Arif Alışanovun və ailəsinin milyonluq mülkləri üzə çıxdı - SİYAHI

Arif Alışanovun və ailəsinin milyonluq mülkləri üzə çıxdı - SİYAHI "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun 5 milyonluq daşınmaz əmlakının ortaya çıxdığını yazmışdıq. Cənab Alışanov 2009-cu ildən bəri aldığı əmlakları mənimsəmək məqsədilə həyatına sui-qəsd planı hazırlamaqda suçladığı Şücayət Əkbərovu bu ilin yanvarında həbsə atdırıb. Əkbərov istintaq materiallarında Alışanovun 4,6 milyon manatlıq əmlakını ələ keçirməkdə də ittiham edilir.

İlk baxışda Alışanovun belə bir rəsmi bəyanatda bulunduğuna adamın inanmağı gəlmir. Çünki 2005-ci ildə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” Qaydalarına görə prezident, Milli Məclisin sədri və bütün yüksək çinli məmurlarla yanaşı, dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri olan vəzifəli şəxslər də maliyyə xarakterli məlumatları Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim edirlər. Səhmləri 100 faiz dövlətə məxus olan "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri də yaxşı bilir ki, həmin pulun mənbəyini bir gün ondan soruşa bilərlər. Mexanizmin hələlik işə düşməməsi cənab Alışanovu arxayın salıb. Baxmayaraq ki, bunun üçün nə vaxtsa mütləq hesabat verməli olacaq.

Xatırlayırsınızsa, çox da uzaq olmayan keçmişdə sabiq MTN generallarının işi üzrə istintaq materialları mətbuata sızmışdı və həmin materiallarda ayrı-ayrı əməkdaşların adına onlarla əmlak siyahısı "bir məmurun bu qədər pulu ola bilməz”, dedirtmişdi. Əmlak siyahısı uzandıqca uzansa da, bəlli ki, adamların gözləri də doymurmuş. Arif Alışanovun ailəsinə aid mülkiyyət sənədləri də onun keçmiş MTN məmurlarından geri qalmadığını söyləməyə əsas verir. Yazdıqlarımızı faktlarla sadalayacağıq.

Nigar Əlişanova 20 hektar torpağı niyə və necə alıb?

Əlimizdə A.Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Kimdən və hansı qiymətə alındığı bilinmir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib. Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub. Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb. Sonuncu çıxarış isə bu ilin fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var. Bu, belə.

AzTV sədri qızı Aynura 35 hektar daşınmaz əmlak bağışlayıb

Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Nigarın da adına rayonun üç kəndində üst-üstə 34.81 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir.

Alışanov bacısı qızını da zənginlər sırasına qoşub

Alışanovun bacısı qızı Cəfərova Nilufər Vidadi qızının da adına rayonda 4 daşınmaz əmlak var (qeydiyyat ünvan Bakının Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi ev 126 A, mənzil 17). Alqı-satqı müqaviləsinin 1-i 2016-cı il dekabrın 3-də imzalanıb. Satıcı Almazova İlhamə Alxan qızıdır. Satış predmeti Şamaxı rayonu Çuxuryurd kəndindəki 2.1424 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1474.3 kv/m. təşkil edən daşınmaz əmlak kompleksidir. Satış qiyməti 80 min manat olub – 30 min manat torpaq sahəsi, 50 min manat da əmlak kompleksi üçündür. Müavilədə hansısa müəssisənin alışından söhbət gedir, adı qeyd olunmur. Satıcı İlhamə Namazovanın əvəzinə müqaviləni Şücayət Əkbərov, alıcı Nilufər Cəfərovanın əvəzinə isə Nigar Əlişanovanın sürücüsü Hacı Babayev müqaviləni imzalayıb. Buradan da H.Babayevin ailəyə yaxınlığı təsdiqlənir.

Digər 2 əmlakın alqı-satqısı bu ilin yanvar ayının 26-da aparılıb. Bu dəfə həbsdə olan Ş.Əkbərovun keçmiş həyat yoldaşı Sadıqova Səlimə Ənvər qızı əmlakını Nilufər Cəfərovaya "su qiyməti”nə satıb. Belə ki, S.Sadıqovaya məxsus Şamaxı rayonu Nağaraxana kəndində 0.11 ha torpaq sahəsində yerləşən 194.4 kv/m. fərdi yaşayış evi cəmi 28 min manata (25 min manat daşınmaz əmlak, 3 min manat torpaq sahəsi üçün) alınıb. Alqı-satqıda xanım özü iştirak etməyib, satıcı Sadıqovanı həmin vaxt nəyə görəsə Alışanovun yaxın qohumu, AzTV-də işləyən Nəbiyev Camal Qədim oğlu etibarnamə ilə təmsil edib. O gün Şamaxı rayonu Çuxuryurd kəndində S.Sadıqovaya məxsus 6.5429 ha torpaq sahəsi də cəmi 25 min manata N.Cəfərovanın mülkiyyətinə keçib. Burdan da cəmi 39.26 manat vergi tutulub. Səlimə xanımın əvəzinə yenə C.Nəbiyev müqaviləni imzalayıb.

