Bakıda “kazino mafiyası” at oynadır - şəhərin mərkəzində şıdırğı qumar gedir – Video

Bakıda “kazino mafiyası” at oynadır - şəhərin mərkəzində şıdırğı qumar gedir – Video Bakıda aşkar şəkildə kazinolar fəaliyyət göstərirlər. Onlardan biri Yeni Yasamalda Dadaş Bünyadzadə küçəsində yerləşir. Tanınmış vəkil Aslan İsmayılov "Gülüstan” şadlıq sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz fəaliyyət göstərən kazinodan görüntülər yayıb.
Video çəkilişdə danışanlardan biri qeyd edir ki, qumarxana bir aydan çoxdur işləyir. Mərasim zalının 1-ci mərtəbəsində yerləşən kazinoya istənilən şəxs daxil olub pul uduşu qoya bilir.
Şəhərin müxtəlif ünvanlarında çayxana adı altında kazinolar açılıb. Azərbaycanda kazino fəaliyyəti rəsmi olaraq yasaqdır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.
Belə obyektlər adətən çay evləri, internet klubları kimi maskalanmaqla fəaliyyət göstərir. Bəzi məntəqələr isə ümumiyyətlə adsızdır. Bakıda fəaliyyət göstərən əksər kazinolar bir neçə şəxsin əlində cəmlənib. Onlar özlərini "toxunulmaz şəxs” statusunda aparır, himayədarları olduqlarını bəyan edir, lotu dəstələri saxlayırlar. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırır. Belə olan halda nəyisə sübut etmək çətin olur. Çünki proqram avtomatik itir. Hər ay milyonlarla manatın qanunsuz olaraq qəsb edildiyi bu kazinolar neçə-neçə ailənin də bədbəxt olmasına yol açıb. Bu kazinolarda bir gecənin içində hər şeyini- evini, maşınını, obyektlərini uduzanların sayı təxmin edə biləcəyinizdən də çoxdur. Gizli kazinolar əsasən Bakı, Xırdalan və Sumqayıt ərazilərində, habelə bir çox rayonlarda fəaliyyət göstərir.
Bakıda hər ay milyonların dövr etdiyi qumar biznesinin yetərli hissəsinə "Qara Vəzir” kimi tanınan şəxs başçılıq edir. "Qara Vəzir” əsasən metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək orada qumarxana açır.
Criminal.az saytının əldə etdiyi məlumata görə, belə qumarxanalardan bir neçəsi Nizami, Nərimanov, Sabunçu rayonlarında fəaliyyətə başlayıb.
Geri qayıt