“Əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam” - Vəzifəli şəxsin adının hallandığı ŞOK QALMAQAL

“Əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam” - Vəzifəli şəxsin adının hallandığı ŞOK QALMAQAL “2016-cı il iyunun 24-də gecə saat təxminən 22:00 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) auditoru Ramil Cəfərovun oğlu Fərid Cəfərli evimizə basqın elədi. O, qızım Aidənin (ad şərtidir - red.) otağında daxil olaraq onun üstünə hücum çəkdi. Onu boğmağa cəhd etdi. Otağa daxil olub qızımı onun əlindən almağa çalışarkən məni itələdi, təpiklə ayağıma vurdu. Təzəcə əməliyyat olunan ayağımın tikişləri açıldı. Azyaşlı oğlum isə qorxusundan stolun altına girmişdi. Mənim ayağımı qan içində görən Fərid Cəfərli qızımın telefonunu da götürüb qaçaraq getdi...”.
Bunları “Təzadlar”a ərizə ilə müraciət edən və məlum səbəblər üzündən adının çəkilməsini hələki istəməyən Bakı şəhər sakini Aidə Həsənlinin (ad şərtidir - red.) anası Mehriban xanım söylədi.
Qeyd edək ki, məsələ ilə bağlı A.Həsənlinin atası F.Nəsibovun hüquqi nümayəndəsi V.Əhmədovun ailə adından Baş Prokuror cənab Zakir Qaralova ünvanlı müraciəti qəzetmizin tezadlar.az saytında verilib.
Narazı ananın söylərinə görə, o, həmin gecə Fərid Cəfərlinin Bakıda 53 nömrəli tam orta məktəbin direktoru işləyən anası Firəngiz Həsənovaya zəng edib vəziyyəti danışıb: “Təxminən iki saat sonra Fərid Cəfərlinin atası gəldi, lakin heç bir reaksiya vermədi. Sanki heç nə olmayıb. Hətta dedi ki, gedib hara şikayət edirsiniz-edin, onsuz da sizi dinləyən olmaycaq. Səhəri gün saat 08:00 radələrində qızımı otağında huşsuz vəziyyətdə gördüm. Dərhal təcili tibbi yardıma zəng etdim. Qızım özünü zəhərləmişdi. Təcili olaraq onu Respublika Toksikologiya Mərkəzinə çatdırdıq. Həkimlərin sayəsində qızımı həyata qaytarmaq mümkün oldu. Xəstəxanada da oğlanın anasına zəng etdim. Lakin xəstəxanaya gəlmədilər. Hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları evimizə gələrək qızımın izahatını aldılar. Qızım baş verənləri olduğu kimi danışdı və Fərid Cəfərlidən şikayətçi olduğunu bildirdi. Bu hadisədən bir necə gün sonra qızımın şikayətçi olduğunu bilən Fərid Cəfərlinin anası Firəngiz Həsənova mənə zəng edərək qızımın şikayətini geri götürməsini xahiş etdi. Mən oğlu Fəridin qızımın başına gətirdiklərini ona dedim və şikayətimizi geri götürməyəcəyimizi bildirdim. O isə dedi ki, “Oğlum Fərid qızınla zorla cinsi əlaqədə olub, sən artıq qızını ona verməyə məcbursan”. Eşitdiyim xəbərdən şok vəziyyətinə düşdüm. Bu barədə qızımdan soruşdum. O, ağlaya-ağlaya dedi ki, həqiqətən də Fərid Cəfərli 2015-ci il noyabr ayının əvvəlində onu təhsil aldığı universitetin qarşısından zorla maşınına mindirərək yaşadığı mənzilə aparıb və zor tətbiq etməklə cinsi əlaqədə olub. Fəridin anası mənə, hətta el adəti üzrə elçi gələcəklərini, avqust ayında nişan, dekabrda toy edəcəklərini söylədi. Fəridin atası isə dedi ki, “Əgər oğlumdan şikayətçi olsanız, əlimdəki şəkilləri yayacağam”. Qızım bu şantaj qarşısında geri çəkildi, ərizəni geri götürdü”.
