Polkovnik iki naziri TƏNQİD ETDİ-"Sabotajla məşğuldurlar"

Polkovnik iki naziri TƏNQİD ETDİ-"Sabotajla məşğuldurlar" Əziz dostlar! Hörmətli həmkarlar!

Diqqətinizə çatdırmaq istədiyim aşağıdakı qeydləri yazmağı məndən çoxsaylı hərbçi dostlarım və yoldaşlarım xahiş ediblər.

Söhbət bəzi hökumət rəsmilərinin öz vəzifə borclarına son dərəcə səhlənkar və məsuliyyətsiz yanaşmasından gedir. Hətta mən deyərdim ki, öz yarıtmaz fəaliyyətləri ilə onlar dövlət başçısının, indiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanının nüfuzuna xələl gətirirlər. Və inşallah inanıram ki, adlarını qeyd edəcəyim həmən məmurlar bu il formalaşacaq yeni Nazirlər Kabinetində yenidən etimad qazanmayacaq və vəzifələri ilə vidalaşmalı olacaqlar.
Mən bir dəfə yazmışdım və bir daha təkrar da olsa yazıram ki, maliyyə naziri Samir Şərifov və Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri Səlim Müslümov öz bəzi addımları ilə faktiki sabotajla məşğuldurlar.
Artıq ayın son günləridir. Amma bu günə kimi bu iki məmur hələ də üzərinə düşən vəzifə borclarını yerinə yetirməyiblər. Mən ümumilikdə bu iki məmuru qeyd edirəm ki, qoy yanvarın 29-da səhər işə gələndə öz aralarında araşdırsınlar ki, bunların özləri, yaxud da tabeçiliyində olan kimlər yüz minlərlə insanı dövlətdən və hökumətdən narazı salır. Söhbət insanların Halal pensiya və təqaüdlərinin davamlı şəkildə gecikdirilməsindən və vaxtında ödənilməməsindən gedir. Təvazökarlıqdan uzaq da olsa, yazmağa məcburam. Mənim Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərim adlarını yuxarıda qeyd etdiyim hər iki nazirin bir yerdə xidmətlərindən və faydalı iş əmsalından dəfələrlə çoxdur və bunu o şəxslərə də sübut edə bilərəm. İndi onların hər ikisi mərhum prezident Heydər Əliyevə və hazırkı dövlət başçısı İlham Əliyev cənablarına minnətdar olmalıdırlar ki, onların bəxti gətirib və mühüm vəzifələrdə hələ ki çalışırlar. Ancaq, dəfələrlə olub ki hər iki vəzifəli şəxslə bağlı ölkə rəhbərliyi bəzi ciddi irad və narazılıqlarını həm acıq, həm də qapalı tədbirlərdə dilə gətirib. Görün bu nazirlər necə məsuliyyətsizdirlər ki, şəxsən mənim halal pensiya və təqaüdümü müxtəlif bəhanələrlə gah gecikdirir, gah verilmə tarixini keyfləri istədiyi şəkildə dəyişir və bir söznən özbaşınalıq edirlər. Mən hələ Qarabağ müharibəsinin iştrakçısı kimi dövlətimin mənə və minlərlə veteranlara müavinat şəkilində verdiyi 11(on bir) manat pulu da Səlim Müslümovun 6 ilə yaxındır ki,(2012-ci ilin mayın 1-dən etibarən) qeyri-qanuni dayandırdığını demirəm. Bu haqda biz yaxın günlərdə dövlət başçısına hərtərəfli geniş izahatla, Ali Məhkəmənin Qərarını da əlavə etməklə Məktub-müraciət təqdim edəcəyik.
Hələliksə, başqalarını deyə bilmərəm, öz adımdan hər iki nazirdən xahiş deyil, tələb edirəm: Samir Şərifov və Səlim Müslümov cənabları, ya da ola bilsin yoldaşları, mən sizə o haqqı tanımamışam ki, siz mənim dövlətdən qanuni aldığım maliyyə vəsaitini gecikdirəsiniz. Necə ki, şəxsi fikrimə görə, haqqınız çatmadığı halda dövlətdən kifayət qədər yüksək məvacib almağınızı müzakirə etmirəm və heç o pullarda gözüm də yoxdur. Amma, TƏLƏB edirəm ki, öz vəzifə borclarınızı vaxtlı-vaxtında yerinə yetirəsiniz. Mən peşəkar zabit olmuşam və özümü də kifayət qədər ciddi insan sayıram. Qeydlərimi öz adımdan yazdım və elə bilməyin ki, bu təkcə mənim fərd olaraq problemim və ya qayğımdır. Bu xahişi Sizdən minlərlə canını və qanını Azərbaycan Dövləti və Dövlətçiyi üçün qoymuş insanlar,həmçinin o minlərlə insanın ailə üzvlərini də bura əlavə etsək,, yalan olmasın, milyona yaxın insanlar adından yazıram və çatdırıram. Ayılın və insanlarla necə işləmək lazım olduğunun məsuliyyətini dərk edin. Bilirəm, sərt yazdığım qeydlər "çestinizə" dəyə bilər və yəqin ki, dəyib də. Amma, Sizə dövlət rəhbərliyi vəzifə həvalə edib və bütün müşavirə və iclaslarda da dönə-dönə tapşırır ki, insanlarla işləməyi öyrənin və onları razı salın. Əgər sizə çətindirsə, ölkə rəhbərliyi Sizə münasib bir başqa iş tapmaqda kömək edəcək. Hələliksə çox da geniş yazıb açıqlamıram ki, bu qədər iqtisadi imkanları olan, regionun sabit və stabil dövlətlərindən birinin iki məsuliyyətsiz və səhlənkar məmuruna görə bizi bədnam qonşularımız və ya digər qüvvələr tənqid, lağ atəşinə tutsunlar. Çevik və məsuliyyətli olmaq hər bir məmurun vəzifə borcudur. Silahlı Qüvvələrin adı olan yerdə isə, məsuliyyətiniz birə on artıq olmalıdır. Çünki Sizi vəzifələrə təyin edən şəxs həm də biz hərbçilərin Ali Baş Komandanımız sayılır. Onun tapşırıq və göstərişləri heç bir halda GECİKDİRİLƏ və ya yubadıla bilməz. Bunun cəzası çox ağır olur.
Tanrı Azərbaycanımızı və Silahlı Qüvvələrimizi, bütövlükdə Ordumuzu qorusun!

Üzeyir Cəfərov,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert
Geri qayıt