Həbsdə olan adama hər şeyini "satdırdı”

Buradaca qeyd edək ki, Ş.Əkbərov bu ilin yanvarın 14-də həbs edilib və sözgedən müqavilə onun həbsindən 12 gün sonraya "təsadüf” edir. Bu alqı-satqının Əkbərovun həbsindən sonra baş tutması ortada bir zor tətbiq olunduğu qənaətini gücləndirir. Ən maraqlısı odur ki, "içəri”də olan Ş.Əkbərov da həmin gün Çuxuryurddakı 5.066 ha torpağını 25 min manta Nilufər xanıma "satıb”. Sənədlərin imzalanmasında S.Sadıqova və həbsdə olduğundan dolayı Ş.Əkbərov iştirak etməyib. Onları etibarnamə ilə Alışanovun qohumu C.Nəbiyev təmsil edib. Nilufər Cəfərovanın əvəzinə isə alqı-satqıda Elyasov Bəxtiyar Süleyman oğlu iştirak edib. Beləliklə, Alışanovun bacısı qızı N.Cəfərovanın da rayonda bütövlükdə 13.8613 ha torpağı, ümumi sahəsi 1668.7 kv/m. olan daşınmaz əmlak kompleksi və fərdi yaşayış evi var.

Keçmiş ərinə görə olan-qalanını əlindən aldılar

Səlimə xanım əmlakın onlardan zorla və əvəzsiz alındığını, sənəddə yazılan pulların üzünü görmədiyini söyləyir. Redaksiyaya yazdığı şikayət ərizəsində S.Sadıqova göstərir ki, AzTV QSC-nin İdarə Heyətinin sədri Arif Alışanov keçmiş əri Ş.Əkbərovu həbs etdirdikdən sonra ibtidai istintaqın ilkin mərhələsində prosessual qaydada sənədləşdirmə aparılmadan, təqsirləndirilən şəxslə nikahlarının 3 il əvvəl ləğv edilməsinə və ayrı təsərrüfatda olmalarına baxmayaraq ona, keçmiş əri və qohumlarına məxsus təxminən 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla aldıraraq, qızı Nigar və bacısı qızı Nilufərin mükiyyətinə keçirib. Həm də əvəzsiz olaraq.

S.Sadıqova: "Şamaxı rayonunun Nağaraxana kəndində mənə məxsus ev Alışanovun bacısı qızı Nilufərin Cəfərovanın adına keçirilib. Etibarnamə zorakılıqla alınaraq Alışanovun işçisi Camal Nəbiyevə verilib, bunun əsasında da Nilufərin vəkalətli nümayəndəsi Elyasov Bəxtiyarla AN-1 0604751 saylı, 13 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlayıb və mülk əvəzsiz olaraq Nilufərin adına keçirilib. Rayonun Çuxuryurd kəndində yenə mənə məxsus 6.5429 ha torpaq sahəsinə Nəbiyevin adına etibarnamə alınmaqla AN-1 0604720 saylı, 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb, bu torpaq sahəsi də əvəzsiz olaraq Cəfərovanın mülkiyyətinə verilib. Bundan başqa, 17 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında şəhərin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaqda ümumi sahəsi 200.6 kv/m. olan fərdi yaşayış evim də eyni qayda ilə Nilufərə ötürülüb. Yenə mənə bir qəpik ödənmədən”.

İstintaqın "xeyir-duası” ilə yağmalama

Sadıqovanın itkisi təkcə sadalananlarla bitməyib. Dediyinə görə, Alışanov yanvarın 17-də Şamaxı rayonundakı təsərüfatlarında onun mülküyyətində olan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinq müqaviləsinə əsasən alınmış kənd təsərrufatı texnikaları – AGS165 otbiçən (rotorlu); 5 gövdəli asma təkərl P5 kotan; LKS-FGWS yemqıran; LKS-FS 800 gübrəsəpən;” Lukas” stasionar elektrikli yemqarışdıran; 4 gövdəli təkərli p4 kotan; "Belarus-892” traktorunu da hər hansı bir sənədləşmə aparmadan, razılığı soruşulmadan mənimsəyib. S.Sadıqova: "Həmin texnikalar 9 aya yaxındır ki, A.Alışanovun Sabirabad, Zərdab və digər rayonlarındakı fermer təsərrüfatlarında istismar olunur. Bu yandan da "Aqrolizinq” tərəfindən mənə Pretenziya göndərərək 4455 manat ödəniş tələb edirlər. Daha sonra AzTV sədri fermer təsərrüfatımda olan 46 baş iri buynuzlu, 200 baş xırda buynuzlu heyvanı, 100-dən çox hinduşkanı, 300-ə yaxın- toyuq cücəni, anbarda olan tonlarla taxılımızı heç bir sənədləşmə aparmadan istintaqın "xeyir-duası” ilə açıq şəkildə talan edib”.

