“Gədəbəy klanı”: İki nazirlikdə Bayramovlar erası başlanır

“Gədəbəy klanı”: İki nazirlikdə Bayramovlar erası başlanır Hazırda təhsil nazirinin müavini olan Ceyhun Bayramov yaxın vaxtlarda vergilər naziri müavini postuna gedəcəyi xəbərləri yayılıb
Vergilər naziri Mikayıl Cabbarov keçmiş müavinini yanına aparır.
Artıq yaxın vaxtlarda C.Bayramovun təhsil nazirinin müavini vəzifəsindən çıxarılıb vergidə eyni posta təyin olunacağı haqda sərəncam olacağı bildirilir.
Onun vergi sahəsində təcrübəsi var. Nazir müavini 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. M.Cabbarovla C.Bayramovun yaxınlığı “Çto, qde, koqda” yarışmasından yaranıb.
Amma Bayramovun yüksəlişi qardaşı Azər Bayramovun hesabına olub. Maliyyə nazirinin müavini vəzifəsində çalışan A.Bayramov C.Bayramovun karyerasında tramplin olub.
Mətbuatda “Gədəbəy klanı” adı ilə tanınan bu qruplaşma son illərdə karyera yüksəlişi dövrünü yaşamaqdadırlar.
Azər və Ceyhun Bayramovların Maliyyə və Təhsil Nazirliklərini istədikləri kimi idarə etmələri bu sahəyə aidiyyəti və marağı olan hər kəsə məlumdur Təhsil nazirinin müavini Ceyhun Bayramovun adı daim müxtəlif qanunsuzluq qalmaqallarında hallandırılıb.
Maliyyə nazirinin müavini Azər Bayramov keçmiş komitə sədri Elşad İsgəndərovun qayınıdır. İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovların da gedəcəyi fikrinə düşübmüş.
Lakin sonradan məsələ müəmmalı şəkildə baş tutmadı. Halbuki Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş. Azər Bayramov əsasən nazirliklərə xidmət edən Maliyyə İdarəsinin rəisinin də imkanlarından yararlanır.
Belə ki, nazir müavini həmin idarənin rəisi olan yerlisi, gədəbəyli Nadir Qarayevlə birlikdə hərəkət edərək, maliyyə nazirindən xəbərsiz bir sıra planların icrasını həyata keçirirlər.
Deyilənlərə görə, nazir müavini məhz qardaşı Azər Bayramovun dəstəyi ilə təhsil sistemi ilə bağlı keçirilən tender müsabiqələrinin əksəriyyətində söz sahibliyi qazana bilib.
Bunun nəticəsində istədiyi təhsil müəssisəsi rəhbərini öz təsiri altına salmağı bacarır. Bu əsnada, o da qeyd olunmalıdır ki, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Ceyhun Bayramovun güvəndiyi, birgə "əməkdaşlıq" etdiyi şəxslərdən sayılır.
Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, o zaman məlum olacaq ki, Təhsil Nazirliyinin peşə sektorunu əhatə edən bütün işlərdə, həmçinin tender məsələlərindən Ceyhun Bayramovun adı keçir.
Ceyhun Bayramovla Ədalət Muradov Dövlət İqtisad Universitetində ödənişli təhsildən əldə edilən vəsaitin, nə az, nə çox düz 25 milyon manatın digər istiqamətlərə yönəldilməsinə rəvac verib.
Bununla bağlı kiçik bir araşdırma bəs edər ki, mövzu ilə bağlı bütün bilgilər ictimailəşdirilsin.
Deyilənlərə görə, Ceyhun Bayramov bu məsələdə qardaşı Azər Bayramovun yardımlarına baş vurub. Məhz bundan sonra sözügedən vəsaitin təyinatı üzrə xərcləndiyi barədə sənədlər hazırlanıb.
Bütün bu əlaqələr və imkanlardan sonra onun vergilər nazirinin müavini posta gedəcəyi gözləntisi iki nazirlikdə Bayramovlar erasının başlanacağının qaranquşudur.
Ölkənin maliyyəyə, kapitala, ən əsası korrupsiya, maxinasiya potensialı geniş olan iki nazirlikdə Bayramovların mühüm postlar tutması onların iqtidarda möhkəmlənməsinə gətirib çıxaracaq.
Onu da nəzərinizə çatdıraq ki, Ceyhun Bayramov qardaşının dəstəyi ilə Təhsil Nazirliyinə aid az qala bütün tenderlərə nəzarəti həyata keçirir.
Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur.
Yəni ayrılan dövlət vəsaitlərinin bir hissəsi başqa istiqamətlərə yönəldilir. Yalnız onu demək yetərlidir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin bir qismi Azər və Ceyhun Bayramovların maraqlarına xidmət edir.
Yerdə qalan vəsaitlər isə təhsil şöbələrinin müdirlərinin ixtiyarına verilir. Təxminən, eyni vəziyyət bəzi ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir.
Misal kimi, Dövlət İqtisad Universitetini göstərmək olar. Belə ki, hər il bu ali təhsil ocaqlarına ayrılan vəsaitlərin bir qismi onun nəzarəti ilə "xərclənir".
Əgər Hesablama Palatası və digər müvafiq qurumlar bu məsələnin üstünə düşsələr, yəni qeyd olunanları obyektiv şəkildə araşdırsalar, onda hələ bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər.

Palitika.Az
Geri qayıt