Ədliyyə naziri oğlunun dostunu Vəkillər Kollegiyasına rəhbər gətirir?

Ədliyyə naziri oğlunun dostunu Vəkillər Kollegiyasına rəhbər gətirir? Son günlərin əsas müzakirə mğvzularından biri məhkəmələrdə nümayəndəlik institutunun fəaliyyətinin iflic vəziyyətə salınmasıdır. Necə Milli Məclis dəyişikliklər layihəsini ictimai müzakirəyə çıxarmadan, etirazlar nəzərə almadan tələsik qəbul etdi, dövlət başçısı da eyni cür davranaraq, yeni qanunu imzaladı. Bu da minlərlə hüquqşünası işsiz, onminlərlə sadə vətəndaşı isə müdafiəsiz qoydu. Çünki hər il məhkəmələrdə 300 minə qədər işə baxıldığı halda, Vəkillər Kollegiyasının cəmi 936 üzvü var və aydın məsələdir ki, onlar bu işlərin öhdəsindən gələ bilməyəcəklər. Üstəlik, həmin 936 nəfərin heç də hamısı vəkil kimi fəaliyyət göstərmir. Onların arasında dövlət qulluğunda çalışanlar, bizneslə məşğul olanlar da var.
Ən dəhşətlisi odur ki, Vəkillər Kollegiyası üzvlərinin çox az bir qismi gerçək müdafiə ilə məşğuldur. Şərti olaraq, məhkəmə-hüquq sistemində çalışanların da, elə dustaqların da öz aralarında “paykavoy” adlandırdıqları “vəkillərin” sayı kifayət qədər çoxdur. Aydınlıq üçün deyək ki, belələrinin işi müstəntiqdən, polisdən aldıqları 5-10 manat alıb, üzünü görmədikləri adamlara guya vəkillik etdikləri, onların dindirilməsində və başqa istintaq hərəkətlərində iştirak etmələri haqda protokolları imzalamaqdan ibarətdir. Bununla da başdan-ayağa qanun pozuntusu ilə keçirilmiş prosesə qanuni don geyindirirlər.
Təsəvvür edin, hökumət yüzminlərlə vətəndaşı belə bir vəziyyətdə olan Vəkillər Kollegiyasının ümidinə qoydu…
Bir müddət öncə Azər Tağıyevin istefasından sonra Vəkillər Kollegiyası xeyli vaxtdır ki, başsızdır. Düzdür, sədr müavini Fərhad Nəcəfov dekabra kimi sədr əvəzi olacaq. Eyni zamanda, onun özü də sədr postuna dörd namizəddən biridir. Qalan üç namizəd isə Vəkillər Kollegiyasının digər sədr müavini Aydın Axundov, Kollegiyanın Rəyasət Heyətinin üzvü Anar Bağırov və Məhkəmə-Hüquq Şurasının keçmiş üzvü, vəkil Şəfayət Həsənovdur.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti konfransı dekabrda keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və yeni sədri seçiləcək.

Bağırov deyəsən, Azər Tağıyev dövrünə rəhmət oxutduracaq

Dörd namizəd arasında ən şanlı Anar Bağırov sayılır. Onun seçkidə qələbə qazanmaq ehtimalı isə təcrübəsi, peşəkarlığından daha çox Ədliyyə naziri Fikrət Məmmədov faktoruna görə yüksək qiymətləndirilir. Məlumata görə, Anar Bağırov nazirin oğlu Fariz Məmmədovun dostdudur. Bağırov eyni zamanda, Fariz Məmmədovun rəhbərlik etdiyi “Bakı Hüquq Mərkəzi”ndə çalışır.
Hakimiyyətin yuxarı eşelonunda təmsil olunan bir sıra məmurların hüquq müstəvisindəki müəyyən işlərini də Anar Bağırovun həyata keçirdiyi bildirilir.
Hələ Azər Tağıyevin istefasından aylar öncə onun yerinə Anar Bağırovun gətiriləcəyi haqda məlumatlar dolaşırdı.
Nümayəndəlik institutunun fəaliyyətinin məhdudlaşdırılması məsələsi ortaya çıxandan sonra Anar Bağırovun fəallaşması, canfəşanlıqla bu dəyişikliyi müdafiə etməsi, açıqlamaları da onunla bağlı müəyyən planların olduğunu düşünməyə əsas verir. Bağırov nümayəndəlik institutunun iflic vəziyyətə salınmasına etiraz edən Kollegiya üzvlərini az qala hədələyir, bu qurumun gələcəyi ilə bağlı indidən vədlər verir.
“Vəkillərin adından danışmaq haqqını mənimsəyənlər buna son qoysunlar, öz adınızdan danışın, vəkillərin tam əksəriyyəti nümayəndəliyin məhdudlaşdırılmasını dəstəkləyirlər, bu faktdır.
Nümayəndəliklə məşğul olan dəyərli hüquqşünaslarımız isə bilsınlər ki, onların gələcəkdə Vəkillər Kollegiyasının üzvlüyünə qəbulu üçün yaxın zamanlarda bütün zəruri tədbirlər görüləcəkdir, kimin nə sualı və problemi olsa birbaşa mənə müraciət edin, imkanım daxilində hər birinizə yardımçı olmağa söz verirəm, amma bəzi siyasibazların, bulanıq suda balıq tutanların təxribatlarına qəti olaraq uymayın, bunların məqsədləri başqadır, niyyətləri isə məkrlidir”, – Anar Bağırovun özünün “facebook” səhifəsində yaydığı fikirləridir.
Göründüyü kimi, Anar Bağırov indidən özünü Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri postunda hiss edir.
Eyni zamanda, bu kiçik açıqlama onun rəhbərliyi altında Vəkillər Kollegiyasının necə fəaliyyət göstərəcəyini də bəri başdan proqnozlaşdırmaq üçün yaxşı materialdır. “Bəzi siyasibazların, bulanıq suda balıq tutanların təxribatlarına uymayın, onlar məqsədləri başqadır, niyyətləri məkrlidir” – bu cümlənin özü göstərir ki, Anar Bağırov Azər Tağıyevin dövrünə rəhmət oxutduracaq…
Bütün dünyada vəkillər etirazçı kəsim sayılır, çünki onlar qanunun, hüququn pozulmasına etiraz edirlər, etməlidirlər. Amma Anar Bağırov rəhbərliyi altında fəaliyyət göstərəcək adamları müti görmək istəyir. Hər halda, özünün yazdıqlarından belə nəticə çıxır.

Azadliq.info
Geri qayıt