“Məmur gərək “Lexus”da, “BMW”də gəzsin?” – Büdcə bölgüsünə etiraz

“Məmur gərək “Lexus”da, “BMW”də gəzsin?” – Büdcə bölgüsünə etiraz "Gələn ilin büdcəsi builkindən çoxdur. Təxminən 3 milyondan çox artım var, amma hökumət üzvləri və deputatlar bu artımı öz tərəflərinə çəkmək istəyirlər”.
Bu fikirləri mia.az-a açıqlamasımda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, büdcə müzakirələri zamanı hökumət üzvləri və deputatların çıxışlarından görünür ki, onları xalq maraqlandırmır: "Hesab edirəm ki, büdcənin əsas hissəsi sosial sahəyə ayrılmalıdır. Amma parlamentdə oturanlar ancaq öz maraqlarını güdürlər. Orda təmsil olunan "partiyalar” var.
Hansı işi görüblər ki, onlara maliyyə ayrılır? Sən deputatsan, maaş alırsan, o biri tərəfdən də partiyana pul tələb edirsən. Müəllimlərin, həkimlərin maaşı artmır, pensiyalar qaldırılmır. Niyə bunları demirsiz? İnsanların sosial vəziyyəti nəzərə alınmalıdır. Bunlara imkan versən, hərəsi özünə bir milyon maaş yazdırar. Bilirsiz, adamda vicdan olmalıdır. Deputat durub deyir ki, bizim maaşımız qalxmalıdır. Obyektlərindən danışımırlar, amma maaş davası edirlər. Sənin maaşın obyektlərindən gələn bir günlük qazancdır. Ona görə də belə adamların maaş davası aparması gülüncdür”
Partiya sədri onu da qeyd edib ki, büdcə məmurların və deputatları obyektlərinin sayını artırmaq üçün nəzərdə tutulmayıb.
"Dövlət büdcəsi Prezidentin fəaliyyəti nəticəsində artıb. Amma bəziləri abrına qısılmadan bu büdcədən daha çox pay almağa çalışırlar. Mən bunun əleyhinə çıxıram, o dəqiqə hücumlar başlayır. Vəziyyət yaxşı deyil, elə xərclər var ki, onlara ehtiyac yoxdur. Məmur gərək "Lexus”da, "BMW”də gəzsin? Əgər büdcəmiz artıbsa, bunu səmərəli xərcləmək lazımdır. Milləti düşünmək lazımdır. Əgər belə olmasa, narazılıq daha da artacaq”, – deyə müsahibimiz fikrini tamamlayıb.
Geri qayıt