Şəhid ailəsi görün, nədən narazılıq edir... - VİDEO

Şəhid ailəsi görün, nədən narazılıq edir... - VİDEO Bakıda fəaliyyət göstərən kafelərdən biri şəhid ailələrinin narazılığına səbəb olub. Belə ki, "Rəşid kiçik müəssisəsi" adı altında fəaliyyət göstərən kafe əvvəllər şəhidlərin xatirəsinə büst ucaldaraq fəaliyyətə başlasa da, sonradan həmin büstü uçurdublar. Bunu saytımıza açıqlamasında sözügedən kafeyə adı verilən şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov deyib. O bildirib ki, kafeni əmisi Məhərrəm Bağırov şərikli işlədir. Kafe ilk dəfə fəaliyyətə başlayanda şəhidlərin xatirəsinə büst və bulaq inşa olunsa da, bir müddət sonra uçurulub. Əvəzində restoranın sahəsini genişləndiriblər. Xəyal Bağırov əmisinin onun uşaq yaşlarından haqqını tapdaladığını, yaşadıqları yerdən qovduğunu deyib: "Ümumiyyətlə, mənim əmilərimlə münasibətim heç vaxt olmayıb. Xətai rayonu, Rəşid Bağırov küçəsində atamın adını daşıyan evimiz vardı. Atam rəhmətə gedəndən sonra bizi o evdən çıxarıb küçəyə atdılar. O zamanlar hələ altı yaşım vardı. Bununla bağlı anam heç yerə müraciət etməyib. Dayılarım bizə sahib çıxdı. Böyüdüm, öz işim, evim oldu. Sonradan bildim ki, həmin küçədə atamın adına müəssisə yaradıblar. Heç nə demədim, düşündüm qardaşıdır, atamın adını yaşatmaq istəyir. Çünki əvvəl İcra Hakimiyyətindən yer alanda şəhidin adına alıb, onun xatirəsini yaşatmaq istədiyini deyib. Elə də böyük ərazi deyildi, cəmi 24 kv metrlik idi. Orada şəhidlərin xatirəsinə büst və bulaq ucaltmışdılar. Ancaq sonra həmin büstü uçurdublar, bulağı isə əlavə masa kimi istifadə edirlər. Bunu biləndə gedib danışmaq istədim, məni polisə şikayət etdilər ki, obyektimə gəlib dava salır". X. Bağırovun sözlərinə görə, əmisi Məhərrəm Bağırov və şəriki Qurban Abbasov sonradan qanunsuz şəkildə kafenin ərazisini böyüdüblər: "Qurban Abbasov keçmiş İqtisad Məhkəməsinin hakimi olub. Əmimlə kafeni şərikli işlədirlər. Onun əli ilə kafenin ərazisini bir neçə dəfə qanunsuz şəkildə böyüdüblər. Şəhid adından istifadə etmək də onun ideyasıdır. Çünki bilirdilər ki, yalnız bununla icazə ala bilərlər. Elə də etdilər. Normal kafe kimi işlətsələr bir söz demərik. Amma gecələr ora əxlaqsızlıq yuvasına dönür. Şəhidlərin xatirəsinə kafe açıb onu əxlaqsız yer kimi istifadə etmək nə dərəcədə düzgündür? Bununla bağlı bir çox yerə müraciət etmişəm. Heç birinə baxılmayıb. Sonuncu dəfə Bakı Şəhər Baş Prokurorluğa müraciət etdim. Onlar müraciətimə baxdılar və həqiqətən təsdiq etdilər ki, orada şəhidlər üçün büst ucaldılıb, daha sonra uçurdulub". Şəhid oğlu kafenin sökülməsini və yerində şəhidlər üçün park salmaq istəyir: "Mənim o kafedə gözüm yoxdur. Şükür öz işim, imkanım yaxşıdır, ora ehtiyacım yoxdur. Mənim dərdim şəhidlərin adından istifadə edilməsidir. Onların xatirəsinə hörmətsizlik edilməsidir. Tək tələbim o müəssisə ləğv olunsun, yerində şəhidlərin xatirəsinə park salım. Bunu istəyirəm. Sonuna kimi də bunun üçün mübarizə aparacam. Bu mübarizədə də tək deyiləm. Neçə şəhid ailəsi mənimlədir. Onlar da tələb edir ki, həmin kafe sökülsün". Xəyal Bağırov onu da bildirib ki, atasının yaxınları əmisinin qardaşının adından istifadə etdiyini təsdiqləyib və bu işdə ona qarşıdılar: "Kiçik əmim Fikrət Bağırov da şərik olub həmin müəssisəyə. Sonradan aralarında narazılıq olub, ayrılıblar. Bu gün onunla və digər qohumlarımla münasibətim var. Hamısı təsdiq edir ki, Məhərrəm Bağırov Qurban Abbasovla əlbir olub şəhid adından istifadə edib, pul qazanırlar".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
PrimeTime.Az
Geri qayıt