefon əlaqə saxlayıb, məqsədini bildirib. Qüdrət Əliyev araşdırıb, bir az sonra ona cavab verəcəyini deyib.
Bəxtiyar Əliyev daha sonra bildirir ki: “Müraciətimdən yarım saat keçməmiş Şəmkir RPŞ-nin rəis müavini mənə zəng edərək bildirdi ki, polis rəisi Cəmil Əmirov səni görmək istəyir. Mən polis şöbəsinə getdim. Rəis müavini məni rəisin kabinetinə apardı, elə içəri girən kimi rəis başladı məni söyüb, təhqir etməyə,sonra da döyməyə.
Bir sözlə elə bil rəis məndən nəsə əcaib bir hərəkət görmüşdü və Azərbaycan dövlətinin mötəbər şəxslərini Avropadan söyənləri müdafiə edərək məni döyməklə hirsini soyudurdu. Rəisə dedim ki, mən vətəndaşam, azad mətbuatın nümayəndəsiyəm. O, qızışıb məni söyüb, təhqir etməyini daha da hiddətlə davam etdi… Sonda isə dedi ki, “sənin azad mətbuatını soxaram sənin …ünə”.
Mən polisdən qurtulan kimi, DİN-in mətbuat xidmətinin Qərb bölgəsi üzrə inspektoru Eşqin Qasımovla görüşüb başıma gətirilənləri ona danışdım. O, mənə söylədi ki, “sabah Bakıya gedirəm qayıdan kimi məsələni araşdıracam.”
Məsələ ilə bağlı biz də Eşqin Qasımovla əlaqə yaratdıq. O, bizə bildirdi ki, Bəxtiyar Əliyevin məsələsindən məlumatlıdır, ancaq qarşı tərəfin fikrini öyrənə bilməyib. Ondan xahiş etdik ki, məsələni araşdırandan sonra bizi də məlumatlandırsın.
Məlumat bizdə maraq doğurduğu üçün polis rəisi Cəmil Əmirovun kimliyi ilə maraqlandıq. Aydın oldu ki, Cəmil Əmirov sabiq Vergilər naziri Fazil Məmmədovun bir nömrəli kadrı sayılan, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Əmirovun doğmaca qardaşıdır.
Əldə etdiyimiz digər məlumata görə Cəmil Əmirov hələ Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi vəzifəsində işləyəndə, hal-hazırda Avropada gizlənən Vidadi İsgəndərov bölməyə gətirilib və bölmənin əməkdaşlarının dediyinə görə rəis Cəmil Əmirov Vidadi İsgəndərovu xoş üzlə qarşılayaraq ona isti münasibət göstərib. O vaxtlar- hələ Natiq Əmirov vergilər naziri Fazil Məmmədovun müavini vəzifəsində çalışanda onun istəyi ilə Cəmil Əmirov 26-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Səbəb də bu olub ki, Vergilər Nazirliyinin inzibati binası həmin bölmənin xidməti ərazisində yerləşir.
Daha sonra isə bir az əvvələ qayıdaraq, indiki polis rəisi Cəmil Əmirovun hələ sıravi polis nəfəri olarkən Sumqayıt Polis İdarəsinin rəis müavini Bəylər Bayramovun sürücüsü işləyən vaxta ekskurs etdik. Kasıbçılıqla böyüyən Natiq və Cəmil Əmirov qardaşları o vaxtlar hətta boş butulkaları yığıb “Şüşə qabların qəbulu məntəqəsi”nə təhvil verərək, guya bütün gənclik illərini kitab oxumağa, elmə həsr ediblər. Lakin, Fazil Məmmədova rast gələndən sonra onların günəşi Vergilər orqanında çıxıb-batmağa başladı. Sonrası isə göz qabağındadır.
Ancaq oxucuda sual yarana bilər ki, bu qardaşlar niyə “dünən”lərini yadlarından çıxartdılar?!
Belə düşünməyə əsaslar var… Çünki, onların bu hərəkətlərindən bəlli olur ki, vəzifədən çıxarıldığı üçün hökümətdən narazı olan eks-nazir Fazil Məmmədovu dəstəkləməkdə açıq-aşkar canfəşanlıq edirlər.
Çünki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri Natiq Əmirov, Şəmkir icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir icra başçısının 1-ci müavini Qüdrət Əliyev, Şəmkir icra başçısının müavini Aynur Abdullayeva və Şəmkir RPŞ-nin rəisi Cəmil Əmirov eks-nazir Fazil Məmmədovun vaxtı ilə yerləşdirdiyi kadrlardır.
Və onlar yaxın ətraflarına hər dəfə bildirirlər ki, axıracan Fazil Məmmədova sadiq qalacaqlar.

“Qafqaz Xəbər” qəzeti
Geri qayıt