Məşhur vəkil Azad Rəhimovun olimpiya kompleksi biznesini faş elədi

Məşhur vəkil Azad Rəhimovun olimpiya kompleksi biznesini faş elədi Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda bütün Olimpiya komplekslərində idman növləri üzrə bütün seksiyalar pulsuz xidmət göstərir
Nazir bildirib ki, istənilən vətəndaş həmin komplekslərə müraciət edərək heç bir ödəniş etmədən idmanla məşğul ola bilər.
Nazirin bu çıxışı sosial şəbəkələrdə məsxərəyə qoyulub.
A.Rəhimovun dediyini 2017-ci ilin çıxışı adlandıran sosial şəbəkə istifadəçiləri ağ yalan olduğunu qeyd ediblər.
Onların sözlərinə görə, bir müddət əvvəl səhiyyə nazirinin müavininin tibbi xidmətin pulsuz olduğunu deməsi qədər olimpiya komplekslərinin də ödənişsiz olduğunu söyləmək qırmızı yalandır.
Reallıqda isə hamısı pulludur. Tanınmış hüquqşünas Aslan İsmayılov Feysbukda yazıb ki, pulsuz olimpiya kompleksi varsa deyin, biz də bilək:
“Məsələn, Əhmədlidəki Sərhədçi Olimpiya İdman Mərkəzində hər şey pulludur. Özü da pullar heç bir sənəd vermədən yığılır.
Demək həmin pullar ayrı-ayrı adamların cibinə gedir. Ona görə hamıdan xahiş edirəm, heç bir yerə pul verməyin və soruşanda bildirin ki, bu göstərişi nazir Azad Rəhimov verib”.
Lakin təkcə Sərhədçi Olimpiya İdman Mərkəzi deyil, bütün olimpiya mərkəzləri pulludur.
Həm Bakıda, həm regionlarda olimpiya komplekslərindən ödənişsiz istifadə eləmək mümkün deyil. Bu biznesin isə başı elə nazirliyə gedib çıxır.
Hazırda Masallı, Tovuz, Salyan, Quba və s. əksər bölgələrdə olimpiya mərkəzləri pullu xidmət göstərir.
Masallı Olimpiya İdman Kompleksindəki zallardan, qurğulardan istifadə pulludur. İdmanın növündən asılı olaraq qiymətlər müxtəlifdir. Bura gələnlər ayda 10 manatdan tutmuş 25 manata qədər pul ödəməlidirlər.
Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya komplekslərinin layihələndirib və tikilərək istifadəyə verib.
Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir.
Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.
Məlumata görə, olimpiya mərkəzlərinin bəziləri nazirliyin balansında deyil. A.Rəhimovun açıqlaması da məhz həmin İOK-lərinin nazirliyin nəzdinə keçirməyə hesablana bilər.
Bir müdət əvvəl A.Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmdığını qeyd edib: “Dövlətin pulunun olmadığı vaxtlarda Olimpiya Komplekslərini digər strukturlar tikirdi.
Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını“Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır.
Nazir əlavə edib ki, bu komplekslərinnazirliyə verilməsi məsələsi qalxan zaman məlum olub, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb”.
Əvvəla, hazırda respublika ərazisində 50-yə yaxın olimpiya-idman kompleksi fəaliyyət göstərir. Onların bir qismi tikilmək üzrədir. Indi belə mərkəzlərinin hansının kimin balansında olduğu bəlli deyil.
Maraqlıdır ki, özəl şirkətlər indiyədək bunu kommersiya sirri olaraq saxlayırdı. Hətta ictimaiyyət ölkədə özəl olimpiya mərkəzlərinin olmasından xəbərsiz idi.
Doğrudur, qeyri-rəsmi olaraq hansı mərkəzin tikintisinin hansısa məmura tapşırıldığı yazılırdı. Amma bunlar rəsmi şəkildə heç vaxt ictimaiyyətə açıqlanmayıb.
Məsələn, “Azpetrol” MMC özü belə rəsmi saytında bu haqda bir kəlmə belə qeyd etməyib.
Birincisi, dövlət büdcəsi hesabına tikilən və İdman və Gənclər Nazirliyi tərəfindən sifarişi verilən həmin obyektlər təsərrüfat hesablı olsa da, faktiki olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən idarə olunur.
Hətta icra hakimiyyətinin başçılarıidman mərkəzlərini təyinatına uyğun olmayan istiqamətlərdə istifadə edir.
İkinci məqam isə bunlar MMC olaraq müstəqil fəaliyyət göstərirlərsə, demək ki gəlirləri var. Həmin gəlirlər hara gedir, ondan vergi ödəyirlərmi?
Nazirlik nə qədər açıqlama versədə ki, olimpiya komplekslərində məşqlər pulsuzdur, hər kəs bilir ki bu belə deyil. Əslində, nazirliyin bu açıqlaması mərkəzlərin vergidən yayındığını göstərir.
Təbii ki, icra hakimiyyətləri nəzarət etdiyinə görə, gəlirlər də onların cibinə yönəldiyini ehtimal etmək çətin deyil.
Geri qayıt