Əvəz Ələkbərov ona verilən suallardan niyə yayınır?

Əvəz Ələkbərov ona verilən suallardan niyə yayınır? “Təzadlar” qəzetinin rəsmi tezadlar.az saytının ötən buraxılışında Azərbaycan Dövlət İqtisad Universitetində çalışan müəllimlərin redaksiyaya göndərdiyi məktub əsasında “Müəllimlərdən Əvəz Ələkbərova 9 sual” başlıqlı yazı dərc edilmişdir. Hələki ADİU-nun birləşmiş kafedra müdiri Əvəz Ələkbərovdan qeyd olunan suallara cavab daxil olmamışdır.
Xatırladırıq ki, məktub müəllifləri həmin müraciətlərində qeyd etmişdilər ki, “Suallar çoxdur. Əgər bu sualları ünvanlı dərc etsəniz, növbəti maraqlı suallarımızı göndərəcəyik. Sizin atdığınız addımı gözləyirik...”.
Biz qərəzçilikdən uzaq, sırf sorğu-sual formasında olan həmin məktubu təqdim etmişdik. Və ötən gün müəllimlərdən daha bir məktub daxil olmuşdur. Bu dəfə məktubda 5 sual qoyulmuşdur. Həmin suallarda dəqiqləşdirilməsinə lüzum olan ciddi məqamlar vardı və bəzi dəqiqləşdirilmələrdən sonra təqdim edirik.
Bir daha xatırladırıq ki, qəzet “KİV haqqında” Qanunun tələblərinə uyğun olaraq redaksiyaya daxil olmuş və ictimai maraq kəsb edən məlumatları araşdıraraq (əgər ehtiyac duyularsa) ictimai müzakirəyə təqdim edir, həmçinin maraqlı tərəflərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşaraq onların cavab haqqını tanımaqla dərc etməyə hazırdır.

Beləliklə, həmin sualları aşağıda təqdim edirik:

