Səbail Rayon İcra Hakimiyyəti başçısının özbaşınalığı

Səbail Rayon İcra Hakimiyyəti başçısının özbaşınalığı Buna nə ad verək?

...Bir şeyi başa düşə bilmirəm, ölkə başçımız cənab İlham Əliyev az qala hər nitqində dövlət məmurlarına, vətəndaşlara qarşı həssas və diqqətli olmağı tapşırır, amma bəziləri buna məhəl qoymur. Səbail Rayon İcra Hakimiyyətində olduğu kimi.
Mənim 1995-ci ildən Səbail rayonu ərazisində mənzilim, daha doğrusu, öz vəsaitimlə tikdirdiyim və bütün hüquqi sənədləri olan evim var. Bu evin otaqlarından təcrid olunmayan təmirli zirzəmisinin giriş qapısı səkidən bir metr, başqa sözlə, altı pıllə aşağıdadır. Bu qapının qarşısı küləkli günlərdə xəzəllə, zir-zibillə, yağmurlu günlərdə isə su ilə dolur, həm mənzil, həm də səki ilə hərəkət edən insanlar üçün əsl təhlükə yaranır. Hətta bir neçə dəfə yağış sularının zirzəmiyə dolması, taxta-laminat döşəmənin qabarması və sıradan çıxması halları da baş verib. Nəticədə, təmir üçün iri məbləğdə əlavə xərcə düşmüşəm.
Mən, qanunsevər insanam, həyatım qədər sevdiyim ölkəmin, dövlətimin qanunlarını heç vaxt pozmaram. Odur ki, təhlükəli vəziyyətin qaydaya salınması, pillələr üzərinə binanın fasadına uyğun örtük quraşdırılması üçün dəfələrlə aidiyyəti dövlət strukturlarına, o cümlədən Səbail rayonundakı 9 saylı Mənzil İstismat Sahəsinin rəisinə müraciət etmişəm. Amma nəticəsi olmayıb.
Problemi öz vəsaitimlə həll etməyi, pilləkan üzərinə qalın şüşə və paslanmayan metaldan nəfis örtük quraşdırmağı qərara aldım və bunun qanuni yolunu öyrənmək üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsini nəzərdən keçirdim. Məcəllənin 79-cu maddəsində məni maraqlandıran sualın konkret qanuni cavabını tapdım:
"Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.5. kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin) ...
79.2-ci maddəyə görə isə bu cür tikintiyə məlumatlandırma icraatı da şamil olunmur."
Buna baxmayaraq, bilirəm ki, Azərbaycan reallığı şəraitində, qanuni olsa da, hər hansı bir iş görmək istəyən kimi, xalq dili ilə desək, JEK-in işçiləri peyda olur və işə maneçilik törədirlər. Odur ki, qanun tələb etməsə də, Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Eldar Əzizova poçtla 10 yanvar 2018-ci ildə vəziyyəti əks etdirən sənədlər, fotoşəkillər və görüləcək işin eskiz-sxemini əlavə etməklə müfəssəl bir müraciət ünvünladım.
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbinə görə dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. Qanunun 10-cu maddəsinə görə isə müraciətə bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır.
Səbail Rayon İcra Hakimiyyətində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş” şöbəsi var və onun 6 əməkdaşı dövlət büdcəsindən əməkhaqqı alır. Buna baxmayaraq mənim ərizəmin taleyindən xəbər çıxmadı. İcra başçısı Eldar Əzizov ümummilli liderimiz Heydər Əliyevin imzaladığı qanuna hörmətsizlik edərək 2 aya yaxın vaxt keçməsinə baxmayaraq müraciətimi cavablandırmayıb. Mülki Məcəlləıyə görə isə susmaq – razılıq əlamətidir.
Odur ki, böyük məbləğdə xərc çəkib sifarişimi rəsmləşdirdim və ustalar nəfis paslanmaz metal profillərlə örtüyün karkasını 4 saat ərzində quraşdırıb qurtardılar.
Ertəsi gün fevralın 28-də 9 saylı “JEK”-dən peyda oldular. Maraqlıdır, şifahi əmr hərbdə, komandir tərəfindən verilir, mülki sahədə yox. JEK rəisi Elmin Zamanov yanındakılara quraşdırılmış karkası sökməyi əmr etdi. Rəis bu göstərişin Rayon İcra Hakimiyyətindən verildiyiuni bildirdi, amma, kimin göstərişi olduğunu demədi.
Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qasımov Tərlan Kamil oğlu da sualımı cavabsız qoydu. Düşündüm, bir halda ki, özünün nümayəndəsi burdadır, deməli, qanunsuz göstərişi də elə başçı verib.
Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏ var. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilib. Bu Əsasnamənin 3-cü bölməsi icra hakimiyyəti başçısının vəzifələrini, 4-cü bölməsi isə səlahiyyətlərini müəyyən edir.
Əsasnamənin 3.1.3-cü bəndində göstərilir ki, başçı müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını təmin edir. 3.1.16-cı bənd isə yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan qurumlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir. Amma başçı təlimatda göstərilən bu vəzifələrini, deyəsən unudub.
3.11.5. ci bənd isə “tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir” – yazılıb. Bu bənd təsdiq edir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizov və tabeliyində olanlar qüvvədə olan yazılı normalarla deyil, əsl cəngəllik qanunları ilə işləyir.
Konstitusiyamız, qanunlarımız, qoşulduğumuz beynəlxalq konvensiyalar vəzifəsindən, irqindən asılı olmayaraq hamının qanun qarşısında bərabərliyini təsbit edir. Mən qanun pozmamışam, icra başçısı isə səlahiyyət həddini aşaraq müqəddəs qanunlarımıza hörmətsizlik nümayiş etdirir. Səhv deyirəmsə, necə deyərlər, “bu meydan, bu şeytan”, buyursun bu hərəkətlərinin qanuniliyini konkret müddəalarla sübut etsin. Qanunları mütəmadi pozan, vətandaşların hüquqlarını tapdayan dövlət məmurları elə qanun qarşısında da cavab versinlər gərək.
Səbail rayonunda, elə mənim evimin qonşuluğunda yüzlərlə analoji vəziyyət var və yağış sularından qorunmaq, piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə həmin yerlərdə qanunla icazə tələb olunmayan örtüklər, kiçik memarlıq formaları qurulmuşdur. Mərkəzi küçələrdə, bilavasitə 9 nömrəli Mənzil İstismar Sahəsinin ərazisində elə qondarma tikintilər də var ki, ümumiyyətlə, heç bir memarlıq və şəhərsalma üslubuna, tikinti norma və qaydalarına uyğun deyil, hamının bildiyi əyri yollarla Səbail Rayon İcra Hakimiyyətində bu obyektlərin tikintisinə “göz yumublar” və indi də yummaqda davam edirlər. Bəs buna nə ad verək?
Eldar İsmayılov,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti
Səbail Rayon İcra Hakimiyyəti başçısının özbaşınalığı
Səbail Rayon İcra Hakimiyyəti başçısının özbaşınalığı
Səbail Rayon İcra Hakimiyyəti başçısının özbaşınalığı
Geri qayıt