Bakı yollarında nömrəsiz “Oka”lar - özlərini gizli saxlayanlar kimlərdir?

Bakı yollarında nömrəsiz “Oka”lar - özlərini gizli saxlayanlar kimlərdir? Ərşad Hüseynov: “Onlar həm özlərinə, həm də özləri statusda olan adamlara hörmətsizlik edirlər”; Rey Kərimoğlu: “Bu avtomobilləri sürənlər 1941-45 veteranlarının nəvələridir”
Bakı yollarında üzərində dövlət qeydiyyat nişanı olmadan “Oka” avtomobillərini idarə edənlərin sayı artıb. Şəhərin mərkəzi küçələrində hərəkət edən bu avtomobillər yol polisinə belə məhəl qoymadan şütüməkdə davam edirlər.
Həmin şəxslərdən nə üçün nömrəsiz avtomobil sürdüklərini soruşduqda isə bildirirlər ki, qanuna görə, bu avtomobilləri nömrəsiz sürməyə icazə var.
Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, kimliyindən asılı olmayaraq üzərində dövlət qeydiyyat nişanı olmayan avtomobillərin hərəkəti qanun pozuntusudur: “Dünyanın hər yerində mexaniki nəqliyyat vasitələrinin hamısının dövlət qeydiyyat nişanları olmalıdır. Bu nişansız heç bir avtomobilin yollarda hərəkət etməsinə icazə verilmir. Yollarda nömrəsiz avtomobil aşkarlanarsa, dövlət yol polisi dərhal onu dayandırmalı, sənədlərini araşdırmalıdır. Sənədlər də müxtəlif ola bilər. Biri ola bilər ki, avtomobili dövlət qeydiyyatına aldırmayıb və ona 50 manat cərimə yazıb başa salırlar ki, dərhal get qeydiyyatdan keç. Digərləri deyə bilər ki, nömrə almışam, ancaq avtomobili belə də sürə bilərəm. Həmin şəxslərə də 40 manat cərimə yazıb deyirlər ki, nömrəni bağla üstünə. Üçüncü bir variant da budur ki, adam deyir ki, nömrəni alıb, evə qoymuşam. Belə olduğu halda isə avtomobili cərimə meydançasına aparırlar. Deyirlər ki, get nömrəni gətir, üzərinə bağla, 60 manat da cərimə yazırlar. Dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini sənədləşdirən nömrədir. Hər bir halda mexaniki nəqliyyat vasitəsinin idarə olunması yüksək təhlükə mənbəyidir. Ona görə də bunlar hər zaman sənədləşdirilə bilən olmalıdır. Bilinməlidir ki, kim haradan gəldi, harada qaydanı pozdu və sairə”.
Ekspert bildirib ki, polislər bu kimi avtomobilləri saxlasalar da, onların sürücüləri qaydalara tabe olmurlar: “Bəziləri bundan sui-istifadə edirlər. Lap həqiqətən də sağlamlığını itirən şəxs olsa da, bu, ona əsas vermir ki, avtomobili nömrəsiz sürsün. Polislər də deyirlər ki, belə adamları saxlayanda vətən qarşısındakı xidmətlərindən danışırlar. Avtomobilin nömrəsi yoxdursa, o, radara da düşməyəcək. Lakin nömrəsiz sürməyin müxtəlif məqsədləri var. Bəziləri deyirlər ki, filankəs ”Oka"nı nömrəsiz sürürsə, mən niyə nömrə ilə sürməliyəm. Nəticədə o da nömrəni çıxarır. İnsanlara başa salmaq lazımdır ki, sizin, mənim və ya qeyrisinin vətən qarışındakı xidmətləri qanunu pozmağa heç bir əsas vermir. Qanunu pozan insan elə vətənə, xalqına hörmətsizlik edir. Mən də müharibə veteranıyam. Adam var ki, “Oka”nın qiymətindən 10 dəfə bahalı avtomobil sürür və sual verir ki, bu avtomobili nömrəsiz sürənlər nə demək istəyirlər? Demək istəyirəm ki, təbliğat həm də belə olmalıdır ki, bu adamlar avtomobili nömrəsiz sürməklə həm özlərini, həm də özləri statusunda olan adamları hörmətdən salırlar".
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da “Yeni Müsavat”a bildirib ki, məsələ onu da narahat edir: “Ötən il bununla bağlı Qarabağ Qazilər Birliyi və bir neçə təşkilat daxili işlər nazirinə müraciət etmişdi. Bildirirdik ki, nömrəsiz ”Oka"lar, “Naz-Lifan”larla bağlı tədbir görülsün. Eyni zamanda bəziləri yerli-yersiz avtomobilin şüşələrinə əlil işarəsi vururlar. Adam var ki, “KamAZ”a, traktora da bu nişanları vurur. Əslində bunların hamısı qanunsuz və yol verilməzdir. Yol polisləri bununla bağlı tədbir görürlər. Yəni nömrəsiz avtomobil sürənlər cərimələnir. Qarabağ əlillərinin 99 faizi avtomobillərinə nömrə vurur. Bu avtomobilləri sürənlər 1941-45 müharibəsi veteranlarının nəvələridir. Maşınlar təkcə Qarabağ əlillərinə verilməyib. “Avtoş”luq edən, qayda pozanlar da dediyim şəxslərdir. Qarabağ əlilləri isə çalışırlar ki, qayda pozmasınlar. Biz iki il dalbadal layihə çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində toplantılar keçirdik. Bu cür nömrəsiz maşın sürənləri ora dəvət edib, izah edirdik ki, belə olmaz. Bizim mövqeyimiz bundan ibarət olub. Ancaq çoxları indi də nömrəsiz maşın sürür. Mən də ikinci qrup Qarabağ əliliyəm və avtomobilimdə nömrə hər zaman yerindədir. Vurulan işarəyə gəlincə isə bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən o adamlara verilir ki, bunların səhhətində, ayağında problemlər var. Nişanın da mənası odur ki, yoldakı digər sürücülər bunu nəzərə alsınlar. Müharibəyə aid olmayan o qədər adam var ki, bu gün həmin avtomobilləri idarə edirlər. Bu da yolverilməzdir".
Geri qayıt