E.ZAHİDOV: “ŞƏHİD VƏ XİDMƏTİ VƏZİFƏSİNİ YERİNƏ YETİRƏRKƏN HƏLAK OLMUŞ ƏMƏKDAŞLARIMIZIN HƏR BİRİ GƏNC NƏSİLƏ ÖRNƏKDİR...”

E.ZAHİDOV: “ŞƏHİD VƏ XİDMƏTİ VƏZİFƏSİNİ YERİNƏ YETİRƏRKƏN HƏLAK OLMUŞ ƏMƏKDAŞLARIMIZIN HƏR BİRİ GƏNC NƏSİLƏ ÖRNƏKDİR...”
1997-ci ildə Siyəzən rayonunda xidməti vəzifəsini yerinə yetirərkən cinayətkarın açdığı atəş nəticəsində qəhrəmancasına həlak olmuş polis zabiti Daşqın Turabovun bacısı Sevinc Turabovanın “xalqxeber.az” internet qəzeti vasitəsilə daxili işlər naziri, general-polkovnik Ramil Usubova ünvanladığı müraciəti mən də oxudum. Sevinc xanım qardaşının büstünün Siyəzən RPŞ-nin həyətinə qoyulmasını xahiş edir.
Həqiqətən də şəhidlərimiz və cinayətkarlıqla mübarizədə həlak olan cəsur, mərd Azərbaycan oğullarının, o cümlədən Daşqın Turabovun qəhrəmanlıqları bütün gənclərimiz, həmçinin, gənc polis əməkdaşları üçün bir örnəkdir, nümunədir. Onların xatirəsi bir an olsun belə unudulmur və unudulmayacaq da...
Aydınlıq üçün bildirirəm ki, torpaqlarımızın və respublikamızın ərazi bütövlüyünün müdafiəsi zamanı Azərbaycanın daxili işlər orqanları 1000-ə yaxın şəhid verib, cinayətkarlıqla mübarizədə 100 nəfər əməkdaşı həlak olub. Onların hamısı bizim üçün əzizdir, unudulmazdır, ruhları qarşısında baş əyirik. İndi gəlin, fikirləşək və göz önünə gətirək, bu qəhrəmanlarımızın hər biri üçün vaxtı ilə xidmət etdikləri polis idarələrinin, şöbələrinin və hərbi hissələrinin önündə, həyətində büst, heykəl ucaldılarsa, hansı mənzərənin şahidi olacağıq? Polis idarə və şöbələrinin həyəti məzarlığı xatırlatmazmı? Təsəvvür edin ki, qeyd etdiyim rəqəmlər də sonuncu deyil. O mənada ki, bundan sonra da şəhidlərimizin, cinayətkar gülləsindən həlak olan qəhrəmanlarımızın olmayacağına heç kim zəmanət verə bilməz, çünki həyat və mübarizə davam edir.
Düzdür, əvvəllər - təxminən 20 il öncə qəhrəman polis əməkdaşlarına olan böyük ehtiramdan irəli gələrək onların büstləri xidmət etdikləri Rayon Polis idarələrinin, şöbələrinin qarşısına qoyulurdu, o cümlədən mərhum Daşqın Turabovun da büstü Siyəzən RPŞ-nin qarşısında idi.
Lakin sonradan yuxarıda qeyd etdiyim xoşagəlməz mənzərə, eləcə də şəhidlərimiz və xidməti vəzifələrini yerinə yetirərək həlak olan yüzlərlə qəhrəmanlarımız arasında ayrı-seçkilik olmasın deyə, cənab nazir Ramil Usubovun tövsiyyəsinə və tapşırığına əsasən büstlər necə hörmətlə qoyulmuşdusa, yenə elə hörmətlə inzibati binaların qarşısından götürüldü. Əvəzində isə cənab nazirin əmrinə əsasən şəhid və xidməti vəzifəsini yerinə yetirərəkən həlak olan polis əməkdaşlarının əziz xatirəsinin əbədiləşdirilməsi və unudulmaması üçün onların həyat və xidmət yollarını özündə əks etdirən nəfis şəkildə hazırlanmış rəngli foto-albomlar, stendlər və digər əyani vasitələr vaxtilə xidmət etdikləri idarə və şöbələrdə yaradılmış guşələrdə yerləşdirildi. O cümlədən bu gün Siyəzən RPŞ-nin inzibati binasında mərhum polis zabiti Daşqın Turabovun adını daşıyan bir zəngin guşə var. Belə guşələr şəxsi heyətin, o cümlədən gənc əməkdaşların gündəlik olaraq baş çəkdikləri müqəddəs məkanlardan biridir. İdarə və şöbələrə gələn vətəndaşlar da igidlərimizin həyat və fəaliyyətini əks etdirən bu məkanlarda olur, onların kimliyi, qəhrəmanlığı ilə maraqlanırlar.
Bundan başqa, onların adlarının əbədiləşdirilməsi dövlətimiz tərəfindən də yüksək səviyyədə təşkil olunub. Siyəzən RPŞ-nin yerləşdiyi ən böyük küçə elə mərhum Daşqın Turabovun adını daşıyır. Şəhid və xidmət zamanı həlak olan polis əməkdaşlarının ailələri də unudulmayıb. DİN rəhbərliyi onların üzləşdikləri problemlərlə daim maraqlanır, diqqət və qayğısını əsirgəmir.
Ona görə biz də, Sevinc xanım da həm dövlətimizə, həm də DİN rəhbərliyinə bir daha minnətdarlıq etməliyik ki, şəhidlərimizin, xidməti vəzifələrini yerinə yetirərəkən həlak olan övladlarımızın əziz xatirələri heç vaxt unudulmur və hər zaman böyük ehtiramla yad edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi
Ehsan Zahidov
Geri qayıt