Dövlət qəzeti iki naziri və komitə sədrini yıxıb-sürüdü: prezidentə GMO xəyanəti...

Dövlət qəzeti iki naziri və komitə sədrini yıxıb-sürüdü: prezidentə GMO xəyanəti... Vaxtaşırı ayrı-ayrı dövlət orqanlarını, məmurları tənqid edən rəsmi qəzetlərdən biri olan “Respublika” bu dəfə iki nazirliyi və bir komitəni hədəfə alıb

Genetik modifikasiya olunmuş (GMO) məhsullar barədə məqalə dərc edən qəzet Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərini yıxıb-sürüyüb.

Məqalədə deyilir ki, bu orqanların bəzi qurumları səmərəli işləyə, aktiv ola bilmədilər. Prezident də bu qurumların bazalarında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə müvafiq sərəncam imzaladı.

Yeni qurum GMO təhlükəsini ram edə biləcəkmi? İndi gözlər böyük ümidlə təzə yaradılan Agentliyə dikilib.

Qəzet yazır ki, ən təhlükəlisi uşaq qidaları genlərinin dəyişdirilməsidir (dondurma, kolbasa, sosiska, makaron, ət məhsulları və s.)
GMO məhsullar insanlarda tədricən cürbəcür xəstəliklər yaradır, hətta sonsuzluğa, xərçəngə gətirib çıxarır. Bu, artıq bütün dünyada həkimlər tərəfindən birmənalı olaraq qəbul olunub, təsdiqlənib.
Kim bunun əksini “sübut” eləməyə çalışırsa, bu, göydə Günəşi danmağa bənzəyir. Çox təəssüf ki, bizdə göydə Günəşi danmağa hazır olan şəxslər də tapılır.
Arxasında işbazların, inhisarçıların dayandığı və onların “maliyyələşdirdiyi” bir adam televiziyaya çıxa, qeyri-ciddi qəzetlərə yol tapa bilir.
Başlayır şirin-şirin GMO məhsulları boğazdan yuxarı tərifləməyə. Amma uşaq da başa düşür ki, onun bu canfəşanlığının (əslində isə vicdansızlığının) arxasında rüşvət dayanır.
Təəssüf ki, bu gün bazarlarımızda (iri ticarət mərkəzlərində) pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO məhsullarıdır. Qapalı şəraitdə kimyəvi üsulla yumurtladılan (yumurtlayan yox ha!) toyuqdan nə gözləyək?
Lap bu yaxınlarda məlum oldu ki, yararsızlığı bir yana, “yumurtalar” ümumiyyətlə saxta imiş, yəni kimyəvi üsulla əldə düzəldilirmiş. Düyü də bu cür. İndi plovdan ətir gəlmir, xəmir olub yapışır bir-birinə.
Patent komitəsi sədri Ramiz Həsənov, kənd təsərrüfatı naziri Heydər Əsədov və iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbəri olduğu qurumlar bu istiqamətdə səmərəli iş aparmayıblar.
Bunu ayrı-ayrı müstəqil qəzetlər, portallar yazmır, artıq rəsmi qəzetlər dilə gətirir. Yəni, prezident məmurların gördüyü işin effektsizliyinə görə yeni Agentlik yaratmağa məcbur olub.
Təəssüf ki, Azərbaycanda GMO malların yoxlanılması üçün nə müasir mütəxəssislər var, nə də laboratoriyalar.
Bu məsələ gömrük orqanları və Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində yoxlanılmır. Qanunlar da bunu qadağa etmir.
GMO meyvələrin yerli mallardan baha olmasının səbəbi isə istehlakçı maarifçiliyinin aşağı olması ilə bağlıdır. İstehlakçını malın görkəmi cəlb edir, nəinki onun daşıdığı vitaminlər.
Lakin istehlakçı bilməlidir ki, qurdlamış meyvə o deməkdir ki, ona qurd dəyib. Biz istehlakçını yaxşı maarifləndirməliyik.
Bahalaşmadan danışan hakimiyyət ilk növbədə normal biznes mühitini formalaşdırmaq barədə düşünməlidir. Monopoliya ölkəni başına alıb gedir. Gələcəkdə belə addımların fəsadları daha ağır olacaq.
İqtisadiyyatın vəziyyəti elədir ki, bazar rəqabət nəticəsində tamamilə məmurlar tərəfindən ələ alınıb. Monopoliyanın aradan qaldırılması məmurların iqtisadiyyatdan uzaqlaşdırılması ilə baş tuta bilər.
Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, iri məmurlar xaricdən geni dəyişdirilmiş məhsullar gətirməkdə davam edirlər.
Çox maraqlıdır, prezident GMO-larla (genetik modifikasiya olunmuş məhsullar) bağlı sərt ismarıclar verir, sərəncamlar imzalayır, amma əməl edən yoxdur.
İri məmurlar prezidentin sərəncamını qulaq ardına vururlar. Deməli, tək sərəncam verməklə iş bitmir. Sərəncamın yerinə yetirilməsinə nəzarət edilməlidir. Ciddi tələb olmalıdır.

FİA.Az
Geri qayıt