S.Sadlıqova deyir ki, bundan başqa, Zahirə Hüseynovanın Nağaraxana kəndindəki 5 ha torpaq sahəsi, Müsabi Namazovun rayonun Çuxuryurd kəndindəki ferması və Nağaraxanada olan evi Nilufərin adına keçirilib: "Daha sonra Şamaxı rayonun Mədrəsə kəndində yerləşən mülkün sahibi Aysel Şıxıyeva polis idarəsinə aparılıb, təzyiq altında atası Fazilin adına etibarnamə alınıb və sonuncu da mülkünü məcburiyyət qarşısında AN-1 0604747 saylı, 8 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Alışanovun qızı Nigar Əlişanovanın mülkiyyətinə verib. Şücayət Əkbərov 14 yanvar 2017-ci ildə həbs olunmasına baxmayaraq, bir neçə gün sonra Şamaxı rayon Polis Şöbəsinə aparılıb, notarius şöbəyə dəvət edilib, özünün dediyinə görə təzyiq və təhqir altında Şamaxının Çuxuryurd kəndindəki 5.066 ha torpaq sahəsi Alışanovun qohumu Camalın adına etibarnamə yazdırılaraq, yenə həmin qaydada Nilufərin mülkiyyətinə keçiriblər. Bununla bağlı AN-1 0604719 saylı 26 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur”.

Alışanovun qızlarının təkcə Şamaxıda 4 milyonluq əmlakı var

Emlak.az saytında Şamaxı rayonunda 100 kv/m. – yəni 1 sot torpaq sahəsinin qiyməti orta hesabla 2 min manat civarındadır. Misal üçün, rayonun özündə 200 sot kupçalı torpaq sahəsi bu ilin may ayında 400 min manata təklif olunub – sotu 2 min manat. Rayona çatmamış 20 ha meyvə bağı 300 minə satılır. Bir hektarı 15 min manatdan düşür. Sahə artıqca, qiymətin azaldığı hər kəsə məlumdur. Rayonun Pirqulu kəndində 7 hektar torpaq yarım milyon manata (hektarı 71 428 manat) təklif olunub. Daha bir elanla 478 sot torpaq 160 minə deyilib. Rayonun Çuxuryurd kəndində 75 sot 350 min (sotu 4 666 manat), Məlhəm kəndində 100 sot 250 min (sotu 2 500 manat), 300 sot 210 min (sotu 700 manat), 20 ha 250 min manat (hektarı 12 500 manat), Nağaraxana kəndində 32 sot torpaq 170 min (sotu 5 312 manat), Məlhəm kəndində 11 ha 1 milyon 760 min manat (hektarı 160 min), yenə Nağaraxana kəndində 12 sot 180 min (sotu 15 min manat), Çuxuryurdda 12 sot 195 min (sotu 16 250 manat), 66 sot 99 min (sotu 1500 manat), 48 sot 100 min (sotu 2 083 manat), 60 sot 220 min (sotu 3 666 manat), 4 ha 300 min (hektarı 75 min manat), Mədrəsədə 5 ha 250 min (hektarı 50 min manat), 1,5 ha 195 min (sotu 1300 manat), 2.2 ha 155 min (hektarı 70 454 manat), 20 sot 70 min manat (sotu 3 500 manat) olan kupçalı torpaqlar satılır. Bütün elanlar son üç ilə aiddir.

Alışanovun qızları iri torpaq sahələri aldıqları üçün biz də əsasən onlara uyğun olanlardan misal gətirməyə çalışdıq. Kiçik torpaq sahələri də kifayət qədər dəyərlidir. Çuxuryurd kəndində 12 sot torpaq 26 min manata satışa çıxarılıb – 1 sot torpaq 2200 manata təklif olunub. Nağaraxana kəndində 30 minə təklif olunan 15 sot torpaq da var. Yenə həmin kənddə 22 sot 35 min manata satışa çıxarılıb. Çuxuryurdda daha 6 sot 22 minə təklif olunub. Bu kimi faktlar xeylidir. Ucuz torpaqlar sənədsiz olanlardır. Alışanov ailəsi çıxarış aldığına görə, onlar hamısı sənədlidir. Fərz etsək ki, Şamaxıda 1 sot sənədli torpağın orta bazar qiyməti 1000 manatdır, 1 ha torpaq 100 min manat edər. Beləliklə, 69 ha torpağı Alışanovun ailəsi 6.9 milyon manata əldə etmiş olmalıdır. Lap heç orta qiymətlə də götürmürük, dəyər onun yarısı olsun – 100 kv/m.-i 500 manatdan hesablayaq. Belə çıxır ki, Alışanovun iki qızı və bacısı qızının adına təkcə Şamaxıda 3.5-4 milyon manatlıq daşınmaz əmlak var. Bu xanımların həmin vəsaiti haradan əldə etdiklərini soruşmaq əlbəttə vergi orqanlarının və Baş Prokurorluğun işidir. Çünki indi xərclənən pullar nə vaxtsa qazanılanda vergisi də ödənmiş olmalıdır. Yoxdursa, deməli aidiyyatı qurumlar korrupsiya riskini nəzərə almalıdırlar. "AzTV sədrinin qızlarında milyonlar haradandır”, – sualına gələcək araşdırmalarımızda biz də cavab axtaracağıq. Daha doğrusu, cavab bizdə var, yalnız faktları sadalamaq qalır.(gununsesi.info)

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Geri qayıt