“Hörmətli redaksiya! Minnətdarıq ki, göndərdiyimiz sualları Azərbaycan Dövlət İqtisad Universitetinin birləşmiş kafedrasının müdiri, sabiq maliyyə naziri Əvəz Ələkbərovun diqqətinə çatdırdınız. Onun narahatlığını hər gün görür, hiss edirik. Lakin arzulayardıq ki, Əvəz müəllim təqdim etdiyimiz bu sualları cavablandırsın. Öncədən səmimiyyətlə bildiririk ki, bizim nə Əvəz Ələkbərovla, nə də ADİU-nun rektoru hörmətli Ədalət Muradovla və ya başqaları ilə heç bir qərəzimiz, yaxud problemimiz yoxdur. Əksinə, yaxşını danmaq yaxşı əlamət deyil. Biz də təqdir edirik ki, rektor Ədalət Muradov rəhbəri olduğu Ali təhsil müəssisəsində beynəlxalq standartlara cavablı islahatlara start verib və nəticəsi perspektivə hesablanıb. Şəxsən, biz-bu məktubun müəllifləri olaraq rektorun atdığı bütün islahatlı addımları təqdir edirik, lakin eyni zamanda ortada mövcud olan, bəlli islahatların ardınca qalan və bizim də bəyənmədiyimiz bəzi problemlərin həllini istəyirik. Odur ki, indi təqdim edəcəyimiz sualların da mahiyyəti həmin ADİU daxili problemlərin həllini arzulamaq istəyindən doğub.
Hörmətli Əvəz müəllim! Suallarımızdan biri Sizin ADİU-da bir gün belə dərs demədən “Azərbaycanın Əməkdar müəllimi” Fəxri adı almağınızla bağlıdır. Biz, bu məktubun müəllifləri 15, 20, 25 ildir bu təhsil ocağında tələbələrə dərs deyirik. Özü də vicdanla dərs deyirik. Bu bizim vəzifəmizdir və heç vaxt hansısa fərqlənmənin arzusunda olmamışıq. Müəllimin ən böyük ərzusu yetişdirdiyi tələbələrini layiqli vəzifələrdə görməkdən başqa nə ola bilər ki! Amma görəndə ki, bir saat belə dərs deməmiş kiminsə birdən-birə “Əməkdar müəllim” olması baş verir, bu bizi həvəsdən salır, içimizdə suallar yaradır. Bunu bilən tələbələrə gələcəkdə ədalətli olmağı necə öyrədə bilərik?! Bilirik ki, Siz də sual qarşısındasınız ki, axı belə hal ədalətsizlikdir. Soruşuruq, siz bu vəziyyətlə necə barışırsınız?
İkincisi, Əvəz müəllim, biz mətbuatdan Sizin doktorluq işinizin AMEA-nın İqtisadiyyat İnstitunda deyil, ixtisasınıza və mövzunuza qətiyyən uyğun olmayan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda müdafiə edilməsini oxuduq. AMEA-nın İqtisadiyyat İnstitunun sabiq direktoru, akademik Şahbaz Muradov KİV-ə açıqlamasında bu məsələdə ciddi müəmmanın olduğunu yazır. Soruşuruq: Siz niyə AMEA-nın İqtisadiyyat İnstitutunda müdafiə edilməli doktorluq işinizi qəflətən aidiyyəti olmayan instituta daşıyaraq müdafiə edə bildiniz? Bunun sirrini bizə də öyrədə bilərsinizmi? Axı nə qədər mütəxəssislər, gələcəyin alimləri var ki, bu müdafiələrdə çox əziyyətlər çəkirlər, onlar da yazıqdır, sadə yolu bəlkə onlara da öyrətmək lazımdır?!
Üçüncüsü, ötən dəfə dedik, Siz professor olmaya-olmaya “Professorlar klubu”nun yaranmasının təşəbbüskarı və hazırda rəhbərisiniz. Bu günlərdə isə rektorun əmri ilə “Tələbə Akademiyası” yaradılıb. Sonuncu akademiyanın da təşəbbüskarı sizsinizmi və bu “Professorlar Klubu”na alternativdirmi? Elədirsə, bunda məqsəd nədir?
Dördüncüsü, bizə çatan məlumata görə, yanvarın 24-də, srağagün, ADİU-nun iqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalovun (məzuniyyətdə olsa da, təcili olaraq geri çağrılıb), ADİU-nun baş mühasibi Nəsimi İsmayılovun və daha iki nəfərin iştirakı ilə rektorun yanında təcili məşvərət-iclas keçirilib. Universitetdə söz gəzir ki, bu Sizin hansısa dövlət orqanına ADİU-da aparılan yoxlamaların gedişi ilə bağlı etdiyiniz bəzi müraciətlərlə bağlıdır. Bu doğrudanmı belədir?
Nəhayət, bu günlərdə “20 yanvar”la bağlı ADİU-da keçirilən toplantıda bir şəhid anası zəng edərək bizə bildirdi ki, “Qala divarlarına həkk olunmuş şəhidlər lövhəsi oradan çıxarılaraq universitetin həyətində namünasib... yerə qoyulub. Bu hansı islahatçının ideyasıdır???”. Əvəz müəllim, Sizi çoxları ictimai-elmi xadim kimi təqdim edir. Niyə həmin toplantıda bu məsələni rəhbərliyin diqqətinə çatdırmadınız?
Sonda bir daha inanırıq ki, suallarımızın qərəzli olmadığına əmin olacaqsınız və bunlar Sizin bir sıra problemlərinizin gələcəkdə təkrarlanmayacağına kömək məqsədlidir”.
P.S. Yazı çapa hazırlanarkən redaksiyanın elektron poçtuna bir məlumat daxil oldu. Məlumatda bildirilirdi ki, Əvəz Ələkbərov ötən buraxılışda təqdim edilən sualları cavablandırmağa çalışır... KİV olaraq həmin cavabları olduğu kimi təqdim etməyə hazırıq...

tezadlar.az
Geri qayıt