Bakıda qəzaya uğrayan avtobus kimindir?

Bakıda qəzaya uğrayan avtobus kimindir? Yanvarın 6-ı qəzaya uğrayan 175 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı, "99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə bağlı maraqlı detallar ortaya çıxıb.
2 gündür sosial mediada yer alan xəbərlərdə marşrut xəttinin sahibi haqqında müxtəlif versiyalar səslənirdi, amma heç bir xəbərdə dəqiq informasiya qeyd olunmurdu.
Qaynarinfo-ya daxil olan məlumata görə, marşrut xətti Dövlət Avtomobil Nəqliyyat Xidmətinə məxsus olub. Məsələni araşdırmaq üçün Dövlət Avtomobil Nəqliyyat Xidmətinə zəng etdik. Qurumdan adının çəkilməsini istəməyən əməkdaş Qaynarinfo-ya bildirdi ki, bu marşrut xətti həqiqətən əvvəllər DANX-yə məxsus olub, lakin sonralar Bakı Nəqliyyat Agentliyi guya işin effektivliyinin artırılması məqsədi ilə xətti onlardan alıb, özəl şirkətə verib. Amma məsələ ondadır ki, DANX-nın bu işdə 30 ildən çox təcrübəsi var.
Məsələni araşdırdıqda məlum oldu ki, BNA bu reysi alaraq, verdiyi şirkət icra başçılardan birinin oğludur. Həmin şəxs sərnişindaşıma sahəsində təcrübəsiz olması ilə yanaşı, 175 nömrəli xətt üzrə Sumqayıtdan və digər yerlərdən istifadəyə yararsız avtobusları reysə cəlb edib.
Bundan başqa araşdırma nəticəsində o da məlum olub ki, "işin keyfiyyətinin artırılması" məqsədi ilə DANX-dən alınan marşrut xətti özəl şirkətə verilsə də, qəza törədən Ağayev Kamranın nəqliyyat idarətmetə hüququ yox imiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunub.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun yaydığı açıqlamada həmin şəxsin saxlanılması qeyd olunub. Ancaq sürücüyə sükanı verən BNA-nın seçdiyi şirkət haqqında heç bir məlumat yoxdur.
Qeyd edək ki, yanvarın 6-da saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı, "99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb. Nəticədə 20 nəfər yaralanıb.
Geri qayıt