İmamverdi İsmayılov Əli İnsanovla bazarlıqda…

İmamverdi İsmayılov Əli İnsanovla bazarlıqda… Millət vəkili həbsdəki sabiq nazirin cəfasını gördüyü bağın səfasını çəkmək istəyir

Millət vəkili İmamverdi İsmayılov uzun müddətdir ki, həbs həyatı yaşayan sabiq nazir Əli İnsanovun Novxanıdakı bağına göz dikib.

Bu barədə redaksiyamızı bilgili mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, xeyli vaxtdır ki, özünə bağ sahəsi almaq üçün axtarışa çıxan millət vəkili, sonda nəzərlərini sabiq nazir Ə.İnsanovun bağında qərarlaşdırıb: “Sabiq səhiyyə naziri Əli İnsanov həbs edilən zaman onun bir çox mülklərinə əl qoyulsa da, keçmiş nazir yaxın çevrəsindən birinin adına sənədləşdirdiyi Novxanıdakı bağı əlində saxlaya bildi. Yarım hektarlıq ərazini əhatə edən bu bağ Ə.İnsanovun vaxtaşırı gəlib-getdiyi, xüsusi önəm verdiyi bağ massivi olub. Lakin bu günlərdə məlum olub ki, Bakıətrafı kəndlərdə bağ axtarışına çıxan millət vəkili İmamverdi İsmayılov sabiq nazirə məxsus bağ massivinə müştəri düşmək qərarına gəlib. Bağın kifayət qədər böyük olması, magistral xəttə yaxınlığı və s. kimi amillər millət vəkilinin bağa marağını artıran amillər hesab olunur”.
Məsələ ilə bağlı daxil olan məlumata görə, vaxtiylə həbsə gedən sabiq nazirin bir çox mülkləri əlindən alınsa da, Ə.İnsanov böyük cəfalar bahasına sözügedən bağ massivini gözdən-könüldən uzaq tuta bilib. Və bu gün görünən odur ki, millət vəkili Ə.İnsanovun cəfasını gördüyü bağın səfasını çəkmək niyyətindədir. Onu da qeyd edək ki, məlum məsələ ilə bağlı redaksiyamıza yeni informasiyalar daxil olmaqdadır ki, onları da yaxın günlərdə oxucularla tanış edəcəyik.

cumhuriyyet.az-a
Geri qayıt