Kərəm Həsənovla Hicran Hüseynovanın komitələri ləğv edilir?

Kərəm Həsənovla Hicran Hüseynovanın komitələri ləğv edilir? Azərbaycan prezidenti 2018-ci ildə struktur islahatlarını davam etdirəcək. Bu siyasətin effektiv olması və cəmiyyət tərəfindən müsbət qarşılanması davamının gəlməsini zəruri edir.
Bəzi dövlət qurumlarının ləğvi və ya digər orqanlara birləşdirilməsi prosesi gələn il yeni vüsət alacaq.
Bu il ərzində adıçəkilən bəzi dövlət orqanları oldu ki, struktur islahatına ehtiyac olsa da, gedilmədi. Onların yeni ildən ləğvi nəzərdə tutulur.
Hökumət izafi xərclərə səbəb olan dövlət strukturlarını ləğv etməklə həm büdcənin yükünü azaldır, həm də islahatlar aparmış olur.
Bu mənada Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ləğvi növbəsini gözləməkdədir.
Hər iki komitənin fəaliyyəti dövlət büdcəsinə ağırlıq edir. Eyni zamanda Əmlak Komitəsinin ASAN Xidmətə, AQUPDK-nin isə QHT-lərə verilməsi mümkündür.
Torpaq və Xəritəçəkmə Komitəsi, Nəqliyyat Nazirliyi, Azərenerji ASC ayrı-ayrı dövlət qurumlarına birləşdirilməsi prosesinin uğurlu olması hökumət üçün yeni imkanlar açıb.
Buna görə də saxlanılması “artıq xərc” hesab olunan qurumların başında gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin ləğvi yenidən gündəmə gəlib.
Komitə daxilindəki etibarlı mənbədən verilən məlumata görə, bir müddət əvvəl komitənin bəzi səlahiyyətlərinin alınaraq ASAN xidmətə verilməsi uğurla həyata keçirilib.
ASAN xidmətin vətəndaşların müraciətlərini qanuni səviyyədə görməsi, komitədə tüğyan edən rüşvətin birdəfəlik yığışdırılması hökümətin yekun qərar verməsinə səbəb olub.
Çünki komitə sədri hazırda əlində olan xidmət sahələri ilə bağlı ASAN xidmət kimi çalışmağa çalışsa da, onun bu istəyi baş tutmayıb. Və nəticədə komitənin əlində olan xidmətlərlə bağlı prezident aparatına yüzlərlə şikayət məktubu daxil olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın ləğvi planlaşdırılır.
Komitənin ləğvi ölkədə həyata keçirlən struktur islahatının tərkib hissə kimi nəzərdə tutulub.
Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artır. Uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artır.
Ən nəhayət, cənnətin ayaqları altında olduğunu Peyğəmbərimizin belə min il əvvəl bəyan etdiyi qadınlarımızın fahişəliyə, kriminal vərdişlərə, narkomanlığa, nigahdankənar uşaq doğmağa, hətta doğma balasını belə öldürməyə, atıb getməyə... meyillənməsi gündən-günə artır.
Bu halda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır? Bu komitə gerçəkdən ölkəmizdəki ailə, qadın və uşaqların problemləri ilə məşğul olsaydı, bu işlərin müsbət nəticəsi göz qabağında olsaydı, heç bir halda adı rüşvətdə, dələduzluqda hallanmazdı.
Təkcə 2016-cı ilin Dövlət Büdcəsindən Komitənin idarəetmə aparatının saxlanmasına 1 milyon 309 min 875 manat, komitə üçün sosial müdafiə xərclərinə əlavə olaraq 1 milyon 787 min 381 manat pul atrılıb. Ortada isə, yuxarıda dedik, Komitənin məşğul olmalı problemlər başdan aşır...
Deməli, indiki maliyyə problemləri fonunda belə bir səmərəsiz Komitənin mövcudluğu lazım deyil.
Ekspertlər də hesab edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalı, məşğul olmalı sahələri üzrə funksiyalar Təhsil Nazirliyinin tərkibinə verilməlidir.
Bu proses isə təkcə lazımsız ştatların ləğvi ilə dövlət büdcəsinə qənaət deyil, həm də illərdir kreslolarından qopmayan korrupsiyaya bulaşmış böyük bir məmur ordusunun getməsi ilə nəticələnəcək.
Komitənin funksiyaları Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında da bölüşdürülə bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan prezidentinin 6 fevral 2006-cı il fərmanı ilə yaradılıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv edilib. Prezident İlham Əliyev struktur və idarəetmə islahatlarının davam edəcəyini bəyan edib.
Geri qayıt