“Onun xidmətləri daim yüksək qiymətləndirilib” - Əli Həsənov

“Onun xidmətləri daim yüksək qiymətləndirilib” - Əli Həsənov Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezidentin köməkçisi Əli Həsənov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynova təqdim edib.

Mərasimdə çıxış edən Əli Həsənov Azərbaycan dövlətinin veteranlara, ölkəmizdə veteran hərəkatının inkişafına daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin ənənəsinə sadiq qalan dövlətimizin başçısı İlham Əliyev hər il 9 May – Qələbə Gününü veteranlarla birlikdə qeyd edir, onlarla görüşür, qayğıları ilə maraqlanır.

General-polkovnik Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğundakı və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışan Prezidentin köməkçisi onun şərəfli həyat yolunun veteranlarımızla yanaşı, gənclərimizə də nümunə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Tofiq Ağahüseynov sovet dövründə general-polkovnik rütbəsinə layiq görülən yeganə azərbaycanlıdır. Onun xidmətləri təkcə keçmiş SSRİ Silahlı Qüvvələri ilə bağlı deyil. General-polkovnik Tofiq Ağahüseynova müstəqil Azərbaycana xidmət etmək şərəfi də nəsib olub. İstedadlı hərbi xadim, vətənpərvər insan olan Tofiq Ağahüseynov zəngin bilik və təcrübəsini Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına, ölkəmizdə ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafına, eləcə də gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə sərf edib.

Tofiq Ağahüseynovun respublikamızda veteran hərəkatının inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinin təmin olunmasına mühüm töhfələrini qeyd edən Əli Həsənov bildirib ki, onun xidmətləri istər sovet dövründə, istərsə də müstəqillik illərində daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 1 fevral və 2013-cü il 17 yanvar tarixli sərəncamları ilə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunub. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 31-də imzaladığı Sərəncamla isə Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Əli Həsənov 95 illik yubileyi və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə Tofiq Ağahüseynovu bir daha təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov ölkəmizdə veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Doğrudan da mənim üçün xoşbəxt gündür. Mən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişəm. Bu il veteranlar təşkilatımızın qarşısında çox böyük vəzifələr dayanır. İlk növbədə, biz ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyini, Azərbaycan Ordusunun 100 illiyini qeyd edəcəyik. Bu il həm də prezident seçkiləri keçiriləcək. Respublika Veteranlar Təşkilatının bütün üzvləri seçkilərdə fəal iştirak edəcək, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər”.
Geri qayıt