Gülağa İslamov qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR

Gülağa İslamov qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin qanunsuz hasara alınması ilə bağlı sorğumuza cavab versə də, ancaq həmin əraziyə cavabdeh olan Xəzər rayon İcra Hakimiyyəti hələ də susur. Hətta, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov sözügedən torpaq sahəsinin hasara alınmasından xəbərsiz olduqlarını bildirib:
“Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin hasara alınması barədə elektron müraciətinizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılıb. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin hasara alınması barədə Komitəyə hər hansı məlumat daxil olmayıb”.
Bakı şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, sözügedən hasarlanma aparılan zaman Bakı meriyasına da məlumat verilməyib.
Görünür ki, dövlət başçısının hər gün gedib-gəldiyi yolun üzərində yerləşən həmin ərazinin qanunsuz hasarlanması ilə bağlı məsələnin mətbuatda işıqlandırılmasında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamov şəxsən özü maraqlı deyil. Əks təqdirdə bir həftə öncə etdiyimiz elektron sorğumuza Xəzər rayon İcra Hakimiyyətindən cavab verilərdi.
Necə olur ki, Xəzər rayonunda bir metr yeri hasarlayanda və yaxud daşı daş üstünə qoymamış, rayon İcra Hakimiyyətinin nümayəndələri dərhal peyda olurlar, ancaq Mərdəkan şosse yolunun Xəzər rayonunun Qala qəsəbəsinin girişində, hava limanı yolunun üzərində yerləşən hektarlarla torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilərək hasarlanmasını icra başçısı görməzdən gəlir.
Görünür, həmin ərazi ya icra başçısı Gülağa İslamovun göstərişilə hasarlanıb, ya da onun tərəfindən bu qanunsuz hərəkətlərə bilərək göz yumulur. Bu məqamda Qala sakinlərinin icra başçısı Gülağa İslamovla bağlı iddiaları özünü doğrultmuş olur. Çünki biz həmin ərazidə çəkiliş aparan zaman sakinlər bildirmişdi ki, sözügedən ərazi Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən hasarlatdırılıb və yerində pivə istehsalı zavodu tikiləcək. Doğrusu, həmin vaxtı biz buna inanmaq istəməmişdik. Ona görə də Xəzər rayon İcra Hakimiyyətinin məsələyə mövqe bildirməsini gözlədik. Lakin Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elektron sorğumuza cavab versə də, Xəzər rayon İcra Hakimiyyətindən hələ də heç bir cavab yoxdur. Bəs bu susqunluq nə qədər davam edəcək?

ölke.az
Gülağa İslamov qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR
Gülağa İslamov qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR
Gülağa İslamov qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? - FOTOLAR
Geri qayıt