Fazilməmmədovçuları hələ yaxşı təmizləyə bilməyib... - GİLEY

Fazilməmmədovçuları hələ yaxşı təmizləyə bilməyib... - GİLEY Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən azad olunandan sonra sahibkarları narazı salan bir çox vergi əməkdaşları vergi orqanlarından uzaqlaşdırıldı. Xüsusilə Bakı şəhər vergi orqanlarından çoxsaylı əməkdaşlar vəzifələrini itirdilər. Sahibkarların bu proseslərdən əsas gözləntisi onlara qarşı münasibətin dəyişməsi, qarşılıqlı əməkdaşlıq müstəvisinə keçilməsidir.

Lakin bu günlərdə “Yeni Müsavat”a müraciət edən bir qrup sahibkarın dediklərindən aydın olur ki, hələ də vergi orqanlarında onlara maneələr yaradan əməkdaşlar qalmaqdadır. Onlar bildirirlər ki, F.Məmmədovun zamanından qalan bəzi vergi əməkdaşları öz əməlləri ilə aparilan uğurlu islahatlara kölgə salirlar: “Görünür, bəzi rüşvətxor vergi əməkdaşları mütərəqqi islahatların gedişində öz kürsülərində onsuz da çox duruş gətirə bilməyəcəklərini dərk etdiklərindən nə qədər mümkündüsə, daha çox vəzifə səlahiyyətlərindən istifadə etməklə var-dövlət yıgmaga calışırlar” .

Sahibkarların sözlərinə görə, onları ən çox incidən vergi məmurlarından biri də İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin rəhbəri Vüsal Azər oglu İsmayilovdur. Sahibkarlar şikayət edir ki, Vüsal İsmayilov öz idarəsində “iri bazar” açıb: “İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru V. İsmayilov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iri vergi ödəyicisi olan şirkətlərə təzyiq edir ki, bütün alqı-satqı müqavilələri və pul köcürmələri yalniz onun çətiri altında işləyən şirkətlər vasitəsilə aparılsın. Hətta ayrı-ayrı şirkətlərlə bağlanmış müqavilələri ləğv etdirməkdən də çəkinmir. Tabe olmayan şirkətlərin isə min cür bəhanələrlə hesabları bağlanır və ya qanunsuz olaraq iri məbləğlərdə cərimələrlə şirkətin iş fəaliyyəti çətinləşdirilir. Dövlət sifarişlərini yerinə yetirən, tenderlərin qalibi olan iri vergi ödəyicisi olan şirkətlər isə fəaliyyətlərində problem yaranmasın deyə Vüsal İsmayilovun çaldığı havaya oynamağa məcbur olurlar”.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən mövqe öyrənməyə çalışırıq. Bu məqsədlə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etmişik, suallarımıza veriləcək cavabla sizləri də tanış edəcəyik.
Geri qayıt