Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə bağlı müraciət

Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə bağlı müraciət Sabiq prezident Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi üzrə Təşəbbüs Qrupu Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına müraciət edib.

Təşəbbüs Qrupu hər kəsi yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edib.

Müraciətdə deyilir:

"2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq. Heç şübhəsiz, onlardan ən mühümü Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-milli dövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili "Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik.

2018-ci ildə xalqımız həm də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının memarı, 1988-ci ildən başlamış Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri, dövlətimizin ikinci prezidenti Əbülfəz Elçibəyin (1938-2000) anadan olmasının 80 illiyini qeyd edəcək. 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açmış görkəmli dövlət adamı Əbülfəz Elçibəyin xatirəsini soydaşlarımız daim əziz tutublar və onun 80 illik yubileyinin də layiqincə qeyd olunacağına ürəkdən inanırıq.

Təəssüflə bildirməliyik ki, son onilliklərdə siyasi baxımdan qütbləşmiş cəmiyyətimizdə bütün toplumun eyni tədbiri iqtidarlı-müxalifətli birgə gerçəkləşdirməsi milli arzularımızdan biri olaraq qalır. Əbülfəz bəy siyasi baxımdan ayrı-seçkilik etmədən bütün yurddaşların millətin bir zərrəsi kimi dəyərləndirərək məhəbbətlə yanaşır, bəzən hətta şəxsi nüfuzunun zədələnəcəyini göz önünə alaraq ən barışmaz tərəfləri bir araya gətirməyə çalışır və çox vaxt buna nail olurdu.

Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. Biz, Təşəbbüs Qrupu olaraq iqtidar-müxalifətliyinə baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik.

Təşkilat Komitəsi ilə bağlı fikir və təkliflərinizi +99470-355-08-07 nömrəli telefonla Təşəbbüs Qrupuna bildirməyinizi xahiş edirik".

Qeyd edək ki, müraciəti Ədalət Tahirzadə (Professor, Əbülfəz Elçibəyin mətbuat katibi), Mircəlal Yüsifli (Elçibəy İrsini Araşdırma Fondunun sədri), Abbas Musayev (Əbülfəz bəyin dostu, Fizika-Riyaziyyat Elmləri namizədi), Novella Cəfəroğlu (Dilarə Əliyeva adına QHMC-nin sədri), Mehriban Vəzir (Yazıçı), Almaz Əliqızı (Professor), Oqtay Məmmədov (Prezidentin mühafizə xidməti rəisinin sabiq 1-ci müavini) və İsfəndiyar İsgəndərov (Sabiq Milli Ləl-Cəvahirat fondunun direktoru) imzalayıb.
Geri qayıt