Ananın sözlərinə görə, bu hadisədən 6-7 ay sonra - 2017-ci il martın 2-də Fərid Cəfərli yenidən dərsdən çıxarkən Aidəni zorla maşına basıb aparıb, ona işgəncə verib: “Fərid Cəfərli qızıma zəng edərək universitetin qarşısında olduğunu, onunla görüşmək istədiyini bildirib. Qızım onunla görüşmək istəmədiyini deyib. Fərid Cəfərli isə universitetin yaxınlığındakı kafedən tələbə yoldaşları ilə çıxan qızıma zor tətbiq edərək maşına mindirib və yaşadığı mənzilə aparıb. 4-5 saat ərzində qızıma işgəncələr verib. Onu vəhşicəsinə döyüb. Bunu təsdiqləyən şəkilləri polisə də təqdim eləmişik. Biz hadisə ilə əlaqədar ərazi üzrə 41-ci polis bölməsinə müraciət elədik, oradan iş materialları istintaqa verildi. Lakin Fəridin atası öz imkanlarından istifadə edərək xəsarətin dərəcəsini saxtalaşdırdılar. Belə ki, xəsarətin dərəcəsi ekspert rəyində düzgün göstərilmədi. Hazırda iş Səbail Rayon Prokurorluğundadır. Onu da nəzərinizə çatdırım ki, Fəridin qızımla zorla cinsi əlaqədə olmasını sübut etmək üçün istintaq orqanı tərəfindən 03 may 2017-ci il tarixdə məhkəmə tibbi ekspertiza təyin edilməsi barədə qərar qəbul edildi və qızım Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçdi. Səbail Rayon Prokurorluğuna daxil olan 164 saylı rəydə qızımın qızlıq pərdəsinin tamlığı və bakirəliyinin pozulmadığı göstərilmişdir. Lakin biz bu rəylə razılaşmadıq. Təkrar ekspertiza təinatı üçün Baş Prokurorluğa müraciət etmişik... Mən qızımı ginekoloq həkim müayinəsindən də keçirdim. Həkimlər qızımın bəkarətinin pozulduğunu bildirdilər. Deməli, Fəridin valideynləri bu dəfə də vəzifələrindən sui-istifadə edərək qızıma qarşı cinayəti ört-basdır etdilər”.
Ana qızı ilə hazırda şikayətçi olduğu Fərid Cəfərlinin tanışlığı haqda bunları dedi: “Qızımla Fərid Cəfərli 2015-ci ilin sentyabrından tanışdılar. Sonradan o, mənə qızımla ailə qurmaq niyyətində olduğunu bildirdi. Fəridi görəndə anladım ki, bizlik deyil... 2015-ci ilin dekabrında bizə gəlmişdi, içkili idi. Dedim ki, get, valideynlərin gəlsin. Dəfələrlə ailəmizi, qızımı güdürdü. Qızıma fiziki və psixi təsir göstərirdi. Dəflərlə valideynlərinə də bu barədə demişik... Hətta bir gün gecə saatlarında Fərid Cəfərli qızımı “Ambasador” Otelinə apararaq orada təcavüzə məruz qoyub. Çox təəssüf ki, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında yekunlaşdırılmır”.
Bütün baş verənlər barədə Baş Prokurorluğa şikayət etdiyini deyən Aidənin anası Cəfərli Fərid Ramil oğlunun hərəkətlərinə hüquqi qiymət verilməklə, işin obyektiv araşdırılmasını, törətdiyi əmələ görə barəsində cinayət işinin başlanılmasını və bu işin nəzarətə götürülməsini xahiş etdiyini bildirdi. Ana bütün vasitələrlə Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevanın, həmçinin SOKAR-ın Prezidenti Rövnəq Abdullayevin, təhsil naziri Mikayıl Cabbarovun qəbuluna hazırlaşır...
Geri qayıt