Suraxanı şefi İlqar Abbasovun Hacıbala Abutalıbovla birgə “meşə əməliyyatı”nda detallar

Suraxanı şefi  İlqar Abbasovun Hacıbala Abutalıbovla birgə “meşə əməliyyatı”nda detallar Suraxanı icra başçısı İlqar Abbasovun Bakı meri Hacıbala Abutalıbovla birgə “meşə əməliyyatı” böyük səs-küyə səbəb olub
Suraxanı RİH məmurlarının Nizami rayonuna aid ərazidə sənədsiz evləri buldozer qabağına verməsi rezonans doğurub.
Nizami rayonu, Şərq küçəsi, məhəllə 40/85-də- “Azərsutikinti” xəstəxanasının qarşısında yerləşən şam meşəliyində illər əvvəl qanunsuz tikilmiş 10 evin Suraxanı icra başçısı tərəfindən sökülməsi təəccüblə qarşılanıb.
Lakin araşdırmalarımız zamanı məlum olub ki, həmin ərazi mübahisəli imiş. Meşəliyin bir hissəsi Suraxanı, bir tərəfi isə Nizamiyə aiddir.
Ona görə də İ.Abbasov Abutalıbovun gözü düşən ərazidə evləri yerlə-yeksan etdirib. Əldə etdiyimiz son xəbərə görə, bu ərazidə əsasən naxçıvanlılar yaşayır.
İ.Abbasov illərlə qanunsuz evləri sökməyə qoymayıb. O, həmyerlilərinin tikdiyi evlərə toxunmaq istəməyib.
Ancaq bu dəfə əmrin yuxarıdan - Abutalıbovdan gəlməsi Abbasovu çətinə salıb. O, Nizami rayonuna düşən meşəlikdəki evləri dağıtdırıb.
Seçkiqabağı mülkiyyət problemlərinin təzədən aktuallaşması hakimiyyətn heç də ürəyincə deyil.
Dövlət başçısı dəfələrlə bəyan edib ki, plana düşən ərazilər mülk sahiblərindən halallıqla alınmalıdır. Ancaq noyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən evlər sökülüb.
Söküntü aparılarkən İcra Hakimiyyətinin məmurları və sakinlər arasında qarşıdurma olub, bir neçə sakin döyülüb. Sakinlərdən biri - Elşən Həsənov özünə bıçaqla xəsarət yetirib.
Ancaq şəhərdə satmağa torpaq sahələrinin getdikcə tükəndiyi bir vaxtda bu ərazi məmurların nəzərindən uzun müddət yayına bilməzdi. Və meşədə məskunlaşmış 10 ailənin başının üstünü 17 il sonra kəsdiriblər.
Sakinlər deyirlər ki, bir neçə ay əvvəl şəhər meri Hacıbala Abutalıbov həmin ərazinin yaxınlığında şair Rüstəm Behrudinin qardaşı, iş adamı İlham Behrudinin malikanəsində qonaq imiş. Və Abutalıbovun gözü meşəliyin ortasında tikilmiş kasıb görkəmli, birmərtəbəli evlərə sataşır.
Axı bu ərazilərdə zənginlərin malikanələri ucalır, o zaman necə olub ki, kasıb təbəqənin nümayəndələri bu cür prestijli ərazidə özlərinə ev tikib, hərəsi 20 sot torpaq zəbt edib?
Və görünür Abutalıbova məruzə ediblər ki, həmin evlər qanunsuz tikililərdir, 2 hektarlıq meşə ərazisi isə illər əvvəl zəbt olunub.
Sakinlərin danışdıqlarına görə Abutalıbovdan bir neçə gün sonra əraziyə br neçə “cip”lərdə məmurlar tökülüşüb gəlib.
Araşdırıblar, baxıblar, amma sakinlərə nəsə deyən, qanunsuz tikililəri tərk etmək barədə xəbərdarlıq edən olmayıb.
Nəhayət noyabrın ortalarında əraziyə qəflətən Suraxanı rayon İcra Hakimiyyətinin məmurları və çoxsaylı polislərin müşaiyəti ilə buldozerlər yeridilib. Heç bir xəbərdarlıq edilmədən evləri dağıtmağa başlayıblar.
Sənədlər hazırlayıblar ki, guya bu 16 sot torpaq sahəsi 1988-ci ildə “Delfin-S” MMC-nin mülkiyyətinə verilib.
Sual edirəm, bəyəm 1988-ci ildə, SSRİ dövründə MMC var idi? Azərbaycanın Mülki Məcəlləsində MMC-lər anlayışı ilk dəfə 2000-ci ildə verilib.
Bu, açıq-aşkar qurama, saxta sənəddir. Digər tərəfdən bu sənəddə göstərilir ki, torpaq sahəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindədir.
Bura isə Qaraçuxur deyil.
Geri qayıt