AMEA-dan işdən çıxarılan əməkdaşdan ŞOK İDDİA - "İnstitutun ərazisini satıb 2 mənzil aldı"

AMEA-dan işdən çıxarılan əməkdaşdan ŞOK İDDİA - "İnstitutun ərazisini satıb 2 mənzil aldı" Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstututunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu qanunsuz olaraq, işindən uzaqlaşdırıldığını iddia edir. 4 övlad sahibi olan E.Ağayevin iki övladı tələbə, digər ikisi isə məktəblidir.

Cebhe.info-ya müraciət edən şikayətçi bildirir ki, məcburi köçkündürlər, sosial vəziyyətləri də ağırdır.

İşinin bərpa olunması üçün o prezidentə də müraciət edib. Onun sözlərinə görə, AMEA rəhbərliyində təmsil olunan bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib:

“29.09. 2014-cü ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəsmi göndərişi ilə AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşdum. İşlədiyim müddətdə vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Lakin buna baxmayaraq, 2017-ci ilin aprelində AMEA rəhbərliyi tərəfindən hər hansı qanuni əsas olmadan işimdən uzaqlaşdırılmışam.

Direktor Bəxtiyar Məmmədov dedi ki, get AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevlə danış, sənin işdən çıxarılmağını o tələb edir.

Davamlı olaraq üzrlü səbəbdən işə gəlməyən əməkdaşlardan biri Xəlilli Leylanın işə gəlməsini tələb etdim. Sonradan həmin əməkdaşın Fətəli Abdullayevin qohumu olduğunu öyrəndim. İnstututun o zamankı rəhbəri Akif Əzizov bunu mənə açıq söylədi və dedi ki, F. Abdullayev səni işdən çıxarmağımı tələb edir.

Bundan başqa, AMEA-nın İşlər İdarəsi F. Abdullayevin PMİ ilə bağlı digər qanunsuz əməllərinin, qanun pozuntularının qarşısını almağa çalışdığıma görə mənimlə düşmən kəsildiyini etiraf edib.

Belə ki, institutun ərazisinin xeyli hissəsinin (27 may, 2015-ci ildə “Sumqayıt MTK” ilə bağlanan 15 saylı müqavilə) qeyri-qanuni olaraq, hansısa tikinti firmasına verilməsi “əməliyyatı”nı F.Abdullayev şəxsən özü həyata keçirib. Qarşılığında isə F. Abdullayev həmin firmadan 116 və 110 kvadratmetrlik iki dənə 3 otaqlı mənzil alıb”.

Qarşı tərəf olaraq, AMEA-nın da rəsmi möqeyini işıqlandırmaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, bu mümkün olmadı.
Geri qayıt