"Sahil-D Kompani"nin direktorundan deputat İqbal Məmmədova sərt ittiham - VİDEO

"Sahil-D Kompani"nin direktorundan deputat İqbal Məmmədova sərt ittiham - VİDEO "Sahil-D Kompani" MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvanında inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasının sakinləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. Surəti "Təzadlar" qəzetinə təqdim edilən müraciətdə deyilir:

Azərbaycan Respublikasının 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya!
Çox hörmətli Mehriban xanım!
Biz şikayətçilər- Məmmədov Şakir Fərman oğlu (mənzil 80), Əliyev Sərdar Məmməd oğlu (mənzil 88) və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu (mənzil 74) Sizə müraciətimizlə bildiririk ki, "Sahil-D Kompani" MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəll ünvanda inşa etdiyi 24 mərtəbəli, 4 saylı yaşayış binasından mənzil almışıq. Lakin təəssüflə bildiririk ki, Milli Məclisdə oturan, xalqın ona göstərdiyi etimadı doğrultmaq üçün gecə-gündüz çalışaraq insanların problemlərini həll etmək əvəzinə, öz mənafeyini xalğın, dövlətin mənafeyindən üstün tutaraq, oturduğu yerdən və gəzdirdiyi millət vəkili vəsiqəsindən sui-istifadə edərək halal zəhmətimizlə aldığımız mənzillərimizi əlimizdən almağa çalışan Məmmədov İqbal Nəriman oğlu bizi Sizə müraciət etmək məcburiyyətində qoyub. Belə ki, biz yuxarıda qeyd olunan mənzillərin sahibləri Məmmədov İqbal Nəriman oğlu tərəfindən təhdid və təhqirlərə məruz qalmışıq. O, əvvəlcə Xətai rayon Məhkəməsinə müraciət edərək bizi öz mənzillərimizdən çıxarmaq üçün müraciət etmişdir. Xətai rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızının bütün halları araşdıraraq qəbul etdiyi qanuni Qətnaməsi millət vəkilinin vecinə olmadı. O, narazı qaldığı halda, bu qətnamədən apellyasiya şikayəti vermək əvəzinə, bizim mənzil aldığımız Xətai rayonuna heç bir aidiyyatı olmayan Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə isə Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlunun köməkliyi və qanunsuz dəstəyi ilə bizim mənzillərdən çıxarılmağımız barədə Qətnamə əldə etmişdir.
Onu qeyd etmək istəyirik ki, biz mənzilləri "Sahil-D Kompani" MMC-nin inşa etdiyi binadan almışıq, İqbal Məmmədov isə mənzillərini "STS" MMC-dən almışdır. Belə olan surətdə necə olur ki, bizim mənzillərə iddia edir? Deputat gedib öz problemini "STS" MMC ilə həll etməlidir, bizə niyə problem yaradır, narahat edir? Necə ki, bu barədə Xətai rayon Məhkəməsinin Qətnaməsi vardır.
Hörmətli Mehriban xanım!
Yuxarıda qeyd olunanları nəzərə alaraq, xalqın ona göstərdiyi etimaddan sui-istifadə edən, insanları incitməklə Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi siyasətin əksinə gedən millət vəkili Məmmədov İqbal Nəriman oğlunun barəsində ciddi tədbir görməyinizi Sizdən xahiş edirik.
Hörmətlə, Məmmədov Şakir Fərman oğlu, Əliyev Sərdar Məmməd oğlu, Məmmədov Əli-Ağa Məmməd Həsən oğlu
Redaksiyadan: yuxarıdakı şikayətlə bağlı həm də "Sahil-D Kompani" MMC-nin icraçı direktoru Adilağa Hüseynov Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya video müraciət ünvanlayıb. Aşağıda izləyə bilərsiniz.

tezadlar.az
Geri qayıt