Portfelsiz, tərki-silah “fövqəlçöküş”...Heydərovun biznesi niyə Əliyevə təslim edilir? - Gəlişmə

Portfelsiz, tərki-silah “fövqəlçöküş”...Heydərovun biznesi niyə Əliyevə təslim edilir? - Gəlişmə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun nəhəng biznesinin mərhələli şəkildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətinə təhvil-təslim edilməsi haqda xəbərlər ciddiləşir.
Köhnə və əzəli rəqiblərin duelindəki yeni raund başlasa da, proses gizli şəkildə həyata keçirilir.
K.Heydərovun tərki-silah olunmasının səbəbi qüdrətli bir nazirin iri fiqur statusunu aşağı salmağa hesablanıb.
Ölkənin biznes imperiyasına malik, xarici əlaqələri olan, hətta Putinlə Ərdoğanın barışmasında vasitəçilik etmiş nazirin bundan artıq böyüməsinə imkan verilmir. Eyni zamanda postneft dövrünün tələbi monopolist məmurları zəiflətməyi diktə edir.
K.Heydərov da məhz F.Əliyevin nazir olduğu dövrdə inhisarçılığa qarşı apardığı mübarizədə əsas rəqiblərdən biriydi.
FHN rəhbəri illərdir ki, gömrükdə bir çox sahələri öz monopoliyasına alıb. Üstəlik, media rıçaqları var, bəzi siyasi təşkilatlara əli çatır.
Hakimiyyət üçün günbəgün güclənən bir nazirin eyni templə getməsinə göz yummaq acizlikdir. Ona görə də K.Heydərovun media biznesindən tutmuş zavodları, müəssisələri, holdinqinə qədər tək-tək ondan təhvil alınır.
F.Əliyevin missiyası isə ölkədə qeyri-neft sektorunu inkişaf etdirməkdir və “fövqəlnazir”in biznesi ona etibar edilir.
Bu, həm də Heydərovun Əliyevə uduzdurulması, tarixi məğlubiyyəti kimi qiymətləndirilir. Hərgah, FHN rəhbərinin indiki statusda ona yenilməsi mümkün deyildi.
Redaksiyamıza müxtəlif mənbələrdən gələn son informasiyalar ondan ibarətdir ki, F.Əliyevə ölkə iqtisadiyyatını dirçəltmək, qeyri-neft sektorunu ayağa qaldırmaq tapşırılıb.
Bu vəzifənin öhdəsindən gəlmək üçün ona Heydərovun resursları təslim edilir. Yaxın aylarda nazirin səlahiyyətlərinin də azaldılmasına şahid ola bilərik.
Onun tezliklə vəzifədən çıxarılması gözlənilməsə də, mərhələli şəkildə portfelsiz nazirə çevrilməsi siyasəti yürüdülür.
K.Heydərov axır illərə qədər Naxçıvan qruplaşmasının önəmli fiqurlarından biri olub.
Amma Naxçıvan Ali Məclis sədri Vasif Talıbov və başqaları ilə əlaqələri pisləşdiyi iddia edilən Kəmaləddin Heydərov Bakı klanının 8 Naxçıvan qanadına rəhbərlik edənlərdən biri imiş.
Amma onun düşərgəni dəyişməsi düşərli olmayıb və “fövqəlnazir”in xidmətlərindən yararlanan Bakı klanı tədricən onun əlindəki maliyyə resurslarını almağa başlayıb.
Artıq “Gilan” holdinqə aid müəssisələr, “Qafqaz” otelləri və s. biznes strukturları əlindən çıxan K.Heydərovun “Atropatena” süd və süd məhsulları istehsal edən zavodu da itirdiyi xəbərləri gəlməkdədir. İddialara görə, “Atena” brendi ilə istehsal edilən məhsulların şirkəti də artıq nazirə məxsus deyil.
Bu təhvil-təslim əməliyyatının davamında kifayət qədər müəssisələr var. Doğrudur, onun oğlanlarının biznesinə, xaricdəki obyektlərinə isə hələlik əl qoyulmayıb.
Amma bu gedişlə media güclərini itirəndən sonra biznes resursları da əldən çıxan Heydərovların Məmmədovlar kimi iqtidardan pilləli şəkildə gedəcəyi şübhə doğurmur.
Buna qədər isə hələ alınmalı müəssisələr var:
Dəri zavodunun Bakıda 1 obyekti
Dəri zavodunun Yevlaxda 2 obyekti
“Şirvan İnşaat” MMC (Ağdaş rayonu) 47 nəfər, 1 icarə obyekti
“Şirvan Nəqliyyat” MMC, Qobustan rayonu
“Şirvan Sənaye” MMC Qobustan rayonu
“Aqro-Azərinvest” MMC, 224 nəfər. Yevlax, Qəbələ, Samux və Göygöl rayonlarında icarə üzüm bağları, Qəbələdə istehsal və şərab sexləri
“Atlant-İnşaat” MMC
“Azer Yapı Market” MMC, 29 nəfər biri “Master Tibot” olmaqla Şüvəlanda və Xətai rayonunda iki ticarət obyekti
“Abşeron Taxıl” MMC, 27 nəfər, un və çörək istehsalı, taxıl anbarı
“Abşeron Ticarət” MMC
“Neptun -S” MMC, Xətai, Nəsimi və Nərimanov rayonları Bakıda olmaqla 9 mağaza və supermarket, 177 nəfər
“AY-NT” MMC,
Ağcabədi süd zavodu
Tovuz süd zavodu
Tərtər süd zavodu
Zaqatala süd zavodu
Qəbələ fındıq emalı zavodu
Bakı meyvə suları zavodu
Dəvəçi rayonunda içməli su mənbəyi
Jalə lomonad zavodu, Qəbələ rayonu
Bakı beton zavodu
Bakıda 2 makaron zavodu
Xanlar makaron fabriki
Bu siyahı nazirin biznesinin yarıdan da yarısıdır. Sadəcə, təsəvvür yaransın deyə bəzilərini təqdim elədik.
Heydərov nəhəng “ATA Holdinq” konqlomeratını idarə edir, o həmçinin “Caspian Fish Company”in sahibidir.
Gömrükdəki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkilər istehsalı və idxalında da güclü maraqları var, habelə Bakıda iri tütün fabriki də onun himayəsindədir.
Vaxtilə onun adı Baş nazir vəzifəsinə iddialılar arasında keçirdi. Bu gün isə F.Əliyevin baş nazir postuna gətiriləcəyi xəbərləri tirajlanır.
Görünən budur ki, hər şeyi olan nazir heç nəyi olan generala çevrilir. Markesin “Polkovnikə heç kim yazmır” povestindəki tale Heydərovu gözləməkdədir.
FHN şefinin xarici əlaqələri, oğlunun Londonda işləri hakimiyyəti bu ailəyə həssas yanaşmağa vadar edir.
Məsələn, «Sabah Planning & Development International» şirkətinin (Sabah PDI) hazırda Bakıda icra etdiyi 1,5 milyard dollarlıq Crescent Development investisiya layihəsindən başqa, ümumi dəyəri 7,4 milyard dollarlıq daha iki irimiqyaslı planı var.
Ofislərindən bir Birləşmiş Ərəb Əmirliklərində yerləşən, 2014-cü ildə Bakıda qurulan bu ilk şirkətin ilk direktoru fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov olub. Bu faktın özü bir çox qaranlıqlara mətləb salır…

Anaxeber.Az
Geri qayıt